Ana Sayfa > Karusel / Region > “Avropa Ermənistanı Rusiyanın əlindən almaq üçün...” - MÜSAHİBƏ

“Avropa Ermənistanı Rusiyanın əlindən almaq üçün...” - MÜSAHİBƏ


6-07-2021, 07:55. Yazar: Admin

“Avropa Ermənistanı Rusiyanın əlindən almaq üçün...” - MÜSAHİBƏ

Qarabaginfo.az Milli Məclisin deputatı Asim Mollazadə ilə müsahibəni təqdim edir:

- Asim bəy, Rusiya və Fransa prezidentləri Qarabağda müharibədən sonrakı vəziyyəti müzakirə ediblər, hətta Rusiya tərəfi Fransaya təklif edib ki, bu ərazilərə sərmayə qoysun, humanitar yardım həyata keçirsin. Sizcə, nə baş verir?

- Hesab edirəm ki, bu, daha çox erməni diasporunun fəaliyyəti nəticəsində ortaya çıxır. Məsələn, Fransada seçkilər olmalıdır. Prezident Emmanuel Makron bu seçkilərdə Fransa erməni icmasının dəstəyini qazanmaq üçün müxtəlif cəhdlər edir. Lakin bir sıra müşahidəçilər qeyd edirlər ki, bundan əvvəl yerli seçkilərdə ağır məğlubiyyətə uğrayan Makronun partiyasının erməni siyasəti də uğursuzuqla nəticələnəcək. Yəni Makronu qarşıdan seçki kimi ciddi sınaq gözləyir. Makron hökumətinin Ermənistanla bağlı siyasəti ola bilsin ki, erməni diasporunun səsinin qazanılması məqsədilə edilir.

- Ümumən diqqət edəndə görürük ki, beynəlxalq platformalarda Qarabağ məsələsini daha çox Rusiya və Fransa qabardır. Sizcə, bu nə ilə əlaqədardır?

- Mən diqqəti yenə də bu ölkələrdə mövcud olan erməni diasporuna çəkərdim. Erməni diasporu sakit dayana bilmir. Çünki müharibə yoxdur, münaqişə mövcud deyil. Zatən son 30 ildə onlar öz mövcudluğunu Qarabağ münaqişəsi ilə ifadə ediblər. İndi yenidən bu mövzunu gündəmə daşımaq istəyirlər. Münaqişə bitib, artıq gündəmdə Qarabağ məsələsi yoxdur. Gündəmdə ancaq Qarabağın bərpası layihəsi, kommunikasiyaların açılması, yeni sistemlərin formalaşdırılması kimi məsələlər var. İndi bu məsələni münaqişə kimi gündəmə gətirmək istəyənlər ilk növbədə müharibələr və qarşıdurmalar haqqında düşünən faşist düşüncəli icmalardır.

- Sizcə, Qarabağ məsələsi əcnəbi diplomatlar tərəfindən “münaqişə” kimi təqdim edilməkdə davam edəcək, ya onlar nəhayət bu məsələsinin bitdiyini anlamalı olacaqlar?

- Mənə elə gəlir ki, bu məsələ artıq bitib. Bu oyunlar da əbəs oyunlardır. Hər zaman hansısa ölkədə erməni icması seçkilər qabağı bu oyunları oynamağa çalışacaqlar, seçkidən sonra isə məsələ bitəcək. Əvəzində bu ölkələrin şirkətləri düşünəcək ki, Azərbaycanın həyata keçirdiyi böyük layihələrdə onlar iştirak edib nə qazana bilərlər.

- Son günlər yeni proses odur ki, Avropa da diplomatlarını bölgəyə göndərir, tərəflərlə müzakirələr aparır. Bu nə ilə bağlıdır?

- Hesab edirəm ki, bu erməni vəhşiliyini dünyaya çatdırmaq baxımından bizim üçün yaxşı fürsətdir. Çünki ermənilərin törətdiyi insanlığa qarşı cinayətləri bütün dünya görməlidir.

- Ancaq bu diplomatlar Ermənistana da gedir müzakirələr aparırlar...

- Bir daha qeyd edim ki, zəngin erməni diasporası bu məsələni gündəmdə saxlamaq və “göz yaşlarını” tökmək üçün vasitələr arayışındadır. Ancaq məsələ bitib.

- Ermənistanın 100 illik xəstə “Dənizdən dənizə böyük Ermənistan” ideologiyası mövcuddur və Azərbaycan torpaqlarının işğal edilməsi də bu ideologiya əsasında həyata keçirilmişdi. İndi Ermənistan bu zərərli ideologiyadan imtina edir, yoxsa bu barədə ümumiyyətlə düşünmür?

- Ermənistan bundan imtina etməyə məcbur edilib və hazırda da edilir. Ermənistanın bu bölgədə dövlət kimi xilası ərazi iddialarına son qoyaraq normal dövlətə çevrilməkdən keçir. Əks təqdirdə onların bu bölgədə mövcudluğu mümkün olmayacaq.

- Nikol Paşinyan bundan sonra hansı siyasəti izləməyə üstünlük verəcək?

- Əslində Nikol Paşinyanın bu seçkilərdə qələbəsi erməni xalqının hərbi cinayətkarlara və müharibəyə yox deməyi idi. Onun üçün Paşinyan hakimiyyətə məhz müharibə əleyhinə olan ermənilərin səsi ilə gəlib. Deməli, düşünməlidir ki, müharibəyə son verərək Ermənistanda korrupsiya, sosial-iqtisadi problemlərin həlli ilə məşğul olmaq lazımdır. Yoxsa, ona verilən səslər qısa müddətə Paşinyana qarşı olan hərəkətə çevrilə bilər. Ümid edirəm ki, Nikol Paşinyan bu reallığı yaxşı anlayır.

- Avropa Birliyi Ermənistana 1,5 milyard avroluq yardım paketini açıqlayıb. Başqa sözlə, Avropa yaxın 5 il ərazində Ermənistanda ən azı bu qədər pul xərcləyəcək. Sizcə, bu Ermənistanı Rusiyanın əlindən almaq proqramı deyilmi?

- Bu da mümkündür. Ancaq əslində bu vəsait Avropa şirkətlərinə Ermənistanda yaşıl işıq yandırılmasına xidmət edir. Yəni müəyyən layihələr həyata keçiriləcək və Avropa şirkətləri də bu konteksdə Ermənistan bazarlarına giriş əldə edəcəklər.

- Bu Rusiya ilə rəqabət deyilmi?

- Sözsüz ki, rəqabətdir. Ancaq Ermənistanda Rusiya ilə rəqabət üçün daha güclü olmaq lazımdır. Rusiyanın əlində daha böyük resurs var. Söhbət Ruiyanın öz xaricində ən böyük hərbi bazasından gedir ki, bu bazada Ermənistandadır. Avropanın isə Ermənistanda belə bazası yoxdur.

- Reallıq odur ki, bu gün erməni cəmiyyəti acdır. Sizcə, ac xalqa daha çox pul lazımdır, yoxsa xarici hərbi baza?

- Sözsüz ki, pul lazımdır. Ancaq nəzərə almaq lazımdır ki, indiyə qədər də Avropa və onun müxtəlif strukturları Ermənistana milyonlarla dollar vəsait verirdi. Bu vəsaitlər əslində oğurlanıb və məqsədyönlü şəkildə istifadə edilməyib. Görək bu dəfə necə olacaq...(Teleqraf)


Geri dön