Ana Sayfa > Karusel / Gündəm > Laçın dəhlizi bağlanır? - Ermənilər arasında böyük panika

Laçın dəhlizi bağlanır? - Ermənilər arasında böyük panika


24-08-2021, 11:21. Yazar: Admin

Laçın dəhlizi bağlanır? - Ermənilər arasında böyük panika

Dağlıq Qarabağda bölgəni Ermənistan bağlayan yeganə yolun - Laçın dəhlizinin tezliklə bağlanacağı təlaşı hökm sürür. Son günlər bu təlaşın güclənməsi İrəvandakı erməni siyasətçiləri və ictimai fəallarını hərəkətə gətirib.

Qarabaginfo.az xəbər verir ki, aqibətləri barədə qeyri-müəyyənliyə qapılmış təkcə Qarabağ erməniləri deyil. Amma talelərindən daha çox bədgüman olan məhz separatçıların əsarətində olan kəsimdir. 

Laçın dəhlizinin bağlanacağı təlaşı xüsusilə sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Bir sıra erməni siyasi fəalları, o cümlədən Nairi Hoxikyan qan qardaşlarını "Artsax"ı Ermənistanla birləşdirən yeganə yolla bağlı təlaşa düşməməyə çağırır. Amma özü də etiraf edir ki, "vahimə böyük sürətlə yayılır".

""Artsax"dan onlarla məktub alıram, insanlar qorxur və onlara nə olacağını soruşurlar. Əziz "Artsax" vətəndaşları, bu, azərbaycanlıların başqa bir təxribatıdır, məqsədi insanlar arasında çaxnaşma yaratmaq, onları mühacirət etməyə məcbur etməkdir. Bu cəfəngiyatlara inanmayın. "Artsax" heç vaxt ana Ermənistanın torpaq əlaqəsindən məhrum olmayacaq", - deyən Nairi Hoxikyan nə qədər təsəlli versə də, inandırıcı dəlil gətirə bilmir.

Qeyd edək ki, oxşar təlaş Ermənistanın özündə daha güclüdür. Son bir neçə gündə Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd Tavuş bölgəsində bəzi kəndlərin köçürüləcəyi eyni vahimə doğurub.

Tavuş rəsmilərinin özü gələcək demilitasiya və demarkasiya ilə əlaqədar köç anonsunu verib. Bundan sonra narazılıqların böyüyərək siyasi rəng almasından ehtiyatlanaraq təskinləşdirici açıqlamalar veriblər.

Ermənistan mediası ilk və son açıqlamaları tutuşduraraq rəsmilərdən birmənalı bəyanat verilməsi tələbi qoysa da, nə əyalət səlahiyyətliləri, nə də Nikol Paşinyan hökuməti ictimai fikrə baş verənlər və gələcək barədə aydın, şəffaf izahat vermir. 

Sözün düzü, İrəvanda yalnız hansısa razılaşmalar barədə üstüörtülü eyhamlar var, cəmiyyətdə Azərbaycana "yeni güzəşt" kabusu və hakimiyyətin təslimçi kimi damğalanması mühiti hakimdir. Bu da onu isbatlayır ki, bütövlükdə erməni cəmiyyəti baş verənləri hələ tam qavramayıb, ya da qavramaqda acizdir.

10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın tələbləri sanki tarixi fakt yox, adətkərdə erməni yalanıdır. 

Sərhədlərin demilitasiya və demarkasiyası Ermənistan tərəfindən nə qədər uzadılsa da, gec-tez tamamlanacaq, rus sülhməramlılarının 5 illik möhləti də bəlli tarixdə bitəcək, İrəvanın üzərinə düşən digər öhdəliklərin də yerinə yetirilməsi yalnız öz xeyrinədir - aqibətləri daha tez bəlli olar - Ermənistana və erməni xalqına nəsə vəd edən gələcək...

 (Yenisabah)


Geri dön