Ana Sayfa > Karusel / Gündəm > Laçında zirvələrdən birinə Şahgündüzün adı verilib - şəhidin kitabı təqdim olunub
Laçında zirvələrdən birinə Şahgündüzün adı verilib - şəhidin kitabı təqdim olunub12-08-2021, 14:22. Yazar: Admin |
Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarova həsr olunan “Gözləyin dağlar, gəlirəm” adlı kitabın təqdimat mərasimi keçirilib. Qarabaginfo.az “Report”a istinadən xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Soltan Məmmədov, Mahir Abbaszadə, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Xəzər Rayon İcra hakimiyyətinin başçısı Elşən Salahov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çaldığımız Vətən müharibəsində şəhid və döyüşçülərimizin şücaətindən söz açıb. O bildirib ki, bu gün hər birimizin fəxr etdiyi zəfər 44 günlük müharibə zamanı verilən düzgün hərbi-siyasi qərarlar və şəhidlərimizin qanı bahasına qazanılıb. Deputat Mahir Abbaszadə çıxışında Zəfər gününə qədər Qarabağda və arxa cəbhədə gedən proseslərdən, xalqımızın yumruq kimi birləşərək ordunun arxasında durmasından danışıb. Deputat qeyd edib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi onların müqəddəs ruhları qarşısındakı borcumuzdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Müseyib İlyasov deyib ki, kitabı vərəqlədikcə sətirlərdə Şahgündüzü daha yaxından tanımaq mümkündür: “Onun haqqında deyilənlər o qədər mənalıdır ki, hətta özünün yazdıqlarını kölgədə qoyur. O, torpaqlarımızın işğalda, bizim isə doğma yurd həsrətində qalmağımızdan çox qorxurdu. Bunu özü də tez-tez deyirdi. Əgər bu gün bayrağımız illərdir həsrətində olduğumuz Qarabağda dalğalanırsa, Şahgündüz kimi igid oğulların sayəsindədir. Onun timsalında Vətən uğrunda canından keçən bütün şəhidlər bizə Qarabağımızı, milli kimliyimizi, qürurumuzu qaytardı”, - o əlavə edib. Şəhidin atası və kitabın ideya müəllifi Habil Cabbarov bildirib ki, kitabda Şahgündüzün öz yazıları və onun haqqında yazılan fikirlər yer alıb. Atasının dediyinə görə, şəhid uşaqlıqdan vətənpərvər mövqeyi, Qarabağla bağlı sualları ilə həmyaşıdlarından fərqlənib. Ş.Cabbarovun çiyin-çiyinə döyüşdüyü əsgər yoldaşı Taleh Əliyevin sözlərinə görə, belə bir kitab dərc etdirmək şəhidin özünün də xəyalı olub: “Əminəm ki, ruhu şaddır. Şahgündüzlə bağlı xatırladığım ağrılı bir məqamı da qeyd etmək istərdim. O, döyüşlərin ilk günündən cibində Laçına sancmaq üçün bayraq saxlayırdı. Düzdür, həmin bayraq öz ünvanına çatdı. Ancaq o günü görmək Şahgündüzə qismət olmadı. Bu, mənim üçün ən çətin anlardan biridir”. Şəhidin müəllimi, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin professoru İbrahim Həbibov hesab edir ki, Şahgündüz kimi gənclər millətin genofondudur: “Şahgündüz sazda ifa etməyi çox sevirdi. Milli ənənələrə sadiq idi. Düzdür, cəmiyyətin içərisində yaxşı gənclər var. Ancaq Şahgündüzün yeri boş qalacaq”. Kitabın redaktoru və ön söz yazarı Arif Məmmədli də şəhidin vətənpərvərliyindən söz açıb: “Şahgündüz sanki şəhidliyə doğru yol gedirdi. Onun yazılarından da bu, aydın hiss olunur. Ən böyük xəyalı Laçında Oğuldərəyə bayraq sancmaq idi. Həmin arzusu çalışdığı yerdən könüllü surətdə ayrılıb döyüşlərə yollanmasına səbəb oldu. Elə bu şücaətinin nəticəsidir ki, Laçının uca zirvələrindən birinə "Şahgündüz zirvəsi" adı verildi. Düşünürəm ki, bu təşəbbüs bütün şəhidlərimizə şamil olunmalıdır”. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İlham Qəhrəman şəhidlə bağlı xatirələrini bölüşüb: “Şahgündüz sosial şəbəkələrdə vətənpərvərliklə bağlı statuslar paylaşırdı. Müharibə başlayan kimi döyüşlərə yollanması onun bu sözlərinə nə qədər sadiq olduğunun ən bariz göstəricisidir. Şahgündüz kimi şəhidlər Vətən sevgisini, bayraq, millət, dövlət eşqini bir daha dəyərləndirdilər”. Qardaşı Nemət Cabbarov bütün şəhidlərin bir-birinə bənzədiyini, Şahgündüzün də bir çox silahdaşları kimi Vətən torpağının işğaldan azad olunması uğrunda canından keçdiyini deyib. Xatırladaq ki, tədbir Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Qeyd edək ki, Cabbarovlar ailəsi əslən Laçın rayonunun Oğuldərə kəndindəndirlər. 1992-ci ildə doğma yurdlarından didərgin düşəndən sonra Bərdə rayonuna pənah gətiriblər. Ailə 2016-cı ildə Bakıya köçüb, Qala qəsəbəsində SOCAR-ın balansında olan inzibati binada məskunlaşıb. Şahgündüz Habil oğlu Cabbarov 1995-ci ilin yanvarın 13-də Bərdənin Mollalı kəndində anadan olub. Rayonun Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Qaz-neft və mədən fakültəsinə qəbul olunub. Bakalavr təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə o zaman ön xətdə yerləşən postlardan birində Vətənə borcunu yerinə yetirib. Xidmət vaxtı yüksək hərbi nizam-intizam nümayiş etdirdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə Hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov tərəfindən Fəxri fərmanla təltif edilib. 2018-ci ildə SOCAR-da qazmaçı vəzifəsində işə qəbul olunub. Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşə yollanıb, torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. Oktyabrın 25-də şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Şahgündüz Cabbarov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Geri dön |