Qarabağda məskunlaşan ermənilər sentyabrın 2-də separatçıların “müstəqilliyinin” elan edilməsinin 30 illiyilə bağlı tədbirə hazırlaşırlar.
Qarabaginfo.az xəbər verir ki, separatçılar Ermənistandan yüksək vəzifəli şəxslərin Xankəndiyə gəlməsini təmin etmək üçün hər şeyi edirlər.
Bu məsələyə toxunan "Hraparak" qəzeti yazır ki, Ermənistanın yüksək vəzifəli şəxsləri Xankəndiyə getmək istəmirlər. Bunun 44 günlük müharibədən sonra rəsmi Bakının irəli sürdüyü açıq tələb və xəbərdarlıqlarla bağlı olduğu bildirilir.
Qəzet xatırladır ki, “hələ bu ilin yanvarında Azərbaycan rəhbərliyi Ermənistanın o zamankı xarici işlər naziri Ara Ayvazyanın Xankəndi səfərini qanunsuz adlandıraraq, çox əsəbi reaksiya vermişdi”.
"Hraparak"ın yazdığına görə, keçən həftə İrəvana səfəri zamanı Qarabağdakı separatçıların “parlament sədri” Artur Tovmasyan Ermənistan Milli Məclisində fraksiya rəhbərləri ilə görüşüb və onlara şəxsən dəvətnamə verib. Tovmasyan ermənistanlı deputatları əmin edib ki, “Qarabağ parlamenti”nin “müxalifət və hökumətyönlü üzvləri” Ermənistandan olan həmkarlarının iştirakı ilə heç bir demarş və etiraz aksiyası təşkil etməyəcəkləri barədə razılığa gəliblər.
Qəzet yazır ki, bu vədlərə Nikol Paşinyan və komandası tərəfindən ehtiyatla yanaşlıb və sentyabrın 2-də İrəvandan Xankəndiyə adi bir parlament nümayəndə heyəti gedəcək.
Baş nazir Nikol Paşinyanın özü isə sentyabrın 2-də tətildə olacaq. Ermənistan parlamentinin spikeri Alen Simonyan həmin gün Vyanaya səfər planlaşdırıb. "Hraparak"ın yazdığına görə, bunlar olmasaydı belə Paşinyan və Simonyan Xankəndiyə getməzdi.
Buna baxmayaraq, Qarabağ separatçıların rəhbərliyi Xankəndiyə gələcək Ermənistan parlamentindəki hakim fraksiyanın nümayəndə heyətinə vitse-spiker Ruben Rubinyanın rəhbərlik edəcəyini, “Hayastan” (“Ermənistan”) blokunun isə Armen Rustamyanla təmsil olunacağını gözləyir.
Amma hələlik yalnız "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyanın Xankəndiyə səfər edəcəyi təsdiqlənib.
(Modern.az)