Ana Sayfa > Karusel / Hadisə > Deputatın oğlunun binasında qarşıdurma - İcra Hakimiyyəti “yox” desə də, şirkət tikir

Deputatın oğlunun binasında qarşıdurma - İcra Hakimiyyəti “yox” desə də, şirkət tikir


8-09-2021, 11:23. Yazar: Admin

Bakı şəhər sakini Nəsir Məmmədli Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi: 42-də yerləşən evlərinə söküntü prosesi zamanı “Dönüş-1 MMC” tərəfindən zərər verildiyini iddia edir.

Qarabaginfo xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən N. Məmmədli qeyd edib ki, 2017-ci ildə evlərinin yanında adıçəkilən şirkət bina tikməyə başlayıb: “Birinci binanı özbaşınalıqla tikdilər. İndi də ikinci binanı tikmək istəyirlər. Ərazidə olan evləri sökürlər. Evlərin söküntüsü zamanı bizim 16 və 19 nömrəli mənzillərimizə ciddi zərər veriblər. Bizə bitişik evləri buldozerlə sökdülər. Evin divarlarında çatlar əmələ gəlib, döşəmə aşağı düşüb. Məndən icazəsiz evimə zərər vurduğuna görə şirkət tərəfindən ədalətli kompensasiya verilməsini tələb edirik. Bundan əlavə də bizə güc göstərirlər. Səbail İcra Hakimiyyətindən də gəlib dedilər ki, işi dayandırmaq lazımdır”.

Vətəndaşın iddiasına əsasən, MMC-nin sahibi deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadədir: "Mən özüm 2 il bundan qabaq şəxsən iki dəfə Orxan Quluzadə ilə üzbəüz danışmışam. Evimi sökməklə bağlı mənlə danışıb, ancaq evə dəyər-dəyməz qiymət qoyub. Mən də razı olmamışam. Orxan Quluzadənin özü tez-tez tikinti gedən yerə baş çəkir. Qonşular da onu görüblər. Əlimdə videofakt da var. 005 seriyalı maşınlarla bir neçə dəfə əraziyə gəliblər. Qeyd edim ki, mən prokuror deyiləm, heç kimi də şantaj etmirəm. Evim qəzalı vəziyyətdədir. O evdə ailə üzvlərimdən bir nəfər xəsarət alsa, mənə milyardlar da versələr qane olmayacağam. Bütün lazımi orqanlara müraciət edəcəyəm. Evimi yaşanmaz hala gətiriblər”.

“Qafqazinfo” sözügedən məsələ ilə bağlı “Dönüş-1 MMC”nin satış üzrə meneceri Həbib Məmmədovla əlaqə saxlayıb. O, Nəsir Məmmədlinin evinə zərər vurmadıqlarını bildirib: "Hər şey yerindədir. İstəsəniz gəlib yerindəcə tanış ola bilərsiniz. Onun evi 200 il qabaq tikilib. Biz ona yaxın məsafədə yerləşən evləri əllə sökdürmüşük ki, divara zərər dəyməsin. Ekskavator ona aid olmayan bir yerdə işləyib. Həmin şəxs prokuror olduğunu deyir, bizi həbslə hədələyir.

Deyir ki, mənə 600-700 min manat kompensasiya verməlisiniz. Bayılda söküntü gedən evlərdə yarım milyona ev olar?! Bu evə gəlib kənardan baxanlar 30 min manat pul verərlər. Bir ev də dayısının evidir, yan-yanadır. Heç birinə müdaxilə etmirik". 

Şirkətin Ülvi Quliyevin oğluna məxsus olmasına gəlincə, Həbib Məmmədov bu iddianı da təkzib edib: "Obyektin sahibi tamam başqa adamdır. Əvvəl başqa bir deputatın adını çəkirdilər, indi də ayrı bir deputatın adını çəkirlər”. 

H. Məmmədovun sözlərinə görə, şirkət tikintini Səbail rayon İcra Hakimiyyətinin yazılı sərəncamına əsasən həyata keçirir: “Əgər binanın tikilməməsi ilə bağlı hər hansı yazılı sərəncam varsa, gətirib göstərin biz dayandıraq. Bizim işimiz pilot layihədir. Hələ evlərin söküntü işləri gedir. Axı camaat gözləyir ki, bina tikilsin onlara ev verək. Hərəsi bir yerdə kirayə qalırlar. Hər gün sakinlər bizdən soruşur ki, nə vaxt bina tikiləcək?!” 

Mövzu ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, vətəndaş Məmmədli Nəsir Oruc oğlu Səbail rayonu, Bayıl yaşayış sahəsi, Qurban Abbasov küçəsi 42 ünvanında “Dönüş-1” MMC tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə müraciəti ilə əlaqədar Rayon İcra Hakimiyyətində qəbul edilərək dinlənilib və sözügedən ünvana yerində baxış keçirilib: "Məlumat üçün bildiririk ki, sözügedən tikinti şirkəti tərəfindən aparılan işlərin dayandırılması ilə əlaqədar aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanıb. Eyni zamanda, tikinti işlərinin dayandırılması və qanunamüvafiq qaydada tədbirlərin görülməsi məqsədilə “Dönüş-1” MMC-yə tərəfimizdən rəsmi müraciət edilib".

İddialarla bağlı yazıda adı keçən deputat Ülvi Quliyevlə də əlaqə saxlasaq da, onun mövqeyini öyrənmək mümkün olmayıb.

 


Geri dön