Ana Sayfa > Karusel / Gündəm > Sülhməramlıları yaradanların əsas məqsədləri nədir?
Sülhməramlıları yaradanların əsas məqsədləri nədir?14-09-2021, 17:14. Yazar: Admin |
Bəşəriyyət və insanlıq yaranandan bu günə qədər minilliklərdir ki, dünyada eyni qaydalar hökm sürür, güclülər zəifləri əzməyə və onları parçalamq yolu ilə daha da zəiflədib idarə etməyə çalışırlar. Makedoniyalı İskəndərin, Yuli Sezarın, Atillanın, Çingiz xanın, Napoleonun və Hitlerin istəkləri ilə hazırda dünyada hökmranlıq uğrunda mübarizə aparanların istəkləri arasında heç bir fərq yoxdur. İdarə etdikləri ərazilərin miqyasını və insanların isə sayını artırmaqla daha çox böyümək istəyənlərin istəkləri və hədəfləri bu gün də eynidir, sadəcə bu məqsədə çatmaqda üsul və vasitələr dövrlərə uyğun yenilənməkdədir. Ancaq dəyişən və inkişaf edən bir şey də var ki, bu da plan və istəklərinə çatmaq istəyən bu cür böyük plan sahiblərinin mümkün olduqca əsas məqsədlərini son ana qədər pərdələməkləri ilə bağlıdır. Özlərinin əsas maraqlarını təmin etməyi və böyük planlarına nail olmağı daha az itkilər hesabına əldə etmək üçün bu pərdələmə prosesinin predmetləri kimi hazırkı dövrdə daha çox xoş səslənən terminlərdən və məfhumlardan istifadə edilir. Demokratiya, insan hüquqları və azadlıqları və sülh şüarları altında həmin güclər dünyanın istənilən nöqtəsinə girir və əsas məqsədlərini həyata keçirməyə çalışırlar. Qlobal səviyyədə aparılan məkrli oyunların ən uğurlu “silah”larından biri də “sülhməramlı missiya” adlı əslində məramı sülh deyil, odu söndürülmüş münaqişənin közünə üfürməklə onu sönməyə qoymayanlardır. Bəs sülhməramlılar kimlərdir və onların və ya onları yaradanların əsas məqsədləri nədir? Avazı çox xoş gələn “sülhməramlı missiya”nın anlayışı əslində ondan çox təhlükəli silah kimi istifadə edənlərin bəyan etdiyinə görə elə onların maraqlarına xidmət edən BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələrdir. Məqsədləri də guya ki, münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərməkdir. Bəs niyə o missiyaların hamısı demək olar ki, bütün dövlətlərin daxil olduğu təşkilat olan BMT mandatlı olmur? Ona görə ki, BMT-də də maraqlar toqquşur və bu missiyanı yaratmaqda əsas məqsədlərinin aşkarlanmasının qarşısını almaq üçün kimlərəsə göz yumulur. Ancaq bu cür gözyumma BMT mandatından kənar adlandırılır ki, lazım gələndə həmin missiyalar onun əsl inhisarçıları tərəfindən qeyri-qanuni elan edilə bilsin. Sülhməramlı missiyaların daşımalı olduğu əsas məqsədlərinə diqqət edək: Əslində bu missiya münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilməlidir. Onlar qərəzsiz və neytral olmalıdır və yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər. Sülhməramlıların başlıca vəzifəsi əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsidir. Missiya tərəfindən keçid dövrünün çətinlikliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına da dəstək göstərilməlidir. Dünyada təxminən iyirmi sülhməramlı missiya var ki, bunlardan nə BMT mandatlısı, nə də digər mandatlıları onlara müəyyən edilən fəaliyyətlə məşğul deyil və bu günə qədər qarşıya qoyulan məqsədlərə nail olmayıblar. Əlqərəz, bu missiyaları yaradan qüvvələrin əsas məqsədləri tam başqadır əslində. Deməli, əsas planın həyata keçirilməsi üçün “parçala və hökm sür siyasəti”nə uyğun ilk öncə, əvvəlcədən müəyyənləşdirilmiş xəritə üzrə münaqişə süni şəkildə yaradılır. Münaqişə tərəflərini tam zəiflədənə və gücdən salana qədər müharibə aparmaları üçün onlara milyardlarla dollar həcmində silahlar satılır. Sonra isə heç bir nəticəni hasil etməmələri tapşırılmış “vasitəçilik institut”ları yaradılır. Bu vasitəçilər də yalnız gərginliyi artırmaq və münaqişənin həllinə mane olmaq məqsədilə əllərindən gələni edirlər. Növbəti mərhələdə əgər prosesin gedişatı münaqişə müəlliflərinin planlaşdırdığına zidd irəliləyirsə, bu zaman tələsik olaraq “sülhməramlı missiya” təşkil edilir. Bu missiya da əslində sülhü deyil, elə o missiyanı yaradanlar tərəfindən zamanında yaradılmış münaqişənin son nəfəsində ona oksigen verməyə xidmət edir. Bəs bu bəllidirsə, niyə keçmiş münaqişə tərəfləri bundan imtina etmirlər? Ona görə ki, böyük siyasətə qarşı çıxıb edə bilmirlər. O münaqişəni yaradan və əvvəldən başlayaraq bütün prosesə nəzarəti öz üzərinə götürənlər buna heç bir vəchlə imkan vermirlər. Azərbaycanla Ermənistan arasında işğalçı Ermənistanın ərazilərimizə təcavüzü nəticəsində başlanan münaqişə qurulmuş planların ziddinə olaraq Azərbaycanın özü tərəfindən inanılmaz şəkildə həll olundu. Plan sahiblərinin ehtiyat variantı olaraq “sülhməramlı missiya”nın yerləşdirilməsi prosesi işə düşdü və dövlətimiz çox böyük oyunu və əsrlərin məkrli planını pozmasının bədəli kimi özünün şərtləri müqabilində də olsa buna razılıq verdi. Ancaq bizimlə yanaşı, bizə münaqişə “bəxş edənlər” də çox gözəl bilirlər ki, özünün ağıllı, məntiqli və uzaqgörən siyasəti və diplomatiyası ilə çox böyük planı pozan Azərbaycan Prezidenti İlham Əliyev onların “sülhməramlı oyunu”nu da istənilən an poza bilər. Əslində bu mərhələdə də Azərbaycan planı pozaraq onları parçaladı və qabaqcadan planlaşdırıldığı kimi Ermənistana açıq şəkildə tam dəstək nümayiş etdirən Fransanın və ABŞ-ın da sülhməramlılarını bu prosesdən kənarda saxladı. Proses davam edir və hazırkı mərhələdə də hamı öz siyasətini davam etdirməyə çalışır. Bütün siyasi fəlsəfələri bir-birinə zidd olsa da, regionumuzla bağlı məkrli siyasi düşüncələri uzlaşan plan quranlar özlərinin son nəfəsini verməkdə olan planlarını “süni nəfəs aparatı”na qoşmağa çalışır. Azərbaycan da öz növbəsində çox böyük sürətlə artıq son nəfəsini verməkdə olan qurumuş son münaqişə alaqlarını təmizləyib yerində gülüstan salmaqdadır. Bizə isə qalib xalq və cəmiyyət olaraq özünün dərin siyasi məntiqi, uzaqgörən diplomatik zəkası və kəskin dəmir yumruğu ilə artıq çox böyük antiazərbaycan xarakterli məkrli planı pozmuş Prezident İham Əliyevə bu mərhələdə də bütün varlığımızla inanmaqda və dəmir yumruq kimi onun ətrafında birləşməkdə davam etmək düşür. Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov Geri dön |