Ana Sayfa > Karusel / Yazar / Multimedia > İcra başçısı və polis rəisinin narkotik maddələrə qarşı barışmaz mübarizəsi

İcra başçısı və polis rəisinin narkotik maddələrə qarşı barışmaz mübarizəsi


21-07-2021, 14:52. Yazar: Admin

 

Əgər yolunuz Salyana düşərsə, vaxtilə “rayonu narkomaniya bürüyüb” kimi narazılıqları artıq eşitməyəcəksiniz. Çünki son vaxtlar rayon ərazisində narkomaniyaya, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı ən sərt tədbirlər görülür və nəticəsi ortadadır.

Bu gün “ağ ölüm” bütün dünyanın bəlasına çevrilib və ölkəmizdə də son dövrlər “patı”, “şüşə” və sairə kimi narkomaddələr gənclərin həyatını zəhərləyir. Daxili İşlər Nazirliyi və dövlətin müvafiq orqanları hazırda narkotik maddələrin dövriyyəsinə qarşı sözün əsl mənasında savaş açıb. Respublika miqyaslı əməliyyatların keçirilməsi də bundan xəbər verir. Eyni uğurlu addımların Salyan rayonunda da atıldığını əminliklə deyə bilərik.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Salyan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəzər Əsgərov “ağ ölüm”ə qarşı birgə mübarizəni aparır. Əslində belə də olmalıdır və burada qeyri-adi heç nə yoxdur, lakin əvvəlki dövrlərdə rayonda vəziyyət fərqli idi.

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rəhbərlik etdiyi rayonun inkişafından tutmuş, rayon sakinlərinin problemlərinin həll edilməsinə qədər bütün istiqamətlərdə üzərinə düşən işi həyata keçirir. Bu istiqamətlərdən biri də məhz gənclərin bəlasına çevrilən “ağ ölüm”ə qarşı mübarizə idi. Amma və lakin...

Rayon Polis Şöbəsinin keçmiş rəisi Cəbrayıl Vəliyev eyni yolun yolçusu deyildi deyə bilərik və bu, Sevindik Hətəmovun rəhbərliyi ilə aparılan mübarizənin effektini azaldırdı. Keçmiş köməkçi Əli Həsənovun yaxın qohumu olan Cəbrayıl Vəliyevin rəisliyi dövründə Salyanda narkotik əkib-becərənlərə qarşı mübarizə sıfır səviyyədə idi, hətta polis rəisi ilə bağlı müxtəlif məlumatlar da var, bu məlumatlar qeyri-rəsmi olduğu üçü dərc etmirik. Fakt isə odur ki, Cəbrayıl Vəliyevin öz işini icra edə bilməməsinin nətiəsində narkotacirlər rayonda tüğyan edirdi.



Cəbrayıl Vəliyev 2020-ci ilin mart ayında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Salyan Rayon Polis rəisi vəzifəsindən azad edildi. Nazirin əmri ilə bu vəzifəyə polis polkovniki Nəzər Əsgərov təyin olundu.

Məhz bu təyinatdan sonra Salyan rayonunda vəziyyətin dəyişdiyi aydın müşahidə olunur.

Artıq narkotacirlər əvvəlki kimi tüğyan edə bilmir. Rayonda narkotikanın əkib-becərilməsindən tutmuş, qanunsuz satışına və istifadəsinə qarşı mübarizə güclənib. Nəticə olaraq, bu gün rayonda narkotik maddələrin dövriyyəsinin qarşısı alınıb.

Bu nəticənin əldə edilməsinin səbəblərindən biri də Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla Polis Şöbəsinin rəisi Nəzər Əsgərovun eyni hədəfə vurması, eyni cəbhədə mübarizə aparmasıdır.

Bu gün Salyan Rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmələr və gənclər arasında narkomaniyaya və zərərli vərdişlərə qarşı mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Bunun fonunda yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi, idmanın inkişafı, asudə vaxtın səmərəli keçirilməsi üçün yerlərin yaradılması və s. addımlar gəncləri pis vərdişlərdən yayındırır.

Rayon Polis Şöbəsi isə narkoticarətə və narkomaniyaya qarşı qanun çərçivəsində geniş mübarizə aparır.

Əminliklə deyə bilərik ki, indi Salyanda yeni dövr yaşanır və artıq rayonda narkotik maddələrə yer yoxdur. Çünki icra başçısı və yeni rəis narkotik maddələrə qarşı barışmaz mövqe sərgiləyirlər.


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

Geri dön