Ana Sayfa > Karusel / Qarabağ > İran son 1 ayda 58 maşınla Xankəndiyə qaçaqmalçılıq yolu ilə naməlum yüklər göndərib

İran son 1 ayda 58 maşınla Xankəndiyə qaçaqmalçılıq yolu ilə naməlum yüklər göndərib


11-09-2021, 15:52. Yazar: Admin

İran son 1 ayda 58 maşınla Xankəndiyə qaçaqmalçılıq yolu ilə naməlum yüklər göndərib

 

İran Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qaçaqmalçılıq yolu ilə naməlum yüklərin daşınmasını davam etdirir.

Qarabaginfo.az xəbər verir ki, son günlər qonşu ölkənin qeyri-qanuni əməllərini təsdiqləyən yeni faktlar ortaya çıxıb.

Məlum olub ki, bu ilin avqustunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizə rəsmi Bakının icazəsi olmadan, qeyri-qanuni olaraq xeyli sayta İran yük maşını keçib.

İyulun 11-dən avqustun 8-nə kimi 35 İran yük maşını (4 yük avtomobili, 31 benzindaşıyan) cəmi 70 dəfə Laçın dəhlizindən keçib və geri qayıdıb.

Azərbaycan ərazilərinin İran maşınlarının digər qeyri-qanuni gediş-gəlişlərin də tarixi məlumdur – 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31 iyul, 3, 4, 5, 6, 7 avqust.

Avqustun 11-də Azərbaycan XİN İran səfiri Seyid Abbas Musəvini dəvət edərək, qonşu ölkənin Azərbaycana qarşı yol verdiyi əməllərdən rəsmi Bakının narahatlığını çatdırmışdı.

“11 avqust 2021-ci il tarixində İran İslam Respublikasının ölkəmizdəki səfiri XİN-ə dəvət olunub. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib.

Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub.

Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb.

Görüş zamanı, bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub”, - deyə XİN-in açıqlamasında bildirilib.

Lakin İran tərəfinə etiraz notasının təqdim olunmasından bir ay keçməsinə baxmayaraq, qonşu ölkə qeyri-qanuni əməllərindən çəkinməyib.

İran Bakının sərt etirazını nəzərə almayaraq, Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni yollarla yük avtomobilləri göndərməyi davam etdirir. Bunu təsdiqləyən foto və digər faktlar mövcuddur.

Məlum olub ki, avqustun 11-dən sentyabrın 10-dək İran qaçaqmalçılıq yolu ilə Xankəndiyə 58 yük avtomobili göndərib. Maşınların əksəriyyəti yanacaq-sürtgü materialı daşıyıb. Maşınların 55-i geri qayıdıb.

İranlıların və ermənilərin Qarabağa gedərkən müxtəlif hiylələrə əl atdığı da məlum olub. Müəyyənləşdirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına yaxınlaşanda avtomobillərin nömrə nişanı erməni nömrə nişanı ilə dəyişdirilir. Məqsəd Xankəndiyə gedən İran maşınlarının sayını gizlətməkdir.

Qeyd edək ki, rəsmi Bakının əlində İranın qaçaqmalçılıq yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə naməlum yüklər daşıdığını təsdiqləyən təkzibedilməz faktlar var. Bakının sərt reaksiyasına, kəskin etiraz notasına baxmayaraq, İran qonşuya yaraşmayan, qeyri-qanuni əməllərini davam etdirir.

İranın bu kimi əməlləri heç də yeni deyil. Adını qonşu qoymuş ölkənin 30 illik işğal dövründə Azərbaycan ərazilərində hansı hərəkətlərə yol verdiyini təsdiqləyən xeyli fakt var.

Dünyanın nüfuzlu KİV-i, o cümlədən “The Economist” vaxtilə yazırdı ki, iranlılar işğal illərində erməni vandallarının Qarabağda dağıtdığı hər şeyi – daşları, kərpicləri, evlərin damını, boruları, hətta azərbaycanlıların məişət əşyalarını belə fəal şəkildə alırdılar.

Lazın dəhlizinin ovcumuzun içində olduğu bir vaxtda bu gün belə iranlılar Qarabağa yanacaq-sürtgü materialları daşıyırsa, bu o demək deyilmi ki, hərbi əməliyyatlar zamanı erməni tankları məhz İran yanacağı ilə hərəkət edirmiş?

Diqqət çəkən digər məqam İranın Ermənistana həm də siyasi dəstəyini davam etdirməsi və artırmasıdır.

Bu il avqustun əvvəlində İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri heç bir zərurət olmadan Ermənistanın Azərbaycanla sərhədinə səfər etmişdi. Azərbaycan torpaqlarını 30 il ərzində işğal edən və bugünlərdə də türk - müsəlman xalqına qarşı düşmənçilik edən Ermənistan ordusunun generallarının müşayiəti ilə Qeqarkunik bölgəsinə səfər edən iranlı səfir Azərbaycan və Ermənistan sərhədində baş verənlərlə bağlı narahatlığını bildirmiş, son toqquşmalarda ölən erməni hərbçilərin ailələrinə başsağlığı vermişdi. Adını diplomat qoyan, Azərbaycanın dostu olduğunu hər addımda bəyan edən ölkənin səfiri həmin vaxt erməni hərbçilərlə birgə səngərdən Azərbaycan Ordusunun mövqelərini durbinlə müşahidə etmişdi. İndiyədək diplomatiya tarixində bundan ayıb bir şey çətin ki, baş vermiş olsun.

Bununla yanaşı, İran rəsmilərinin İkinci Qarabağ müharibəsindən sonra səsləndirdiyi “Ermənistan sərhədlərinin toxunulmazlığı bizim “qırmızı xəttimizdir” bəyanatı da yaxşı xatirimizdədir.

Azərbaycan xalqı Vətən müharibəsinin gedişində İrandan Ermənistana hərbi təyinatlı yüklərin, hərbi texnikanın göndərildiyini də yaxşı xatırlayır. Rəsmi Tehran hər nə qədər bunları etiraf etmək istəməsə də, faktlar və yayılmış görüntülər qarşısında daim aciz duruma düşür.

Bu gün baş verənlərdə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının da məsuliyyəti az deyil. Çünki iranlılar və ermənilər bu qeyri-qanuni əməllərim məhz onların gözü qarşısında törədir. Burdan belə nəticə çıxır ki, ya Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarəti həyata keçirə bilmir, ya da İran maşınlarının naməlum yükləri qeyri-qanuni şəkildə Qarabağa daşımasına bilərəkdən imkan yaradır, bütün bunların onların razılığı ilə baş verir.

Rusiya sülhməramlılarının buna müəyyən pullar qarşılığında şərait yaratdığı ehtimalı da az deyil.

Azərbaycan tərəfi hər şeyi görür, baş verən hər şey barədə məlumatlıdır. Hər şey sənədləşdirilir və müvafiq nəticələrə çıxarılır. Həm Rusiya sülhməramlıları, həm də İran tərəfi bunu diqqətdən qaçırmamalıdır. İran şirkətinin Şuşada Yuxarı Gövhər Ağa məscidini təmir adı ilə fars məscidinə çevirməsi, rəsmi Tehranın isə Azərbaycanın etirazları qarşısında bunu həyasızcasına inkar etməsi dövrü arxada qalıb.

Bu gün Azərbaycan hər şeyi görür, hər şeyə nəzarət edir.

İranın təqdim olunmuş faktları necə izah edəcəyi, Azərbaycan xalqına necə cavab verəcəyi maraqlıdır.


Geri dön