Ana Sayfa > Karusel / Region > Zəngəzur dəhlizi açılanda erməni kəndlərinin çoxu Azərbaycanın nəzarətinə keçəcək

Zəngəzur dəhlizi açılanda erməni kəndlərinin çoxu Azərbaycanın nəzarətinə keçəcək


19-08-2021, 16:09. Yazar: Admin
Zəngəzur dəhlizi açılanda erməni kəndlərinin çoxu Azərbaycanın nəzarətinə keçəcək

İrəvan Türk Cümhuriyyətinin mühacir hökuməti Ermənistanın nəzarətində olan Nüvədi kəndinin Azərbaycana qaytarılması üçün Prezident İlham Əliyevə və Azərbaycan Milli Məclisinə müraciət ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-a İrəvan Türk Cümhuriyyətinin  təsisçisi, ermənişünas alim Qafar  Çaxmaqlı məlumat verib. Q.Çaxmaqlı ümid edir ki, Milli Məclisin qarşıdan gələn payız sessiyasında həmin müraciətə baxılacaq:  

“Zəngəzur dəhlizinin açılması ilə orada yerləşən kəndlərin bir çoxunun Azərbaycanın nəzarətinə keçməsi mümkündür. Çünki ermənilər orada yaşaya bilməzlər. Nüvədililər və digər kəndlərin əhalisi kəndlərin geri qaytarılmasını tələb edirlər. Milli Məclisə müraciət etmişik ki, verilən qərarlara yenidən baxılsın.

Biz Nüvədi sakinlərinin də iştirakı ilə böyük konfrans keçirdik. Əvvəlcə bəyanat yaydıq, mətbuatda da dərc olundu. Sonra isə Milli Məclisin spikeri Sahibə Qafarovaya bununla bağlı məktub ünvanladıq.

Nüvədi kəndinin Ermənistana verilməsi məsələsi 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzəyanın təkidi ilə qaldırılıb. Bəhanə isə bu olub ki, indiki Mehri rayonu yaradılır, ərazisi və əhalisi azdır. Ona görə Azərbaycan həmin kəndi güzəştə getməlidir. SSRİ Ali Soveti isə verilən qərarı yalnız 1969-cu ildə təsdiq edib. Ona görə, bu kəndin Ermənistana verilməsinin qanunsuz olduğunu ortaya qoyuruq. Qərar qəbul olunanda, heç bir səsvermə, referendum keçirilməyib, əhalinin rəyi nəzərə alınmayıb. Qərarın ləğvi üçün Milli Məclisə müraciət etmişik”.

Qafar Çaxmaqlı Nüvədi kəndinin 1000 nəfərdən artıq sakininin imzası ilə Azərbaycan Prezidentinə  müraciət ünvanlandığını da söyləyib:

“Həmin müraciətdə də vurğulanır ki, Prezident bu məsələnin həllinə kömək etsin.

Mənə elə gəlir ki, Azərbaycan Milli Məclisinin Nüvədi kəndi ilə bağlı qərarın ləğv edilməsinə tam səlahiyyəti var. Anunverici orqan payız sessiyasında məsələni gündəliyə daxil edib, müzakirəyə çıxara bilərlər. Bu qərar ləğv olunandan sonra əhalinin həmin əraziyə yerləşdirilməsinə yol açılacaq”.

Nüvədi kəndi 1929-cu ildə Azərbaycan SSR-nin Zəngilan rayonunun tərkibindən alınaraq, Ermənistan SSR-nin Mehri rayonunun tərkibinə daxil edilib. 1991-ci ilin avqust ayında kəndin azərbaycanlı əhalisi deportasiya edilib və yaşayış məntəqəsi ermənilər tərəfindən işğal olunub.(Yenisabah.az)

 


Geri dön