“Bakı Metropoliteni”nin keçmiş rəhbərinin aylıq 1.5-2 faizlə pul verdiyi iddia olunur
“Bakı Metropoliteni” QSC-nin keçmiş rəhbəri Tağı Əhmədovun adı külli miqdarda dələduzluqla bağlı cinayət işində hallanır.
Qarabaginfo.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu cinayət işi üzrə təqsirləndirilən şəxslər Tağı Əhmədovun sələmlə pul verdiyini iddia edirlər. Bu barədə onlar sentyabrın 10-da məhkəmədə də danışıblar.
Bu işdə üç nəfər təqsirləndirilən şəxs var: Qulu Muxtarov, Sahil Abuşov və Səadət Xəlilov.
Onlar CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham edilirlər.
Adları çəkilənlərdən yalnız Xəlilov həbsdədir, digər iki nəfər barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Bir nəfər – Soltan Əliyev isə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, təqsirləndirilənlər Əliyevin etibarından sui-istifadə edib, onun külli miqdarda pulunu alıb qaytarmayıblar.
Sentyabrın 10-da məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər bildiriblər ki, onlar pulu sələmlə götürüblər, buna görə aylıq faiz ödənilib. Sələmlə alınmış pullar isə Soltan Əliyevin yox, Tağı Əhmədovun olub.
Təqsirləndirilən Abuşov deyir ki, mərmər biznesilə məşğul olublar. Mərməri Qazaxıstandan, İrandan gətiriblər. Elə hallar olub ki, malın gətirilməsində və s. problem yaranıb:
"Mərmər işi üçün bizə verilən pulları Soltan müəllim Tağı müəllimdən götürürdü. Aylıq 1.5-2 faizlə. Üç dəfə ondan pul götürdük. Adətən Yasamalda YAP-ın binasının yanında götürürdük. Faizləri ödəyirdik…”
O, sələmlə 200 min, 950 min pul götürdüklərini yada salıb. Dediyinə görə, bəzən biznesdə yaranmış problemlər üzündən aylıq faizi ödəməkdə çətinlik çəkiblər. Ona görə digər təqsirləndirilən Qulu Muxtarov qiymətli daşı girov qoyub ki, əlavə pul götürsünlər.
Təqsirləndirilən Muxtarov deyir ki, qiymətli daş Əli adlı dostuna məxsus olub. Həmin dostunun da müalicəsinə görə böyük məbləğdə pula ehtiyacı olub, bu üzdən həmin daşı satmaq istəyib:
“Səadət müəllimi Keşlədə zavodda işləyəndən tanıyıram, dostluq edirdik, arada bulvarda gəzişirdik. Bilirdim ki, xaricdən mərmər gətirir. O, mənə demişdi ki, Soltan adlı tanışı var, Tağı Əhmədovun dostudur, bizə pul verəcək, böyük işlər görəcəyik. Əli daşı satmaq istəyəndə onları əlaqələndirdim. Daşı Səadət müəllimə verdim ki, onu satsınlar”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, daşın 1 milyon qiyməti vardı. Səadət Xəlilovgil daşı girov qoyub, pul götürüblər, daşın sahibinə ilkin olaraq, 350 min manat pul verilib, 650 min borclu qalıblar:
“Girov qoyub pul götürürdülər, sonra onu satacaqdılar. Daş 1 milyona satılmalıydı. Amma daşın sonrakı aqibətindən mənim xəbərim olmadı. Mən arada ofisdə Səadət müəllim və Soltanın söhbətlərini eşidirdim, ondan bilirdim ki, Tağı Əhmədovun faizlərini gecikdirirlər deyəsən. Amma mənim bu məsələlərə aidiyyətim olmayıb”.
Muxtarov vaxtilə Bakı şəhər Baş Polis İdarəsində işləyib, bir müddət öncə təqaüdə çıxıb.
Növbəti məhkəmə iclasında zərərçəkmiş Soltan Əliyev dindiriləcək.
CM-in 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
73-yaşlı Tağı Əhmədov 1998-2014-cü illərdə “Bakı Metropoliteni”nin rəisi vəzifəsində çalışıb.
Uzun illər YAP-ın Yasamal rayon təşkilatına rəhbərlik edən Əhmədov sentyabrın 10-da bu vəzifədən azad edilib.