Ana Sayfa > Karusel / Yazar > Şuşaya getmək istəmirsən? Cəhənnəmə ki!

Şuşaya getmək istəmirsən? Cəhənnəmə ki!


12-07-2021, 13:24. Yazar: Admin
Şuşaya getmək istəmirsən? Cəhənnəmə ki!

 

Ötən həftə rəsmi Bakının dəvəti ilə ölkəmizdəki xarici dövlətlərin səfirləri Şuşaya səfər etdilər. Təbii ki, bu məsələdə ayrıseçkilik etmək olmazdı, hamıya eyni gözlə baxmaq lazımıydı. Azərbaycan dövləti də məhz bu cür davrandı: Ölkəmizdə fəaliyyət göstərən bütün xarici dövlətlərin səfirlərinə dəvət göndərdi. Üç diplomat - ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirləri Şuşaya getməkdin imtina etdilər.

Üç gündür siyasətdən başı çıxan da, çıxmayan da bu suala cavab axtrır: Səfirlər Şuşaya niyə getmədilər? Hətta bunu özünə dərd eləyən, uzaqgedən siyasi nəticə çıxaran vətəndaşlarımız da var. Jurnalist azadlığının qazandırdığı üstünlükdən faydalanıb mövqeyimi bəlli etmək istəyirəm: Cəhənnəmə getsinlər! Şuşaya getmək üçün onlar özləri bizə yalvarmalıdırlar. Bundan sonra qulaqlarının dibini görərlər…

Başa düşürəm, bu üç səfir 44 günlük Vətən müharibəsindən sonra gorbagor olmuş ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələri təmsil edirlər. Allah qoymasa, tərəfsizlik nümayiş etdirmək istəyiblər. Guya onlar Şuşa səfərindən imtina etməklə Minsk qrupunun gələcək fəaliyyətinə kölgə salmaq istəməyiblər. Azərbaycan xalqı da bunu məhz bu cür başa düşür. Amma o səfirlərin başa düşmədikləri, yaxud başa düşmək istmədikləri vacib bir məqam var. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində ATƏT-in Minsk qrupu çoxdan tarixin zibilliyinə atılıb. Böyük dövlətlərin adlı-sanlı diplomatlarının zibillikdə eşələnməsi yaxşı hal deyil. 

Keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov yaxşı bir təklif verib. Tofiq bəy deyib ki, Şuşa səfərindən imtina edən həmin şəxslər rəsmi qəbullara çağırılmamalı və hər hansı bir tədbirə dəvətləri rədd edilməlidir. Zülfüqarov diplomatdır, buna görə fikrini etiket qaydalarına uyğun ifadə edib. Mən isə jurnalistəm, söz adamıyam. Tofiq bəyin sözlərindən bu mənanı çıxarıram: Əgər siz bizi saymırsınızsa, biz sizi dünəndən saymırıq. 

Bəli, həmin səfirlərə münasibət məhz bu cür olmalıdır. Bizi saymayan adamları biz ümumiyyətlə adam yerinə qoymamalıyıq…

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağımızın incisidir. Şuşanın bizimçün mənəvi əhəmiyyəti böyükdür. Şuşaya tez-tez səfərlərin təşkil olunması da bununla bağlıdır. Azərbaycan xalqının qələbə əzmini nümayiş etdirmək üçün bu səfərlər çox vacibdir. Amma biz heç kimə yalvarmalı deyilik. Hansısa səfirin Şuşaya getməməsi heç nəyi dəyişmir. Əsas odur ki, Şuşaya biz gedirik. Onlar köçəri quş, biz isə ev yiyəsiyik. Evimizin qapısı bütün dostlarımızın üzünə açıqdır. Özünü bizə düşmən bilənlərin isə gəlməyindənsə, gəlməməyi yaxşıdır…

Seymur VERDİZADƏ 


Geri dön