Ana Sayfa > Karusel / Qarabağ > “Bir də görəcəksiniz, hər gecə bir terrorçunu öldürüb Qarabağda dərəyə tullayıblar”
“Bir də görəcəksiniz, hər gecə bir terrorçunu öldürüb Qarabağda dərəyə tullayıblar”19-07-2021, 16:32. Yazar: Admin |
Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərinin, diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri həyata keçirildi. Səfər dəvətindən imtina edən bir neçə dövlətin diplomatlarının arasında ABŞ, Rusiya və Fransa səfirləri də var. Hansı ki, bu dövlətlər Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Diplomatların səfərdən imtinası müxtəlif cür şərh olunur. Bəziləri bildirirlər ki, bu addım İkinci Qarabağ müharibəsindən sonra fəaliyyəti tamamilə gündəmdən düşmüş həmsədrlik institutunun “dirildilməsinə” çalışmaqdır. Bir sıra analitiklər isə bildirirlər ki, həmsədr ölkələr səfirlərini Şuşaya buraxmamaqla Qarabağ ermənilərinə status almaq niyyəti güdür. Qarabaginfo.az xəbər verir ki, ölkə ictimaiyyətinin ciddi narahatlığına və geniş müzakirəsinə səbəb olan hadisələrlə bağlı AYNA-nın suallarını Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini, politoloq Elxan Şükürlü cavablandırıb. - Elxan bəy, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərinin Şuşaya getməkdən imtinası ciddi diplomatik rezonans yaradıb. Artıq ən müxtəlif çevrələrdə ümumiləşmiş qənaət budur ki, səfirlərin imtinası rəsmi Bakıya Minsk Qrupunun fəaliyyətini bərpa etmək üçün bir mesaj, hətta təzyiqdir. Sizcə, hər üç ölkə bu təzyiqləri artırarsa, rəsmi Bakı Minsk Qrupu ilə bağlı əvvəl tutduğu mövqedən geri çəkilərmi? - Minsk Qrupunun fəaliyyətini yenidən dirçəltmək cəhdləri aydın görünür və bu, daha çox 44 günlük Qarabağ savaşında Ermənistandakı mövqelərinə böyük zərbə vurulmuş ABŞ və Fransaya, qismən də Qarabağdakı hərbçilərinə beynəlxalq mandat almaq istəyən Rusiyaya lazımdır. 44 günlük Qarabağ savaşınının gedişi zamanı Rusiya-Türkiyə tandemi tərəfindən sıxışdırılıb kənarda saxlanan ABŞ və Fransa indi çox ümid edir ki, Minsk Qrupunu aktivləşdirmək və gələcək sülh danışıqlarında iştirak imkanı qazanmaqla, onlar təkrar prosesə cəlb oluna bilərlər. Bu işdə də himayə etdikləri və son seçkilərdə də birmənalı qələbəsi üçün çalışdıqları Paşinyandan istifadə edirlər. Baxın, Rusiya Prezidenti Putin, Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti Əliyev “Dağlıq Qarabağ münaqişəsi bitib” dedikləri halda, Paşinyan “münaqişə bitməyib” deyir və “Qarabağ ermənilərinin statusu” məsələsini qabartmaqla ABŞ və Fransanı yenidən prosesə cəlb etmək, 10 noyabr və 11 yanvar razılaşmalarının icrasını uzatmaq və Azərbaycanla qalıcı sülh sazişinin imzalanmasından yayınmaq istəyir. Buna baxmayaraq, mən hesab edirəm ki, Paşinyanın bu diplomatik vurnuxmaları əbəsdir və onun prosesi uzatmaq və razılaşmaları pozmaq cəhdi şəxsi faciəsi, Ermənistanın isə bir dövlət kimi tamamilə məhv edilməsiylə nəticələnə bilər. - Ancaq görünən odur ki, Paşinyanın Qərbdə çox ciddi dəstəyi var. O, bugünlərdə ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb və bildirib ki, münaqişə həllini tapmayıb, Minsk Qrupunun fəaliyyəti bərpa və ermənilərin statusu müzakirə olunmalıdır. Sizcə, ABŞ və Fransadan ciddi dəstək alan, seçkidə də böyük üstünlüklə qalib gələn Paşinyan prosesi uzatsa, rəsmi Bakının hansı cavab tədbirləri olacaq? - Paşinyanın Qərb tərəfindən ciddi şəkildə dəstəkləndiyi və qarşıdakı mərhələdə də dəstəklənəcəyi fikriylə razıyam. Bəli, o, Qərb proyektidir və Qərb onun üstündə bərk əsir, onu qoruyur. Ancaq bu dəstək və himayə Rusiya ilə olan razılaşmanı pozacaq və Prezident Putinlə münasibətləri korlayacaq miqyasda, həddə deyil. Paşinyan 10 noyabrda Putinə yalvararaq, Azərbaycanla atəşkəs razılaşması imzalayıb, üzərinə öhdəliklər götürüb. Üstəlik, 2021-ci ilin 11 yanvarında yenə də Putinin zəmanəti ilə Moskvada öhdəliklərini təzələyib. Aprelin 7-də isə təkrar Putinlə görüşüb, sonra seçkiyə gedib, qalib gəlib və hələ yenidən Baş nazir seçilməmiş iyulun 7-də Putinlə bir də görüşə gedib. Həmin Putinlə ki, o, 10 noyabrda imzalanmış Üçtərəfli Razılaşmadan imtinanın tərəflər üçün intihar olacağı barədə açıq xəbərdarlıq edib. İndi Putinlə keçirilən bu görüşlər Paşinyanın sifətinə tamaşa etmək üçün təşkil edilmir ki?! Dəyişən situasiyaya uyğun şərait, mövqelər öyrənilir və ona başa salınır ki, üzərinə götürdükləri öhdəlikləri mütləq yerinə yetirməlidir. Paşinyana şans verildi ki, o, arxayın şəkildə Ermənistanda seçkiləri keçirsin. 20 iyunda seçkiləri keçirdi, böyük səs üstünlüyü ilə müharibə tərəfdarı kimi çıxış edən “Qarabağ klanı”na qalib gəldi. Seçkidə iştirak edən seçicilərin yarıdan çoxu – 687 min nəfəri ona səs verdi! Bu, o deməkdir ki, erməni əhalisinin də əksəriyyəti yeni müharibədən qorxur və ondan Azərbaycanla sülh sazişinin imzalanmasını istəyir, “Qarabağ klanı”nın avantürist və separatçı meyllərini dəstəkləmir. İndi Paşinyan həm öz əhalisinin istəyinə, həm də Rusiya və Azərbaycanla imzaladığı razılaşmalara uyğun olaraq, ondan gözləntiləri və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməldir. Yetirməzsə, Putin demiş, bu, onun gerçək intiharıyla nəticələnə bilər. Dövlətlərarası razılaşma oyun-oyuncaq deyil ki, kimsə kimisə aldatsın – adamın tozunu göyə sovurarlar! - Bunu Rusiyamı edəcək? - Hər halda, Üçtərəfli Atəşkəs Razılaşmasının zəmanətçisi Rusiyadır, Prezident Putindir. Bu razılaşmanın necə yerinə yetirilməsi Rusiyanın nüfuz məsələsidir. Əgər Paşinyan Rusiyanı, Putini saya salmazsa, razılaşmanı yerinə yetirməzsə, bu, Rusiyanın nüfuzuna öldürücü zərbə olar, digər ölkələri də Kremlə qarşı ayaqlandıra bilər. Elə ilk olaraq Azərbaycanın özündə böyük bir anti-Rusiya hərəkatı başlayar, Azərbaycan Türkiyə üzərindən Qərblə daha sürətlə yaxınlaşa bilər və s. Rusiya bunu yaxşı görür və məncə, Paşinyanı məcbur edəcək ki, üzərinə götürdüyü öhdəlikləri tezliklə yerinə yetirsin və Azərbaycanla sülh razılaşmasını imzalasın. Paşinyan prosesi uzatmağa çalışsa və ya razılaşmanı pozsa, Azərbaycanın yeni hərbi əməliyyatlarına bir neçə saatlıq göz yumulması kifayət edəcək ki, Ermənistana daha böyük zərbələr vurulsun və orada çevriliş baş versin, Paşinyanın özü də qətlə yetirilsin. Belə bir ssenarinin inkişafını isə heç Paşinyanın himayəçiləri – Qərb də arzulamaz. Əksinə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Qərbin – ABŞ və Avropa Birliyinin də strateji marağındadır. Onların qənaətincə, iki ölkə arasında nə qədər tez normal münasibətlər qurularsa, bu, gələcəkdə Rusiyanın da bölgədən uzaqlaşdırılmasına gətirib çıxarar. - Fikrinizcə, Minsk Qrupunun yenidən fəallaşdırılması sülh danışqlarını ləngidə, yoxsa tezləşdirə bilər? Xatırlayırsınızsa, Prezident İlham Əliyev həmsədrlərlə görüşdə demişdi ki, onlar yekun sülhün əldə edilməsində hansısa rol oynaya bilərlər. Minsk Qrupu yekun sülh razılaşması üçün hansı yeni təkliflərlə çıxış edə bilər? Ümumiyyətlə, bu qurumun fəaliyyətinə ehtiyac varmı? - Təkrar edirəm: bizim artıq Minsk Qrupunun hansısa təklif və ya tövsiyəsinə ehtiyacımız yoxdur, bu, daha çox vaxt udmaq istəyən Paşinyana və bir də onun vasitəsi ilə danışıqlara qayıtmağa çalışan ABŞ və Fransaya lazımdır. Minsk Qrupunun həmsədrlik institutunun yaradıldığı 1994-cü ildən 27 sentyabr 2020-ci ilədək keçən 26 il ərzində onların bizə təklif etdikləri bütün variantlarda “ərazi əvəzinə status” tələbi olub. Beynəlxalq hüquq normalarına uyğun davranmaq, işğalçının işğal etdiyi ərazilərimizdən çıxmasını tələb etmək yerinə, bizdən “reallıqlarla barışmaq” və öz ərazilərimizi sülh müqabilində terrorçu-separatçılara vermək təklif edilib. 44 günlük savaş isə artıq Minsk Qrupunun istinad etdiyi reallıqları dəyişib – biz torpaqlarımızı işğalçılardan təmizləmişik, Qarabağda geniş tikinti-quruculuq işlərinə başlamışıq. Minsk Qrupu indi gəlib bizdən nə istəyəcək və bizə nə təklif edəcək? Ermənilərin dağıdıb tar-mar etdikləri, taladıqları əraziləri bərpa etməkdə yardımçı olmaq və dəymiş ziyanı ödəmək istəyirlərsə, qarşılıqlı etimad mühitinin yaradılmasında və hər iki tərəfdən olan qaçqınların yer-yurdlarına qayıtmalarına kömək göstərmək niyyətləri varsa, buyurub elan etsinlər. Rusiya Prezidentinin də, Azərbaycan Prezidentinin də, Türkiyə Prezidentinin də mövqeyinin əksinə gedib indidən status məsələsindən yapışmaq xoş olmayan niyyətin ifadəsidir və sülhə xidmət etmir. Onlar başa düşməlidirlər ki, biz Ermənistana ən böyük güzəştimizi etmişik – 10 noyabrda atşəkəsə razılaşmışıq və hələlik yeni müharibəyə də başlamırıq. Halbuki Azərbaycanda hələ də cəmiyyət hərbi əməliyyatların yarımçıq saxlanıldığı qənaətindədir və buna görə hakimiyyəti qınayır, Rusiyanı isə lənətləyir. Hərbi əməliyyatların yenidən bərpası bu dəfə Ermənistan üçün gerçəkdən də fəlakət olacaq. - Son günlər atəşkəsin pozulması halları intensivləşir. Gözləyirsinizmi ki, bu, yenidən irimiqyaslı hərbi əməliyyatlara çevrilsin? - Ermənistanın yenidən savaşmaq imkanı yoxdur. Ordusunun döyüş qabiliyyətli hissəsi tamamilə dağılıb, əhalisi qorxub və müharibə istəmir, iqtisadi baxımdan ölkə çöküb, miqrasiya dəhşətli dərəcədə artıb, hərbi baxımdan strateji mövqelərdə isə artıq Azərbaycan əsgəri əyləşib. Gərək, hansısa ölkə gəlib Ermənistanın əvəzindən bizimlə müharibə apara ki, bu da indilikdə real deyil. Sadəcə, atəşkəsi tez-tez pozmaqla Ermənistan göstərmək istəyir ki, guya, münaqişə bitməyib, hələ davam edir və gələcək sülh danışıqlarında hansısa tələblərlə çıxış etmək niyyəti güdür. Ancaq Azərbaycan tərəfinin də Ermənistanın nazıyla çox oynamaq fikri yoxdur və Paşinyan tezliklə hökumətini formalaşdırıb, 10 noyabr və 11 yanvar razılaşmalarının icrasını təmin etməzsə, Azərbaycan tərəfi Qarabağdakı terrorçu-separatçıların zərərsizləşdirilməsi üçün xüsusi əməliyyatlara başlaya bilər. Bir də görəcəksiniz, hər gecə bir terrorçunun əlini-qolunu bağlayıb gətiriblər, ya da öldürüb Qarabağda bir dərəyə tullayıblar. Türkiyə və Azərbaycan hərbçilərinin son vaxtlar birgə təlimlərində daha çox çətin relyefli ərazilərdə xüsusi əməliyyatların aparılması qaydalarının təkrar-təkrar sınaqdan keçirilməsi az şey demir. Daha bir yaxşı təklifi isə bugünlərdə Prezidentin sabiq köməkçisi Eldar Namazov verib. Deyib ki, Azərbaycan vaxtilə Ermənistanın istifadə etdiyi taktikadan istifadə edə, yəni, öz təhlükəsizliyi üçün Ermənistanla öz arasında bir “bufer zona” yarada bilər. Prezidentin məlum fərmanından və Zəngəzurla bağlı son çıxışlarından sonra bu məsələ bir az da aktuallaşır... Bununla belə, mən ümidliyəm ki, vəziyyət o həddə çatmayacaq və Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması üçün çox yaxın vaxtlarda üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Ümidimi artıran həm də odur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını dünya gücləri də istəyir və iyun ayında Cenevrədə keçirilən Bayden-Putin görüşündə, böyük ehtimalla, bu məsələ də prinsipial olaraq razılaşdırılıb. Hətta ola bilsin ki, Minsk Qrupu elə bu razılaşmanı həyata keçirmək və tərəflər arasında yekun sülh sazişini imzalatdırmaq üçün fəallaşdırılır. – Minsk Qrupu yenidən canlandırılarsa, qardaş Türkiyənin həmsədrliyə cəlbi mümkündürmü? - Türkiyə Minsk Qrupunun üzvüdür, bundan əlavə, artıq regionda hamının mövqeyi ilə hesablaşacağı çox ciddi gücdür. Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiyada həm Qərb, həm də Rusiya üçün artıq köməyinə ehtiyac duyulan, sabitlik yarada biləcək əsas dövlət halına gəlib. İndi Türkiyəyə Qərb-Rusiya münasibətlərində körpü və tarazlıq yaradan ölkə kimi baxılır. Təsadüfi deyil ki, NATO üzvü olan Türkiyəni və onun əsas müttəfiqlərini – Pakistan və Azərbaycanı Rusiya da öz blokunda görmək istəyir. Bu baxımdan, Türkiyənin Minsk Qrupu həmsədrliyinə gətirilməsi bu quruma Azərbaycanın inamının qazanılmasında və yekun sülh sazişinin imzalanmasında mühüm rol oynaya bilər. Hər halda, Minsk Qrupu ümumi razılaşma əsasında yenidən fəallaşdırılacaqsa, Azərbaycan Türkiyəni də həmsədrlər sırasında görmək istəyəcək.(Yenisabah.az) Geri dön |