Ana Sayfa > Karusel / Yazar > Bütün müştərilərini toyuna çağıran taksi sürücüsü...

Bütün müştərilərini toyuna çağıran taksi sürücüsü...


17-07-2021, 22:56. Yazar: Admin
Bütün müştərilərini toyuna çağıran taksi sürücüsü...

İki gəncin sevib-sevilməsi müqəddəs duyğudur. Bu gənclər ömür yollarını birləşdirəndə onların həyatında yeni mərhələ başlayır. Şərq xalqları, xüsusilə biz azərbaycanlılar toy mərasimlərinə xüsusi önəm veririk. Mən bunda pis, qeyri-adi heç nə görmürəm. İnsan öz doğmasının, dostunun, sirdaşının əziz günündə onun yanında olmalıdır.

Pandemiya səngidiyi üçün ölkəmizdə toyların keçirilməsinə yenidən icazə verilib. İyul ayının 1-dən etibarən Azərbaycandakı bütün şadlıq sarayları dolub-daşır. Allah evlənənləri məsud etsin, bütün subaylara toy qismət eləsin. Vətənə igid oğullar, ismətli qızlar lazımdır. İnsan əbədi deyil. Vətən bizdən gələcək nəsillərə ərmağan qalacaq.

Bura kimi hər şey yaxşıdır. Amma yaxşı olmayan məqamlar da var. Qaydaları pozan şadlıq saraylarıyla balı hər gün neçə xəbər oxuyursunuz? Sizi deyə bilmərəm, şəxsən mən həmin xəbərləri saytda yerləşdirməkdən yorulmuşam. Hansı saytı açırıqsa, təxminən bu məzmunda xəbərlə qarşılaşırıq: “Karantin qaydalarını pozan restoran cərimələndi”. Və bu hallar təkcə Bakıda təkrarlanmır. Şəki Bakıdan, Gəncə Şəkidən geri qalmır. Azərbaycanın bu başından ta o başına kimi əksər şadlıq sarayları karantin qaydalarını pozmaqla məşğuldur. Necə pozduğunu özünüz yaxşı bilirsiniz. 150 nəfərlik salona 400 nəfər doldurub həm karantin qaydalarını, həm də bəylə gəlinin kefini pozurlar.

Yuxarıda da yazdım, biz Şərq ölkəsiyik. Bu həm də o deməkdir ki, evimiz həmişə qonaqlı-qaralı olur. Şəxsən mən elçiliyə 30 nəfərin getdiyinin şahidi olmuşam. Aydın məsələdir ki, 200 nədərlə nişan edən adam toya azı 400 nəfər çağırmalıdır.

Sonra nə baş verdiyini bilirsiniz. Vəzifə borcunu yerinə yetirən polis, digər dövlət qurumlarının nümayəndələri bir andaca həmin adamların başının üstünü kəsdirirlər. Dünən karantin qaydalarını pozan şadlıq saraylarından biri 4 min manat cərimələnib. Məclisin keçirilməsinə icazə verilməyib, toy yarınmçıq qalıb. Toya əylənməyə, deyib-gülməyə gələn adamlar ağlaya-ağlaya geri qayıdıblar…

150 nəfərlə toy keçirsək, dünya dağılacaq? Bizim hansımızın 9 qardaşı, 8 bacısı var? Əvvəlki dövrə ağlınız getməsin, indi ailə üzvlərinin sayı 4-5 nəfəri keçmir. Bu isə o deməkdir ki, 30-55 ailə tam tərkibdə bir araya gəlib toy edə bilər. Koronavirus əsrin bəlasıdır. Yeni dövrün şərtlərinə uymalıyıq. Nə vacibdir ki, baldızımızın qaynının dostunun xalası oğlunu toyumuza şağıraq?

Bu mövzuda bir neçə il əvvəl də yazmışam. Günümüzlə səsləşdiyi üçün təkrar yazmaqda fayda görürəm… 

Bir tanışım taksi sürücüsü işləyir. Dədə-baba peşələri dülgərlik olsa da, oğlanın əli bu işə yatmadığı üçün dolanışığını köhnə “07”-nin hesabına təmin etməyə çalışır. Allah-Təala öz bəndəsini ac qoymur. Onun da bir tikə çörəyi var, qohum-qardaşa möhtac deyil.

Atası üç-dörd il əvvəl Bakıdakı adlı-sanlı şadlıq saraylarının birində oğluna toy elədi. Ailəvi get-gəlimiz, xüsusi münasibətimiz olmasa da, təzə bəy mənə də dəvətnamə vermişdi. Dostlarımın birindən borc alıb toya getdiyim üçün bu hadisəni təfərrüatı ilə xatırlayıram. Şadlıq sarayına daxil olanda ünvanı səhv saldığımı zənn etmişdim. Axşam saat 7 olsa da, qonaqlar üçün nəzərdə tutulmuş yerlərin təxminən yarısı boş idi. Məndən sonra daha beş-altı adam gəlsə də, 8 masa tamamilə boş qalmışdı. Yaranmış bu vəziyyət təkcə toy sahiblərini deyil, qonaqları da narahat etməyə başlamışdı. Yanımda əyləşmiş adamların apardıqları “kəşfiyyat” nəticəsində məlum oldu ki, belə acınacaqlı vəziyyətin yaranmasının səbəbkarı bəyin özüdür. Sən demə, taksi sürücüsü işləyən təzə bəy maşınına mindirdiyi adamların hamısına dəvətnamə veribmiş...

Uşaq vaxtı xalının üstündə gəzməyən adamlar da həmin gün oğlan evinin sifətindəki kədəri aşkar görə bilirdilər. Eşitdiyimə görə, bəyin atası toydan sonra oğluna belə deyib: “Yaxşı ki, sən avtobus sürücüsü işləmirsən. Yoxsa, ömrümün axırına kimi şadlıq sarayına borc ödəməli olardım”.

Demək sitədiyim odur ki, hər yoldan ötəni toyumuza çağırmasaq, axırda da polis gəlib bizə “toy tutmaz”…

 

Seymur VERDİZADƏ

 


Geri dön