Ana Sayfa > Karusel / Qarabağ > İşğaldan azad olunmuş bütün rayonlarda ilin sonuna kimi yarımstansiyalar fəaliyyətə başlayacaq

İşğaldan azad olunmuş bütün rayonlarda ilin sonuna kimi yarımstansiyalar fəaliyyətə başlayacaq


6-07-2021, 16:04. Yazar: Admin

 

İşğaldan azad olunmuş bütün rayonlarda ilin sonuna kimi yarımstansiyalar fəaliyyətə başlayacaq

 

“Ölkə başçısının tapşırıqlarına uyğun olaraq “Azərnerji” ASC tərəfindən işğaldan azad edilmiş ərazilərdə elektroenergetika infrastrukturu yaradılması və respublikanın enerji strukturuna inteqrasiyası istiqamətində Qarabağ Enerji Strategiyası hazırlanıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Azərenerji” ASC-nin Texniki İstehsalat İdarəsinin şöbə rəisi Muxtar Mahmudov bildirib.

Onun sözlərinə görə, Qarabağ enerji strategiyası öz-özlüyündə hər bir rayonda 110 kilovoltluq yarımstansiyaların tikintisini və onların yüksək gərginlik xətləri ilə ölkə sisteminə inteqrasiyasını nəzərdə tutur: “Qarabağ regionunda regional mərkəz kimi Ağdam şəhərinin seçildiyini nəzərə alaraq, “Azərenerji” ASC Ağdam rayonunda 110 kilovoltluq iki yarımstansiyanın tikintisinə başlayıb. Bu yarımstansiyaların hər biri 2x40 ml gücündədir və genişlənməyə açıq şəbəkədir. Gələcəkdə artım tələbatından asılı olaraq yeni yarımstansiyaların tikintisi də mümkündür. Bu yarımstansiyaların elektrik təchizat şəbəkəsinə qoşulması üçün Ağdam rayonunun işğaldan kənar ərazisində yerləşən Xındırıstan yarımstansiyasına 110 kilovoltluq, 40 km uzunluğunda xətt çəkilir. Bu xətt Ağdam-1 yarımstansiyasına, daha sonra isə Ağdam-2 yarımstansiyasına girir. Ümumiyyətlə, Qarabağ Enerji Strategiyasına əsasən, işğaldan azad olunmuş bütün rayonlarda bu ilin sonuna kimi yarımstansiyalar fəaliyyət göstərəcək. Bundan əlavə, digər rayonlarda da - Cəbrayıl, Zəngilan, Qubadlıda 110 kilovoltluq yarımstansiyaların tikintisi davam edir. Bildiyiniz kimi, Füzulidə ötən ay ölkə başçısının iştirakı ilə yarımstansiya açıldı, daha əvvəl Şuşada 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı həyata keçirilib. Bundan əlavə, “Azərenerji” ASC tərəfindən kiçik SES-lərin bərpası istiqamətində də işlər davam edir. Ölkə başçısının iştirakı ilə istismara verilən ilk infrastruktur layihəsi kimi Laçın rayonu ərazisində Güləbird SES-i misal göstərə bilərik. Bundan əlavə, Suqovuşan-1, Suqovuşan-2 kiçik su elektrik stansiyaları da istismara hazır vəziyyətə gətirilib”. (Apa)


Geri dön