Ana Sayfa > Karusel / Siyasət / Yazar > “Biz Şuşaya qalxdığımız iradə ilə Xankəndiyə enişin ən mümkün yollarını tapmalıyıq...”
“Biz Şuşaya qalxdığımız iradə ilə Xankəndiyə enişin ən mümkün yollarını tapmalıyıq...”4-07-2021, 22:24. Yazar: Admin |
Erməni dilində başlıq qoyub video paylaşmışdılar. Erməni gülüşəçi kürəyində milli geyimimiz olan idmançımıza qalib gəlirdi və bütün məşqçi heyəti şadyanalıq edirdi. Azərbaycan dilində də illər öncəsi də, indilərdə də sosial şəbəkədə qürurverici məlumatlar paylaşılıb. Təqribən məzmunu belədir: idmançımız erməni rəqibini darmadağın edərək çempion oldu. Hələ şahmatda Teymurun və ya Şəhriyarın Levon Aroyan üzərində qələbəsini necə fəxrlə söylədiyimizi burada xatırlamağı artıq sayıram. Qısacası erməni üzərində qələbə bizim üçün ayrı bir əhval-ruhiyyə deməkdir və anoloji olaraq Ermənistan auditoriyasında azərbaycanlı üzərində qələbə də haradasa buna bərabər bir hal deməkdir. İndi ortada idman yarışına qatılan idmançının halına bir nəzər salaq. Qalib gəlsən qəhrəmansan, məğlub olsan gözdən düşmüş birisi. Ötən gün erməniyə məğlub olmuş güləşçimizin gözlərinə videodan belə baxmaq çox çətin idi. Həyatının bəlkə də ən qəbahətli gününü yaşayırdı. Bir qrup idmançı var ki, heç bir ciddi titul əldə etməsələr də, hansısa əyalət döyüşündə qalib gəldiyi erməni obrazını ömür boyu özi ilə gəzdirir, bunu tərcümeyi-halında xüsusi olaraq vurğulayır. Bunlar normal insani davranışlardır, uzun illər erməni vəhşiliyinin hədəfi olmuş bir etnik kimliyin, dini kimliyin təmsilçisi üçün savaş meydanındakı məğlubiyyətin təsəllisi kimi baxılıb idmanda, musiqi yarışında, KVN rəqabətində erməni üzərində qazanılmış uğura. Böyük məğlubiyyət yaşamış bir millət ayrı-ayrı ictimai həyat sahələrində qazanılmış kiçik qələbələrlə öz tapdanmış qürurunu yenidən canlandırdığını düşünüb. Erməninin olduğu hər yerə, hər məkana bir savaş meydanı kimi baxılıb və bir idmançının, bir musiqisinin, bir yazarın, bir rəssamın, bir diplomatın, bir siyasətçinin çiyninə bütöv bir xalqın yenidən dirilişinin məsuliyyəti yüklənib sanki. Hər yerdə məğlubiyyətlə yanaşı qələbələr də olurdu və biz də bir xalq olaraq hansısa övladımızın obrazında buna sevinə bilirdik. Bircə savaş meydanında bu qələbəyə həsrət qalmışdıq və Mübariz İbrahimovun fərdi qəhrəmanlığından başqa bir hadisə ilə təsəlli tapa bilmirdik. Nəhayət ki, 44 günlük savaşda qazanılan şanlı qələbə bizim yenidən dirilişimizin başlanğıcı oldu. Biz artıq torpağını itirmiş və geri qaytarmaqda aciz olan üzüqara xalq deyildik. Biz uzun illərin töhmətindən, əzabından başını yuxarı qaldıra bilmiş döyüşən, savaşan və qalib gəlməyi bacaran bir xalq idik. Bizim qırışığımız artıq idmanda da, Avropa Şurasında da, Rusiya bazarında da, London birjasında da, ayrı-ayrı səhnələrdə də açılıb, yanımızdan ötən erməni artıq xeyli kiçilib, büzüşüb, daha da miskinləşib. Demək ki, bizim dəyişməli olduğumuz vacib bir məqam da var: bu da erməni ilə rəqabətin sahəvi dəyişiminin baş verməsi ilə bağlı məqamdır. Artıq idmanda, sənətdə, ədəbiyyatda bu rəqabəti, kiçik bir qələbədən doğan atəşfəşanlığı bir kənara qoymalıyıq. Biz artıq bir idman yarışında hədəf olaraq erməniyə qalib gəlməyi düşünürüksə, deməli 44 günlük savaşdan sonra böyüyən, dirilən xalq obrazına bir qədər uyğun gəlmirik. Hərbdə, diplomatiyada, diaspora işində, lobbiçilik çalışmalarında, iqtisadi layihələrdə bölgə dövləti olaraq bizimlə düşmən olan Ermənistan əlbəttə bizə rəqibdir, onu himayə edən güclər də bizim müqavimət göstərməli olduğumuz hədəflərdir. Ancaq idmanda, KVN yarışmasında, sənətdə məhz erməniyə qalib gəlməyin bir fəzilət olduğunu düşünmürəm. Biz artıq ingilisə, amerikalıya, fransıza, almana, çinliyə qalib gələndə videolar paylaşıb sevinməliyik, rəqabət əyarımızı yüksəltməliyik. Bizim məğlub xalq olaraq erməni ilə rəqabətimiz anlaşılan idi, qalib xalqsa ilk növbədə öz hədəflərini böyütməyi bacarmalıdır. Ermənini isə bu gün daha dərindən öyrənməliyik, ciddi tədqiqat mərkəzi yaratmalıyıq, elm sferasında üstün kəşflər etməliyik, ordumuzu daha müasir texniki imkanlarla təhciz etməliyik, əsgərimizi irəlidəki mümkün savaşa daha peşəkarlıqla hazırlamalıyıq, yetkin diplomatik korpus yaratmalıyıq, insanlarımızın bölgədə məskunlaşmasının doğru yollarını təsbit etməliyik. Biz Şuşaya qalxdığımız iradə ilə Xankəndiyə enişin ən mümkün siyasi və diplomatik yollarını tapmalıyıq. Yəni keçici, kiçik qələbələrlə təsəlli tapmağı yekunlaşdırmasaq, qarşımızda duran böyük işlərin həllinə diqqətimizi çevik yönəldə bilməyəcəyik. Artıq Azərbaycan bölgənin ən güclü dövlətləri ilə rəqabət halındadır, buradakı uğurumuzu gətirəcək gedişlərə vaxtımızı və diqqətimizi daha çox sərf etməliyik. "Sarı gəlin", dolma, kamança mübahisələrimiz onsuz da həmişə gedəcək bu saxtakar millətlə, ancaq Şuşadan səslənən "Qarabağ şikəstəsi" qədər heç nə onları bu qədər şikəst etməyəcək. Qısacası, qalib millətin hədəfi, rəqabət əyarı böyümürsə, yenidən məğlubiyyət qüssəsinin içində nəfəssiz qalmağa başlayır. Biz bir də Cocuq Mərcanlı kəndi ilə təsəlli tapan xalq ola bilmərik. İdmançı qardaşım, özünü sındırma, o döşək üzərində bizə keçici sevinc vesən də olar, verməsən də. Qoy artıq bu kiçik qələbələrdən ermənilər təsəlli tapsınlar. Biz dünyaya Şuşa dağlarından baxan millətiksə əsas vəzifəmiz bu dağların bir də dumanın güdazına getməsinə yol verməməkdir. Fazil Mustafa, Millət vəkili Geri dön |