Ana Sayfa > Karusel / Multimedia > Hansı nazirlər peyvənd olunub? - ADLAR

Hansı nazirlər peyvənd olunub? - ADLAR


28-08-2021, 14:38. Yazar: Admin

Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi davam edir. Ölkə üzrə COVİD-19-a qarşı vurulan vaksinlərin ümumi sayı 7 milyona yaxınlaşır.  

 

Yanvarın 18-dən başladılan peyvəndləmə könüllü olsa da, sentyabrın 1-dən bəzi iş yerləri və obyektlərə giriş yalnız COVİD-19 pasportu ilə mümkün olacaq. Vaksin vurulmayan vətəndaşlar bir çox xidmətlərdən istifadə edə bilməyəcəklər. Bu səbəbdən son günlər vaksinasiya prosesində canlanma müşahidə olunur.

 

Maraqlıdır, Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya start verilən ilk gündən əhalini vaksin olunmağa çağıran, peyvəndin koronavirus bəlasından yeganə xilas yolu olduğunu bildirən vəzifəli şəxslər özləri vaksin olunubmu?

  

Qarabaginfo.az xəbər verir ki, modern.az-ın əməkdaşı bu suala cavab almaq üçün dövlət qurumlarının mətbuat katiblərinə müraciət edib.

 

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib ki, təmsil etdiyi qurumun rəhbəri Samir Şərifov vaksinin hər iki dozasını qəbul edib:

 

“Bəli, Maliyyə naziri Samir Şərifov vaksin olunub. O vaksinin hər iki dozasını qəbul edib”.

 

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva komitə sədri Mübariz Qurbanovun karantin qaydalarına və qoruyucu tədbirlərə ciddi əməl etdiyini deyib:

 

“Təmsil etdiyim komitənin sədri Mübariz Qurbanov karantin qaydalarına və qoruyucu tədbirlərə ciddi əməl edərək vaksinin hər iki dozasının qəbul edib”.

 

Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə, sədr Fuad Nağıyev vaksin olunanlar sırasındadır.

 

“Əlbəttə, Fuad Nağıyev və bütün kollektivimiz vaksin olunub. Biz bununla bağlı maarifləndirici tədbir keçirdik. Aprel ayında birinci, may ayında isə ikinci doza vaksin olunduq”.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aynur Sabitova deyib ki, nazir Fikrət Məmmədov qaydalara əməl edərək, vaksinlənməyə ciddi yanaşıb:

 

“Cənab nazir qaydalara əməl olunmasını sevən biridir. Buna görə də Fikrət Məmmədov koronovirusdan qorunmaq üçün vaksinin hər iki dozasını qəbul edib”.

 

Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cahid Mikayılov nazir Pərviz Şahbazovun vaksinin hər iki dozasını qəbul etdiyini bildirib:

 

“Nazir qaydalara uyğun olaraq peyvənd olunub”.

 

Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Daxili işlər naziri Vilayət Eyvazov, Kənd təsərrüfatı naziri İnam Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Təhsil naziri Emin Əmrullayev də vaksin olunanlar sırasındadır.


Geri dön