Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan və Türkiyə narkotikə qarşı birgə mübarizə aparacaq
Azərbaycan və Türkiyə narkotikə qarşı birgə mübarizə aparacaq7-09-2021, 16:33. Yazar: Admin |
Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində Türkiyənin Ticarət Nazirliyi Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin əməkdaşları ilə görüş keçirilib. Qarabaginfo.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general mayoru Məsum Rəsulov, TürkiyəninTicarət Nazirliyi Gömrük Hüquq Mühafizə Baş İdarəsinin rəisi Murat Yaman, eləcə də digər səlahiyyətli şəxslər iştirak ediblər. Görüşün keçirilməsində məqsəd Azərbaycan və Türkiyə gömrük orqanları arasında əlaqələrin səmərəli təşkili üçün birgə işçi qrupun yaradılması, mövcud və gələcək əməkdaşlıq imkanlarının müzakirə edilməsi olub. Qonaqları salamlayan DGK Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov iki qardaş ölkənin gömrük qurumları arasındakı əlaqələrdən bəhs edib, Azərbaycan gömrük xidmətində tətbiq edilən yeniliklər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, birgə təlimlərin təşkili narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hər iki tərəf üçün faydalı ola bilər. Görüşə görə minnətdarlığını ifadə edən Türkiyə Respublikasının Ticarət Nazirliyi Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin rəisi Murat Yaman iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib. Qeyd edək ki, Türkiyə və Azərbaycan gömrük orqanlarının əməliyyat idarələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi, kinoloji xidmətlər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması müvafiq razılaşmada öz əksini tapıb. Xatırladaq ki, qardaş ölkənin nümayəndə heyətinin səfəri sentyabrın 10-dək davam edəcək.
Geri dön |