Ana Sayfa > Karusel / Siyasət > Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib - FOTO
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib - FOTO9-09-2021, 20:58. Yazar: Admin |
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri polkovnik-leytenant Həmdəm Mail oğlu Ağayev və baş leytenant Adil Asəm oğlu İbrahimlinin doğum günləri münasibətilə xatirə tədbirləri keçirilib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Milli Məclisin, Müdafiə Nazirliyinin, Xəzər və Ağdam rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhidlərin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər, ictimaiyyət nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarının önünə əklil, çələnglər qoyaraq onların xatirəsini ehtiramla yad ediblər. Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub. Polkovnik Abdulla Qurbani hər iki hərbi qulluqçunun qısa, lakin şərəfli, hər bir gənc üçün örnək olan ömür yollarından, Azərbaycan Ordusunda nümunəvi hərbi xidmətlərindən, eləcə də Vətən müharibəsi cəbhələrində hərbi əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açıb, onların ölümlərindən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edilib ki, Həmdəm Ağayev 1975-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub (Sırxavənd kəndi indi Ağdam rayonunun ərazi vahidinə daxil edilib). 1992-ci ildə kənd orta məktəbini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmət keçib və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. İndiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edərək briqada komandirinin müavini vəzifəsinə və “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsinin ilk günündən Füzuli rayonunun yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edərək yüksək peşəkarlıq və şücaət nümunələri göstərib. 4 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenant Həmdəm Ağayev ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Polkovnik A.Qurbani bildirib ki, Adil İbrahimli 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır. 2011-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, 2016-cı ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edib və ona 2018-ci ildə “baş leytenant” hərbi rütbəsi verilib. Vətən müharibəsinin ilk günündən Kəlbəcər, Xocavənd, Şuşa uğrunda döyüşlər zamanı xüsusi əməliyyatlarda fəal iştirak edib, şəxsi rəşadət və şücaət nümunələri göstərib. Sağlığında iki döyüş medalı ilə təltif olunun gənc zabitə ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Adil İbrahimlinin qayını leytenant Qəmbərli Elton Baba oğlu da Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn zabitlərimizdəndir. Milli Məclisin vitse-spikeri Adil Əliyev Vətənə layiqli övladlar tərbiyə etdiklərinə görə şəhidlərin valideynlərinə bir daha minnətdarlıq edib və nə qədər Azərbaycan var, qədirbilən Azərbaycan xalqı var onların adlarının əbədi yaşayacağına, xatirələrinin əziz tutulacağına əminliyini bildirib. Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da şəhid ailələrinin, o cümlədən müharibə qazilərinin daim diqqətdə saxlanıldığını və bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Vətən Müharibəsi Qəhrəmanı şəhid Adil İbrahimlinin atası Asəm İbrahimov və şəhid polkovnik-leytenant Həmdəm Ağayevin bu gün də Azərbaycan Ordusunda xidmət edən qardaşı polkovnik-leytenant Mübariz Ağayev şəhidlərə və şəhid ailələrinə göstərilən ehtirama, diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə nazirliyinin rəhbərliyinə və bütün ziyarətçilərə minnətdarlıqlarını bildiriblər. Xatirə mərasimi hərbi orkestrin ifa etdiyi “Qələbə Marşı”nın sədaları başa çatıb. İkinci Şəhidlər xiyabanında keçirilən tədbirdən sonra şəhid Həmdəm Ağayevin yaşadığı binanın həyətində “Şəhid Həmdəm bulağı”nın təntənəli açılışı olub. Geri dön |