Ana Sayfa > Karusel / Gündəm > Bu il yol-nəqliyyat hadisələrində 190 nəfər həlak olub, 267 nəfər xəsarət alıb
Bu il yol-nəqliyyat hadisələrində 190 nəfər həlak olub, 267 nəfər xəsarət alıb9-09-2021, 14:19. Yazar: Admin |
“Aparılan təhlillər göstərir ki, cari ilin 8 ayı ərzində respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin 41%-ni piyadaların vurulması təşkil edib, nəticədə 190 nəfər həlak olub, 267 nəfər isə xəsarət alıb”. Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciətində bildirilib. Qeyd olunub ki, Bakı şəhəri üzrə qeydə alınan qəzaların isə daha çoxunu, yəni 56,4%-ni piyada vurma hadisələri təşkil etmişdir ki, bu da 80 nəfərin həyatına son qoyub, 107 nəfərin yaralanmasına səbəb olub. “Göstərilən rəqəmləri formalaşdıran qəzaların təhlili məsələyə fərqli baxmağı zəruri edir. Məsələ ondadır ki, ümumilikdə piyada vurma hadisələrinin 90%-dən çoxu məhz piyada keçidlərindən kənarda baş verib. Yol hərəkəti iştirakçılarının böyük bir hissəsini təşkil edən piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçməsi hələ də özlərinin və başqalarının həyat və sağlamlığına qarşı biganəliyin hökm sürdüyündən xəbər verir”. Müraciətdə bildirilib ki, piyada keçidlərində onların vurulması az hallarda qeydə alınıb. “Lakin, öz təhlükəsizliyinin etibarlı təmin olunması üçün istər nizamlanan, istərsə də nizamlanmayan piyada keçidlərindən istifadə edən piyadalar belə, yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra biləcəyini nəzərə almalı, bir sözlə, tam diqqətli olmalıdırlar. Qeyd edək ki, təcrübədə piyadaların təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisələrinin araşdırılması heç də asan olmur. Sürücülər adətən qəza zamanı sığorta ödənişinin həyata keçirilməsi, eyni zamanda bu halın daha ciddi məsuliyyətə səbəb olduğunu bildikləri üçün hadisə yerindən yayınmaqda maraqlı olmurlar. Amma çox vaxt sürücülər qəzanın baş verməsinə bilavasitə şərait yaradan piyadaları sadəcə məzəmmət etməklə kifayətlənir, onların hadisə yerindən yayınmasının qarşısını almağa və hüquqi məsuliyyətə cəlb olunmasına cəhd göstərmirlər”. Piyadalar isə yanlış olaraq düşünür ki, onların təqsiri üzündən baş vermiş istənilən yol-nəqliyyat hadisəsi zamanı maksimum 20 və ya 40 manat məbləğində cərimə oluna bilərlər: “Lakin hərəkət iştirakçılarının, xüsusilə də piyadaların diqqətinə çatdırmaq istərdik ki, qanunvericiliyin tələbinə əsasən əgər hər hansı yol qəzası piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, artıq o, cinayət məsuliyyətinə cəlb olunacaq”. Qeyd olunub ki, bir qrup insan hansısa yol sahəsində piyada keçidlərinin olmamasından şikayət etdiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin demək olar istifadəsiz qaldığının şahidi oluruq: “Bu isə onu deməyə əsas verir ki, piyadaların yol hərəkəti qaydalarına riayət etməsi yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, yol hərəkəti mədəniyyətinə və ictimai davranış vərdişlərinə daha çox bağlıdır. Ona görə də yol hərəkəti qaydalarına əməl edilməsinin insan həyatı üçün əhəmiyyəti fərdlərə erkən yaşlarından aşılanmalı, mövcud tələblərin qeyri-şərtsiz, adi həyat norması kimi qəbul edilməsi təbliğ olunmalı və bu istiqamətdə ictimai şüur formalaşmalıdır”. DYP qarşıdan payız-qış mövsümünün gəlməsini nəzərə alaraq, bir daha piyadalara müraciət edərək, küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyə, məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmağa, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməməyə, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən, həmçinin qəflətən avtomobil yoluna çıxmamağa, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirməyə, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlamağa çağırır. Geri dön |