Ana Sayfa > Karusel / Qarabağ > Ağdərə-Kəlbəcər yolu açıldı... -29 il öncə - Amma...

Ağdərə-Kəlbəcər yolu açıldı... -29 il öncə - Amma...


4-09-2021, 20:51. Yazar: Admin
Ağdərə-Kəlbəcər yolu açıldı... -29 il öncə - Amma...
Qarabağ məsələsinin həllində keçmişdə buraxdığımız səhv, xəta və günahlardan nəticə çıxarıb, sonra gələcəyə baxmaq borcumuzdur...” 
Səhv etmiriksə, 29 il öncə bu gün - 4 sentyabr 1992-ci ildə Azərbaycan ordusunun genişmiqyaslı hücum əməliyyatları nəticəsində Tərtər-Ağdərə-Kəlbəcər yolu açılıb...  Amma  hələ indi də - 44 günlük müzəffər savaşımızdakı qələbəmizdən 10 aya yaxın zaman keçməsinə rəğmən  Tərtər-Ağdərə-Kəlbəcər yolunu getmək nəinki adi Azərbaycan vətəndaşları, eləcə də hərbçilər və rəsmilərimiz üçün də problemdir. Həmin yolu nadir hallarda Rusiya hərbi kontingentinin müşayiəti ilə Azərbaycan hərbçiləri, yaxud tikinti və ərzaq daşıyan yük avtomobilləri gedir.  Ermənilər isə Kəlbəcərin, Tərtərin hələ yaşadıqları kəndlərimizdə  həmin maşınların qarşısını kəsərək etiraz edirlər... Odur ki, Murovdağından tunellər açmaqla alternativ bahalı Toğanalı-Kəlbəcər yolu çəkilməsinə qərar verilib.  Hələlik isə biz Kəlbəcərə Toğanalıdan dəniz səviyyəsindən 3500 metrədək  yüksəkliklərdən keçən köhnə və çətin yolu getmək məcburiyyətindəyik... 
1992-ci ilin sentyabrında isə  daha qısa və relyef baxımından asan Tərtər-Ağdərə-Kəlbəcər yolu o dövrdə yeni yaradılan Milli Ordumuzun, polis, “OMON” və könüllü hərbi birləşmələrin  iştirakıyla keçirilmiş Ağdərə əməliyyatı nəticəsində azad olundu. Bəhs edilən yol  demək olar ki, 1989-cu ilin yayından bağlı olub. Çünki həmin dövrdən başlayaraq erməni terrorçuları o yolla hərəkət edən soydaşlarımıza qətllərlə müşayiət olunan hücumlar təşkil edirdilər. Kəlbəcər yolu açıldıqdan sonra o vaxtkı Prezident Əbülfəz Elçibəy və Daxili İşlər naziri İsgəndər Həmidov Kəlbəcər rayon mərkəzinə yollanaraq yerli sakinlərlə görüş keçiriblər...  
Qeyd edək ki, 1992-ci il mayın 15-dən -1993-cü ilin iyunun 17-dək hakimiyyətdə olan AXC-nin iqtidara yiyələnməsi ərəfəsində Xocalı, Şuşa və Laçın, hakimiyyətdə olduqları dövrdə isə, yəni 1993-cü ilin mart-aprelində Kəlbəcər rayonu işğal olunsa da, həmin bir ilə yaxın dövrdə Azərbaycan ordusu kifayət qədər uğurlu əməliyyatlar da keçirib. Bəhs etdiyimiz Ağdərə əməliyyatıyla paralel olaraq  1992-ci ilin iyun-oktyabr ayları ərzində Kəlbəcər və Qubadlı  istiqamətlərindən təşkil edilmiş hücumlar nəticəsində Laçın  rayonunun əksər kəndləri işğaldan azad edilib.  Robert Köçəryanın da etiraf etdiyinə görə,  AXC iqtidarının yay-payız hücum kampaniyası nəticəsində keçmiş Dağlıq Qarabağ ərazisinin 48 faizi Azərbaycanın birbaşa nəzarətinə keçib. Yəni həmin dövrdə Xocalı, Şuşa  rayonları, Laçın şəhəri və ətraf kəndlər ermənilərin əlində olsa da, hazırda rəsmən Kəlbəcər, Tərtər və Ağdam rayonları ərazisinə aid olan, lakin Rusiya hərbi kontingenti və dolayısıyla Ermənistan, eləcə də separatçı erməni rejiminin nəzarətində qalan keçmiş Ağdərə rayonunun Ağdərə şəhəri  də daxil olmaqla əksər hissəsi Milli Ordumuzun əlində olub...  
Burada iki məqama diqqət etmək gərəkdir. Ağdərə və Laçın əməliyyatlarının uğurlu keçməsində həmin vaxt döyüşən Azərbaycan və oğul qızlarının qeyrəti və fədakarlığıyla yanaşı, Rusiya siyasi rəhbərliyinin loyal münasibəti və Azərbaycandan hələ tam çıxarılmamış Rusiya  ordusunun Moskvadakı və yerli komandanlığının tanışlıq, pul və hədiyyələr müqabilində Milli Ordumuza texniki və taktiki dəstəyi də böyük rol oynayıb. Müdafiə naziri Rəhim Qazıyevin özünün etiraf etdiyi və bir sıra mənbələrin təsdiqlədiyinə görə, onun Rusiyanın Müdafiə naziri Pavel Qraçovla şəxsi dostluğu, eləcə də Gəncədəki 104-cü hava-desant diviziyasının komandiri general Şerbak və  328-ci paraşüt alayının komandiri mayor Vladimir Şamanova çatdırdığı pul və qiymətli həddiyyələr böyük sayda hərbi texnikanın Azərbaycan ordusunun ixtiyarına verilməsi ilə və rus hərbçilərin ordumuza  xüsusən havadan dəstəyi ilə nəticələnib...
İkinci məqam ondan ibarətdir ki,  1992-ci ilin oktyabrın ortalarından  başlayaraq həm Laçın, həm də Ağdərə-Xankəndi istiqamətində Azərbaycan ordusu Ermənistan ordusunun həmlələri qarşısında geri çəkilməyə başladı.  Bu silsilə məğlubiyyətlər isə sonda 1993-cü ilin əvvəllindən başlayaraq nəinki  bəhs etdiyimiz Tərtər-Ağdərə-Kəlbəcər  yolunun, eyni zamanda bütövlükdə Kəlbəcər rayonunun  və Laçın rayonunun əksər hissəsinin də ermənilərin əlinə keçməsinə səbəb oldu... Və bu məğlubiyyətlərin əsas səbəbləri Rusiyanın çoxüzlülüyü, eləcə də onun ölkəmizdəki iki əsrlik kəşfiyyat agentura, yəni o zamankı “KQB”-“QRU”  şəbəkəsinin böyük dəstəyi ilə yerli klanların hakimiyyət uğrunda qızğın mübarizəsi, eyni zamanda gənc dövlətin başında duranların öz aralarında dil tapa bilməməsinin ölkənin və ayrıca ordunun idarəçiliyində yaratdığı xaos, həmçinin, Azərbaycan dövlətinin siyasi, iqtisadi cəhətdən çox zəifliyi oldu... 
 
“Erməni ordusunun Azərbaycan ordusuna qarşı müdafiə xətti qurmağına mane olan bir digər amil isə paytaxt Xankəndiyə kütləvi şəkildə köçən qaçqın dalğası idi. Onları dayandırmaq və Xankəndinin müdafiəsini təşkil etmək üçün bir yol yox idi. Bu şərtlər altında Dağlıq Qarabağ erməniləri son çarə olaraq rus hərbçilərinin köməyinə müraciət etdi. Rusiya ordusuna məxsus Mi-24 döyüş helikopterləri dərhal havaya qalxdı və Xankəndinin 12 km-liyinə qədər çatmış Azərbaycan ordusunu dayandırdı. Maraqlıdır ki, ermənilər tərəfdə vuruşan rusların helikopterləri elə azərbaycanlılar tərəfdə vuruşan rusların idarə etdiyi tank batalyonunu bombalamışdı” (Михаил Жирохов (2012), Семена распада. войны и конфликты на территории бывшего СССР, c.262).
 
Məsələ ondadır ki, “Rusiya  münaqişədə hər iki tərəfə yardım etdi. Rusiya Müdafiə naziri Qraçovun həm Qazıyevlə, həm də Ermənistan Müdafiə naziri Vazgen Sarkisyanla yaxşı münasibətləri var idi. Bu səbəblə regionda təktərəfli mövqe tutmaq istəmirdi. Rusiya hər iki tərəfi öz məqsədləri naminə istifadə etməyə çalışırdı. 1992-ci il yay əməliyyatlarında rus hərbçilər hər iki tərəfdə vuruşurdu. Erməni ordusunun Sırxavənd kəndində mühasirəyə aldığı və öldürdüyü 70 nəfər əsgərin böyük əksəriyyəti ruslardan ibarət idi. Azərbaycan ordusu isə 1992-ci ilin sentyabr ayında Ağdərə istiqamətində 6 rus əsgərini əsir götürmüşdü. Bu əsgərlər üçün Yeltsin şəxsən Elçibəyə müraciət etmiş və onların edam edilməməsini xahiş etmişdi. Bu əsgərlər daha sonra əsir düşmüş 6 azərbaycanlı əsgərlə dəyişdirildi”(O’Ballance, Edgar (1997), Wars in the Caucasus, 1990–1995).
Yeri gəlmişkən, Ağdərə və Laçın əməliyyatlarının həm uğurlu, həm uğursuz hissələrində fəal iştirak etmiş bir sıra yüksək vəzifə və rütbəli hərbçilərin sonradan Rusiya “QRU”-nun agentləri olduğu ortaya çıxdı və təəssüf ki, onlar  30 ilə yaxın müddətdə də ordu rəhbərliyində qalmağa nail oldular... 
 
Qarabağ məsələsinin tam həllində keçmişdə buraxdığımız səhv, xəta və günahlardan nəticə çıxarıb, sonra gələcəyə baxmaq borcumuzdur... Stalinin məşhur əsərində deyildiyi kimi, "müvəffəqiyyətdən başgicəllənmə" çox təhlükəlidir...
(Moderator)

Geri dön