Ana Sayfa > Karusel / Region > “İlham Əliyev Şərqi Zəngəzur qərarıyla bəzilərinin “Qızıl Kürdüstan” iddialarını da baltaladı…

“İlham Əliyev Şərqi Zəngəzur qərarıyla bəzilərinin “Qızıl Kürdüstan” iddialarını da baltaladı…


13-07-2021, 21:15. Yazar: Admin
“İlham Əliyev Şərqi Zəngəzur qərarıyla bəzilərinin “Qızıl Kürdüstan” iddialarını da baltaladı…”

“İndiyədək bu separatçı ideya Azərbaycanda əsrlərlə mehriban yaşamış,  qaynayıb- qarışmış müsəlman xalqları bir-birinə düşmən edərək ölkəmizi parçalamağa çalışan bir sıra xarici və daxili güclərin planlarında qalırdı…”

“Azərbaycan Prezidenti iqtisadi rayonların yeni bölgüsü ilə bağlı son fərmanı ilə Azərbaycanın haqq işinə qarşı mübarizə aparan bütün qüvvələrə, eləcə də son günlər səfirləri  Şuşaya getməkdən imtina edən ATƏT Minsk Qrupunun həmsədri olan ölkələrin siyasi rəhbərliyinə ciddi bir qarşılıq verdi”. 

Qarabaginfo.az xəbər verir ki, bunu siyasi elmlər doktoru professor Cümşüd Nuriyev ifadə edib. 

“Deyərdim ki, İlham Əliyev Qarabağ və Zəngəzur mövzusundakı son qərarlarıyla Ermənistana dəstək verən bütün güclərə qarşı çıxmaqla hətta öz hakimiyyət kürsüsünü də təhlükə altına qoydu. Söhbət ondan gedir ki, birmənalı şəkildə “Dağlıq Qarabağ” iqtisadi-siyasi termin kimi də tam ləğv edildi. Düzdü, 1991-ci ilin noyabrında biz onu ərazi vahidi kimi ləğv etmişdik. Amma bu günədək iqtisadi rayon kimi adı rəsmən qalırdı. Prezident son fərmanıyla Azərbaycanın bütün torpaqlarına sahiblik iddiasını bir daha qəti şəkildə ortaya qoydu”- açıqlamasının davamında bunu söyləyən həmsöhbətimiz “Şərqi Zəngəzur” termini ilə bağlı diqqətəlayiq bir məsələni də xatırladaraq gündəmə gətirib. 

“İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonu məsələsini gündəmə gətirməklə də nəinki Ermənistana, onun şimallı-cənublu havadarlarına da öz siyasi-diplomatik zərbəsini vurdu. Eyni zamanda həmin terminə siyasi-iqtisadi çalar verməklə Ali Baş Komandan indi çoxlarının yadına düşməyən daha bir düşmən, separatçı ideyanın kökünü baltaladı. Unutmaq olmaz ki, 1923-cü ildə rusların ermənilərin birgə ideyasıyla hazırda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil edilmiş həmin 5 rayonun(Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan) ərazisində  “Qızıl(yaxud Qırmızı) Kürdüstan” deyilən qəza yaradılmışdı. Sonradan yerli əhalinin tələbi ilə 1926-cı ildə keçirilmiş siyahıyaalmada əhalinin əksəriyyətinin türk olduğu bəlli oldu və 1929-cu ildə o qondarma qəza ləğv edildi. Ancaq indiyədək bu üzdəniraq separatçı ideya, Azərbaycanda əsrlərlə mehriban yaşamış,  qaynayıb- qarışmış müsəlman xalqları bir-birinə düşmən etməyə və nəticədə ölkəmizi parçalamağa çalışan bir sıra xarici və daxili güclərin planlarında qalırdı. Prezident İlham Əliyev ciddi bir siyasi-diplomatik gediş edərək həmin planların da üzərindən xətt çəkdi və gündəmdən çıxardı... Ona görə də bu gün düşmən qüvvələrin, o cümlədən xristian maraqlarıyla mütəmadi olaraq birləşən Rusiya, ABŞ və Fransanın əlində Azərbaycana qarşı yeganə vasitə Qarabağdakı ermənilərdir. Onların da məsələsini tezliklə həll  edib Azərbaycan qanunlarını qəbul etməyə vadar edəcəyik”- deyə Cümşüd Nuriyev vurğulayıb.(Moderator.az)


Geri dön