Ana Sayfa > Karusel / Yazar > Ərdoğanın sensasion Qarabağ açıqlaması – “Putinlə razılaşdıq”

Ərdoğanın sensasion Qarabağ açıqlaması – “Putinlə razılaşdıq”


30-08-2021, 15:16. Yazar: Admin
Ərdoğanın sensasion Qarabağ açıqlaması – “Putinlə razılaşdıq” 

Əslində, Ərdoğanın bu açıqlaması Qarabağın, daha dəqiq desək, Azərbaycan-Türkiyə-Ermənistan üçlü münasibətlərinin gələcək yol xəritəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana dalandan çıxması və normal həyata dönməsi üçün vaxtaşırı bu cür yol xəritələri təqdim edirlər. Hələ ki ermənilər bu təklifləri dəyərləndirmir, onlara uzadılan barış əlini sıxmağı özlərinə sığışdırmırlar. Qürur edirlər öz aləmlərində. “Biz hələ ölmədik, məğlubiyyəti qəbul etmədik”, - mesajı verirlər. Amma əvvəl-axır Türkiyəyə, Azərbaycana biət edəcəklər - başqa yolları yoxdur.

Ərdoğandan sitat: “Fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət və etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək məsuliyyətli bir hərəkət olardı. Yaxın tarix düşmənlik mənbəyi olmamalıdır. Davamlı sülh və bir yerdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik”.

Ərdoğan daha sonra deyib ki, sülh və sabitlik daimi olmalı, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaradılmalıdır.

O, Azərbaycanın da oxşar anlayışla Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif etdiyini xatırladıb. Ərdoğan üçtərəfli bəyannamədə (Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannaməni nəzərdə tutur - A.A.) razılaşdırıldığı kimi, bütün bölgəni birləşdirməklə Cənubi Qafqazın taleyini dəyişdirəcək məlum perspektiv-layihəni xatırladıb. “Bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq”, - deyib.

Ərdoğan altılıq format haqqında da söz açıb. Deyib ki, Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın daxil olacağı format qəbul olunsa, bölgə rahat nəfəs alar.

O, bölgədə dəmir yolu və avtomobil yollarının çəkilməsinə ehtiyac olduğunu deyib: “Belə bir addım atmaqla bölgədəki problemləri aradan qaldıracağıq”.

Ərdoğan daha sonra vurğulayıb: “Bunları cənab Putinlə müzakirə edib razılaşdıq. Eyni şəkildə İlham Əliyevlə razılığa gəldik. Bu ərəfədə İranda prezident dəyişikliyi oldu. Bu barədə İranın yeni prezidenti ilə də danışa bilərik”.

Beləliklə, Ərdoğan üç prezidentin arasındakı razılaşmanın bəzi detallarını ictimaiyyətə açıqlayıb.

Türkiyə Prezidenti iyunun 15-də Şuşada olarkən də bənzər açıqlama vermişdi. Təxminən demişdi ki, bölgədə sülhün əldə edilməsi üçün Putin də çalışır. Bu, ciddi informasiya idi. Amma bölgənin taleyini dəyişdirəcək meqa-layihənin Ermənistanın tərsliyi üzündən hələlik reallaşmadığı aydındır.

Hörmətli Ərdoğanın bu açıqlaması bir şeyi ortaya qoyur: Putin və ölkəsi Güney Qafqazda sülhdən yanadır, Qarabağın birmənalı və ədalətli həllinə qarşı deyil.

Biz də son 1 ilə yaxındır ki, bunu deyirik və yazırıq. Populistlər, inkarçılar isə əksini söyləyir. Onlar hər addımda Rusiya faktorunu qabardır, Azərbaycan cəmiyyətini rus amili ilə qorxudur, ürəklərə ümidsizlik toxumu səpirlər. “Ruslar Qarabağı işğal etdi”, - deyib, insanlarda tərəddüd yaratmağa çalışırlar.

Azərbaycan Prezidentinin Qarabağa, işğaldan azad edilmiş digər ərazilərə vaxtaşırı səfərləri, orada quruculuq-bərpa işlərinin aparılması bu dezoları kölgədə qoyur. Amma bu adamlar ən xırda neqativi tapıb, onu ölkəmizin əleyhinə fırlatmağa çalışırlar. “Putin imkan verməyəcək”, - deyib dururlar.

Adama deyərlər, Ərdoğandan daha çox informasiyaya maliksən? Türkiyə prezidenti deyir ki, Putinlə razılaşmışıq! Yəni proses bitib!

Hə, bir də bu populistlərin köməyinə Rusiya sülhməramlıları gəlir. Bütün arqumentləri bitdikdə deyirlər ki, Rusiya qoşunları (1960 nəfərlik hərbi kontingenti, az qalsın, Rusiya dövlətinin nəzarətində olan bütün qoşun növləri kimi təqdim edirlər) Qarabağdadır. Daha bilmirlər ki, sülhməramlılar hazırda “dekorasiya” rolunu oynayır və o “dekorasiya” hamıdan çox Azərbaycan və Türkiyəyə lazımdır.

Proseslərin miqyası o qədər böyükdür ki, bəzilərinin başı, şüuru bunları süzgəcdən keçirə bilmir. Şüurları süzgəcdən keçirsə də, ürəkləri həzm etmir.

R.T.Ərdoğanın son açıqlaması həm də Zəngəzur dəhlizinin açılacağına ümidləri artırdı.

“Bölgədə dəmir yolu və avtomobil yollarının çəkilməsinə ehtiyac var” - deməklə, Ərdoğan Ermənistana bildirir ki, dəhliz ya açılacaq, ya da açılacaq! Ermənistan bilir ki, bu dəhliz onun qurtuluşudur, nicatıdır, sadəcə israr etməklə daha çox güzəşt qoparmağı düşünür. Həm də arxasındakı güclərin sifarişini icra edir…

Bölgənin söz sahibi olan dövlətlər – Türkiyə, Azərbaycan, Rusiya imkan verməyəcək ki, bura Fransa, ABŞ və digər “yad ölkələr” Ermənistan vasitəsilə müdaxilə etsinlər. Əliyev də, Ərdoğan da, Putin də fərqindədirlər ki, təşəbbüsü əldən versələr, toparlanmaq çətin olacaq. Ona görə də Ermənistanı “dəmir yumruq”dan sonra yumşaq güclə yola gətirməyə çalışırlar.

Mümkün olacaqmı? Gəlin ötən ilin bu günlərini xatırlayaq…

1 il öncə düşünərdikmi, Prezident İlham Əliyev Şuşada addımlayar, şəhərin baş planını təsdiq edər? Füzulidə tikilən hava limanına baş çəkər? Zəfər yolunun tamamlanma işləri ilə tanış olar? Bizim üçün mümkün olmayan iş yoxdur artıq...

Azər AYXAN,

“Yeni Müsavat” qəzetinin baş redaktoru

Əməkdar jurnalist

 


Geri dön