Dünya Səhiyyə Təşkilatı (DST) ötən gün iyulun 12-də müxtəlif istehsalçıların COVID-19 vaksinlərinin qarışdırılması çağırışları ilə bağlı xəbərdarlıq edib və bildirib ki, vaksinlərin təsiri barədə elmi informasiyanın natamamlığına görə iki dozanın fərqli vaksinlərlə vurulması “təhlükəli meyldir”.
Virtualaz.org xəbər verir ki, koronavirusun “delta” ştammının sürətlə yayıldığı, yoluxma və ölüm hallarının yenidən artdığı bu günlərdə bir sıra ölkələrin səhiyyə rəsmiləri indiyədək iki doza vaksin vurulmuş şəxslərə gücləndirici üçüncü dozanın vurulması haqda danışırlar. Xüsusən də Çinin “Sinovac” vaksininin kütləvi şəkildə vurulduğu ölkələrdə yoluxmanın artması nəticəsində gücləndirici doza kimi Qərb şirkətlərinin vaksinlərinin vurulmasının mümkünlüyü araşdırılır.
Lakin “Reuters” agentliyinin verdiyi xəbərə görə Dünya Səhiyyə Təşkilatının baş elmi eksperti Sumya Svaminatan bildirib ki, müxtəlif vaksinlərin insan orqanizminə təsiri barədə informasiyalar hələki tam toplanmayıb və təhlil edilməyib. Ekspertin sözlərinə görə ayrı-ayrı ölkələrdə hansı vaksindən əvvəl, hansından isə sonra istifadə edilməsi barədə qərarların çıxarılması xaos yarada bilər.
Bu arada təşkilatın rəhbəri də koronavirusun “Delta” ştammının dünyanı lərzəyə gətirdiyi bir vaxtda artıq iki doza ilə vaksinlənmiş adamlara üçüncü – gücləndirici dozanın vurulmasına tələsməməyə çağırıb. DST-nin baş katibi Tedros Adanom Qebreyesus iyulun 12-də deyib ki, hələ də ön cəbhədə olan həkimlərin vaksinlənmədiyi ölkələr var.
Tedros Adhanom Gebreyesusun bu xəbərdarlığı bir sıra varlı ölkələrdə virusun vaksinlərə müqavimətinin artmasından narahatlığın yaşandığı vaxta təsadüf edib. Bu ölkərdə virusun mutasiyalarının qarşısının alınması üçün artıq iki doza vaksin almış şəxslərə üçüncü dozanın vurulması məsələsi götür-qoy edilir.
Gebreyesus deyib ki, COVID-19-a qarşı vaksinlərin təchizatında ölkələr arasında nəhəng uçurum yaranıb:"Bəzi ölkələr ön cəbhədə olan səhiyyə işçilərinin və xəstəliyə qarşı kövrək olanların peyvəndlənməsi üçün vaksin almadığı bir vaxtda, bəzi digər ölkələr milyonlarla doza gücləndirici sifariş edirlər”.
O əlavə gücləndirici doza təklif edən ABŞ şirkətləri - Pfizer və Modernanın adlarını çəkib. Bu şirkətlər bildirirlər ki, yeni yaranmaqda olan virus ştamlarına qarşı müqavimətin gücləndirilməsi üçün üçüncü dozaya ehtiyac ola bilər.
Baş katib deyib ki, şirkətlər üçüncü doza barədə düşünməkdənsə, beynəlxalq vaksin ittifaqı olan COVAX proqramı üçün dozalar təklif etməlidirlər: "Delta variantı dünyada meydan sulayır və bu, COVID-19-a yoluxma, habelə ölüm sayınım kəskin artmasına səbəb olub”.
Gebreyesus deyib ki, ilk dəfə Hindistanda aşkar edilmiş Delta ştammı artıq 104 ölkədə yayılıb.
Bu həftə ABŞ-ın baş koronavirus eksperti Entoni Fauçi deyib ki, gücləndirici dozadan istifadə üçün hələ çox tezdir. DST-nin fövqəladə vəziyyətlər proqramının başçısı Mayk Rayan isə iyulun 12-də deyib: “Biz hazırkı vəziyyətdə yüz milyonlarla insanın qorumasız qalmasını pisləyirik”.
O deyib ki, vaksinlənmiş insanların əksəriyyəti “Delta” variantına yoluxmanı çox yüngül keçirir. Ekspert bildirib : “ Qorunmaya malik olmayan insanların öldüyü bir vaxtda ölkələr gücləndirici dozanın vurulmasına başlasalar, biz keçmişə hiddət və xəcalətlə baxacağıq”.
Virtualaz.org