Ana Sayfa > Karusel / Gündəm > Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək


4-08-2021, 14:50. Yazar: Admin

Prezident İlham Əliyevin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu sentyabrın 16-17-də “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcək.

 

Qarabaginfo.az-ın məlumatına görə, Konfransın plenar iclası Ağdamda, digər iclasları onlayn təşkil olunacaqdır.

 

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaq:

 

- Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;

 

- Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;

 

- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;

 

- Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı.

 

Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcəkdir. Məqalə və tezislər yalnız elektron formada, Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

 

Məqalə və tezislər aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

 

- Microsoft Word (A4) formatında, Times New Roman şriftilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağı 2 sm);

 

- Məqalənin həcmi 15 000-20 000, tezislərin həcmi 2 000-2 500 işarə arasında olmalıdır;

 

- Məqalənin adı böyük hərflərlə, tünd (bold), 12 şriftlə; müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam şəkildə) 12 şriftlə; müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi yeni sətirdə, 11 şriftlə; məqalənin xülasəsi maksimum 1 000 işarədən ibarət olmaqla 11 şriftlə yazılmalıdır. Ədəbiyyat siyahısı əlifba sırası ilə 11 şriftlə yığılmalıdır.

 

Məqalə mətnlərində aşağıdakı bölmələrin olması şərtdir:

 

- Problemin qoyuluşu (yaxud giriş);

 

- Təhlil və qiymətləndirmə;

 

- Nəticə və təkliflər.

 

Məqalələr sentyabrın 10-dan gec olmayaraq elektron formada [email protected] ünvanına göndərilməlidir. Göstərilən tarixə qədər göndərilməyən və Konfransın elmi istiqamətlərinə uyğun gəlməyən məqalə və tezislər qəbul edilməyəcək.

 

Əlaqə: (012) 599-99-97 (Fidan Axundova, Prezidentin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı).

 


Geri dön