Ana Sayfa > Karusel / Gündəm > Ağstafanın sabiq icra başçısı apellyasiya şikayəti verib
Ağstafanın sabiq icra başçısı apellyasiya şikayəti verib26-08-2021, 11:02. Yazar: Admin |
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib. Qarabaginfo.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum olunan sabiq icra başçısının vəkilləri apellyasiya şikayətini məhkəməyə təqdim ediblər. Şikayətə yaxın günlərdə baxılacağı gözlənilir. Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Geri dön |