Ana Sayfa > Karusel / Yazar > Həyətindəki meyvəni satmır, “patı” satır...
Həyətindəki meyvəni satmır, “patı” satır...7-08-2021, 11:52. Yazar: Admin |
Səhər işə gələndə, marketə baş çəkdim. Meyvə-tərəvəzin qiyməti “od tutub yanır”. Xiyar 1 manat 50 qəpikdir. Əvvəllər də bu barədə yazmışam: Əgər kəndli xiyarın 1 kiloqramını 1 manat 50 qəpiyə satırsa, niyə qaloşu cırıqdır? Yox, mən bu qədər də sadəlövh adam deyiləm. Kimdir kəndlini bazara yaxın buraxan?! Əziyyəti kəndli, kefi isə işbazlar çəkir. Tarla ilə bazar arasındakı zəncir qırılıb. Kəndli məhsulunu bazara çıxara bilmir. Başa düşürəm, kəndli təsərrüfatını başlı-başına buraxıb 8-ci kilometr bazarında kartof sata bilməz. Amma kəndli məhsulunu bazar qiymətinə yaxın sata bilməlidir. Bu işləri dövlət tənzimləməlidir. Dövlət imkan verməməlidir ki, məhsul kəndlinin əlində qalsın, o da kartof kisələrinin üstündə oturub mərsiyə desin... İnam Kərimov Kənd təsərrüfatı naziri təyin olunanda çox sevinmişdim. Hətta bir dəfə yazmışdım ki, İnam müəllim, siz çətin problemlərin ASAN yolla həllini bilirsiniz. Amma ümidlərim doğrulmadı. İngilisdilli Kənd təsərrüfatı nazirimiz nəinki çətin problemləri ASAN yolla həll etdi, əksinə, ən asan problemlərin də həllini müşkülə çevirdi. Bir neçə dəqiqə əvvəl redaksiyanın elektron poçtuna gələn məktubları nəzərdən keçirəndə DİN-in göndərdiyi xəbər məni əməlli-başlı məyus etdi. Beyləqanda polis əməkdaşları saçı-saqqalı ağarmış bir kişini həbs ediblər. Onu dəmir barmaqlıqların arxasına aparan səbəb isə çox populyardır: “Patı” satırmış... Rəhmətliyin oğlu, Beyləqanın münbit torpaqları var. Yerə bir ovuc toxum səpəndə, bir kisə bar verir. Niyə halal zəhmətlə yaşamaq istəmirsən? Niyə əkib-becərib araya-ərsəyə gətirdiyin məhsulu satmırsan? Dədən-baban “patı” satıb? Kəndlinin əli torpaqdan soyuyub. Kəndlərimizdə evlərin çoxunun qapısından qara qıfıl asılıb. Hərə bir yolla Bakıya üz tutur. Ötən il məzuniyyətdə olarkən dağ kəndlərimizin birinə istirahətə getmişdim. Evində kirayədə qaldığımız ağsaqqaldan hardan yumurta ala biləcəyimizi soruşanda, cavabı belə olmuşdu: “Bizim kənddə toyuq saxlamırlar”. Biz uşaq olanda şəhərdə yaşayan qohumlarımız hər yay kəndə gəlirdilər. Onları ən çox mal-qara, qoyun-quzu maraqlandırırdı. Televizorda gördükləri sevimli quzuları canlı həyatda görəndə az qalırdı qanad açıb uçsunlar. Belə getsə, bir neçə ildən sonra kənd uşaqları da qoyun-quzunu ancaq televizorda görəcəklər... Başa düşürəm, kəndlinin bazara çıxış imkanı məhduddur. Min bir əziyyətlə araya-ərsəyə gətirdiyi məhsulu ondan qəpik-quruşa alırlar. Dövlət qurumları mütləq bu problemdən çıxış yolu tapmalıdırlar. Amma kəndli də şəhərdən gələn qonağına “özünlə bir-iki “buzlu” toyuq gətirərsən” deməməlidir. Kəndli çörəyi zavoddan almamalıdır. Təndir çörəyinin ətri kəndi bürüməlidir. Axı o həm də ruzi-bərəkət rəmzidir... Seymur VERDİZADƏ Geri dön |