Ana Sayfa > Karusel / Müsahibə > “Mən Bəxtiyar Vahabzadədən min dəfə böyük adamam"

“Mən Bəxtiyar Vahabzadədən min dəfə böyük adamam"


31-03-2018, 17:14. Yazar: Admin

 

“Mən Bəxtiyar Vahabzadədən min dəfə böyük adamam
Kəramət Böyükçöl: "Harınları tənqid eləyə bilmirik, acığımızı klassiklərdən çıxırıq”  
 
Son illər Azərbaycan jurnalistikasının parlaq imzalarından sayırlar onu. Fərqli müsahibələri, ənənədən uzaq köşə yazıları ilə xeyli oxucu kütləsi də toplayıb. Amma Kəramət Böyükçöl deyəndə "Çöl” romanından daha çox, vaxtilə ANS-in efirində dediyi açıq-saçıq şeir və ya sosial şəbəkədəki hansısa status yada düşür. Amma yada düşürsə, sitat gətirilirsə və zaman-zaman qıcıq doğurursa, bu gənc adından söz etdirməyi bacarıb, deməkdir. Müzakirə mövzusu olmağa, müzakirələr yaratmağa səbəb olan birisinin hekayəsini, həyata baxışlarını, sevgisini, nifrətini, zəifliklərini və onu güclü edən detalları danışdıq.
"Qarabaginfo" "Musavat.com"a istinadən gənc yazar-jurnalist K.Böyükçölün müsahibəsini təqdim edir:
- Bəs, niyə səni o romanın, povestinlə yox, Elgizin verilişində dediyin şeirlə, qeyri-ciddi statusların və içkili vəziyyətdə Facebook üzərindən etdiyin canlı yayımlarla xatırlayırlar?
- Əvvəla, içkili canlı yayıma çıxmamışam. Amma çıxa da bilərəm. Mənim içib-içməməyimin məsələyə nə dəxli var? Söhbət nə danışdığımdan gedir. Guya içməyənlər çox ağıllı danışır? İkincisi, niyə Azərbycanda Namiq Qaraçuxurlu, Nadir Qafarzadə səviyyəsində müğənnilər, meyxanaçılar bu qədər tanınır və sevilir? Çünki insanların düşüncəsinin, təfəkkürünün qəbul və həzm etdiyi adamlar bunlardır. Çünki bu camaat mahiyyət və potensial etibarilə Namiq Qaraçuxurlu ilə mənəvi qohumdurlar. Onlar məni dilimi necə anlasın, necə başa düşsünlər? Fikir verin, mən 3 roman yazmışam, amma adamlar məni ANS-də gic bir şeirlə tanıyır. Yaxud, hansısa qalmaqallı müsahibəmlə, statsumla tanıyır. Niyə belədir? Axı mən ciddi əsərlər də yazmışam.
- O gic hesab etdiyin şeiri deməyəydin də... Niyə deyirdin? Tanınmağın yolunu bunda görürdün? "Priyom” idi?
- Mən bunu "priyom” kimi etməsəm də, bu cür görünür. Həmin verilişin mövzusu "Müasir ailə modeli necə olmalıdır” idi. Qonaqlardan bir neçəsi molla, bir neçəsi hüquqşünas və başqa-başqa sahənin adamları idi. Hamısı ilk məhəbbətin saflığından, sevənlərin əllləri bir-birinə dəyəndə necə titrəməyindən, beləcə gic-gic müzakirələr aparırdılar. Mən də bu şeiri deyib, sonda bildirmək istəyirdim ki, nə saf məhəbbət, nə təmiz hisslər, nə əl-ələ dəyəndə...?
- Kefli İsgəndərlik etmək istəyirdin?
- Belə çıxır da... Amma dediyim şeir yarımçıq kəsildi deyə mən də studiyanı tərk elədim. Siz Allah, indi hansı qızın əli oğlan əlinə dəyəndə titrəyir? Sevgi çoxdan ölüb gedib. Reallıqdan danışmaq lazımdır. İndi insanlar bir-birinə toxunanda cingilti səsi gəlir, elə bil dəmiri çəkiclə döyəcləyirsən. Adamlar bir-birinə sümük kimi toxunur. İnsanlar sanki, iliksiz gəzirlər. Hiss yox, emosiya yox, duyğu yox... Elə bil hamı vəzifədədir, özlərini robot kimi aparırlar.
"Ortada 5-6 istedad var, onları da dəli eləməyin”  
- Sən hansı çevrədə yaşayırsan, belə? Dediklərini təəccüblə dinləyirəm...
- Azərbaycanda yaşayıram. Bu məmləkətdə xeyirlə şər mübarizə aparsaydı, mən birmənalı şəkildə xeyrin yanında dayanardım və bütün çətinliklərə baxmayaraq, haqqın tərəfində olduğuma görə mənəvi rahatlıq tapardım. Amma Azərbaycanda şərlə şər dalaşır deyə mən və mənim kimi qələm adamları ortalıqda gic qalıblar. Deyirəm də, mənim yerim çöldür, ucu-bucağı görünməyən, göz işlədikcə baxdığın çöl...
- Hamının belə arzularını tez-tez eşidirik: bir tənha qəsəbəyə, bir kəndə köçərdim, qoyun-quzu saxlayardım... Konkret sənin qarşını kəsən nədir? Niyə getmirsən?
- Çünki tənha deyiləm. Atam var, anam var, bacı-qardaşım var, ailəm, uşağım var. Yoldaşım dərsə gedir, uşaq məktəbə gedəcək... Mən bir gün evə gəlməyəndə anam ağlayır. Bunları da özümlə aparım çölə?
- Valideynlərinlə birgə yaşayırsan yenə? Bir ara ayrılmışdın onlardan...
- Hə, atamla yola getmirdim, mübahisəmiz düşmüşdü, kirayə evə köçmüşdüm. Amma sonra gördüm ki, evin kirayə haqqı, dolanışıq şərtləri ağırdır. Anam da hər gün məndən ötrü ağlayırdı, darıxırdı. Elə mən də darıxırdım. Alınmırdı, qayıdıb gəldim. Dedim, yenidən birgə yaşayaq, görək necə olur (gülür).
- Macəra axtarırsan...
- Əlbəttə, elədir. Əgər o kənddə yaşamaq da alınmasa başqa yerə köçəcəm. Orda da alınmasa lap uzağa köçəcəm. Belə-belə, özümü aldada-aldada ömrü başa vuracam da. Bəs yazıçı necə olmalıdır? Macəra axtarmalıdır da. Yoxsa Elçin Əfəndiyev kimi ömür boyu kabinetdə oturub, kefi istəyəndə də gedib Yessentukidə roman yazmalıdır? Yazıçı içməli, nəşə çəkməli, səhvlər etməli, ictimai-siyasi proseslərin içinə girib-çıxmalı, bir sözlə, hər şeyin dadına baxmalıdır. Ailəsi dağılmalı, sonra yenidən ailə qurmalıdır. Hətta lazım gəlsə bir daha dağıtmalıdır. Çoxlu sevgililəri olmalıdır. Yazıçının yolu türmələrdən, məhkəmələrdən keçməlidir. Komplekslər içində yazıçı yetişər? Ona görə bizdə böyük yazıçı yoxdur. Biz istəyirik ki, həm yaxşı ailəmiz olsun, həm yaxşı vəzifəmiz olsun, deputat olaq, pulumuz, evimiz-eşiyimiz, fəxri adlarımız olsun, həm də yaxşı yazıçı olaq... Yuxuda!
- O dediyin məşəqqətli yol sonradan əsərə çevriləcəksə maraqlı olar.
- Mənim 30 yaşım var. Bu günə qədər 3 roman yazmışam. Eyni zamanda illərdir mediada yazılarımla, qələmimlə tanınıram. Deməli, yaza bilirəm də! Yoxsa hələ istedadımı sübut etməmişəm? Amma mənim həyatımda maddi rahatlıq olmalıdır. Bu rahatlıq məndə yoxdur. Və məni yazmağa qoymayan yeganə şey maddiyyatdır.
- Maddi rahatlıq baxımdan gözləntilərin nələrdir? Sənə jurnalistlərin binasından ev versinlər, ya hökumət aydan-aya pul ödəsin, ya da bir imkanlı insan gəlsin, sənə biznes qursun? Xəyallarının sərhədi hara qədər gedir?
- Əgər doğurdan layiqəmsə və mənə jurnalistlərin binasından ev verilsə, onu qızıma bağışlayacam. Mənim yaxşı bir roman yazmağım üçün 10 min manat pul lazımdır. Amma kimsə mənə pul verib, sonra nəyisə diqtə edəcəksə ki, filan şeyi filan elə, o pul mənə lazım deyil.
- (Gülərək) Pulu verəndə əvvəldən anons etmirlər ki, sənə sonra nəyisə diqtə edəcəyik. Pulu verirlər, şəraiti yaradırlar, sonra...
- Bu gün Azərbaycanda barmaqla sayılacaq qədər istedad var. Hansısa bir imkanlı adam həmin şəxslərə desə ki, sən istedadlısan, al bu qədər pul, buralarda avaralanma, müsahibə almaqla, köşə yazmaqla özünü öldürmə, şələ-şüləni də yığ və get romanını yaz! O pulun müəyyən hissəsin ailəmə verəcəm ki, dolansın. Qalanına da bahalı içkilər alacam, başlayacam yazmağa. 10 min manat onlar üçün nədir ki? Yenə deyirəm: qarşılıqsız! Bircə çox "sağ ol” deyə bilərəm. Əgər aldığın o pula görə əxlaqını, mənəviyyatını kirlədəcəksənsə bəs romanı hansı içlə, hansı ürəklə yazacaqsan? Məsələ budur. 
"Ehtiyatda gül kimi intiharım var. Bəd ayaqda gedib, özümü atacam”
- Dünyanın heç yerində elə şey yoxdur. Heç bir imkanlı adam dünyanın heç yerində yazıçıya pul verib, bahalı içki almır ki, get roman yaz. Nəşriyyatlar sifariş verir, qonarar ödəyir, yazıçı yazır...
- Bura Azərbaycandır e, gözümüzün qabağında əlli iki min hoqqadan çıxırlar. Guya burda baş verən hadisələr dünyanın harasında baş verir ki? Mən bir romana görə 10 min pul istəyəndə deyirsiniz ki, dünyanın heç bir yerində belə şey yoxdur. Azərbaycanda hər şey baş verə bilir, bir yazıçıya 10 min verə bilmirlər ki, get bir romanını yaz? İkincisi, mən bu pulu nəşriyyatdan gözləyirəm. Amma naşirlər verirmi? Yox! Kitab satılırmı? Yox! Mən də məcbur olub bunu hansısa məmurdan, hansısa biznesmendən gözləyirəm ki, bir gecəyə xərclədiyin puldur, ver gedim xalqımız üçün ədəbiyyat yaradım. Heç kəsdən də pul dilənmirəm. Yenə deyirəm, bunu naşir eləməlidir. Etmirsə, belə bir şərait yoxdursa, bəs yazıçı nə etməlidir? Jurnalist işləməlidir?
Bəzən yazıçıları hökuməti müdafiə etdiklərinə görə qınayırlar. Niyə müdafiə etməsin ki? Bu qədər yazıçını hökumət dolandırır da  - ev verir, prezident təqaüdü verir, media holdinqlərdə iş verir. Xalq yazıçının nəyindən narazıdır? Yoxsa yazıçını xalq dolandırır? Bəs niyə ondan umur?
- Xalq o yazıçıya, şairə hörmət etmək zorundadır? Axı hörməti olmayan yazarın kitabı da alınmaz, oxunmaz...
- Hörmət eləmir, eləməsin. Bu camaatın hörməti mənə lazım deyil. Guya hörmət elədiklərinin kitabını oxuyurlar? Ola bilər, emosiya hissi ilə danışıram. Amma bütün hallarda bir məsələdə haqlı olduğuma əminəm: ortada 5-6 istedad var, onları dəli eləməyin. Şərait olmalıdır ki, onlar öz yaradıcılıqları ilə məşğul olsunlar, üstəlik də şəxsiyyətini, mənəviyyatlarını qorusunlar.
- Siz də dəli olmayın da... İçinizdə daxili senzura olsun, tamahınızı kontrol edin. Təkcə sənə  aid deyil, jurnalistlərə də aiddir. İnsanlara heç nəyi əvəzsiz vermirlər.
- Dəli olmamaq mümkün deyil. Azərbaycanda yasaq mövzular var. Bilirsən ki, kimdən yaza bilərsən, kimdən yox. Balaca bir ölkədir. Bu gün axşam mən gedib Zahid Orucla yeyib-içirəmsə, sabah ondan tənqidi yaza bilmirəm. Yazaram, bir şərtlə ki, gərək şotu özüm verim. (gülür) Məndə başqa cür alınmır. Belə-belə içində daxili senzura yaranır. Qələm adamlarında da hirs, emosiya hardansa vurub çıxmalıdır da. Harınları tənqid eləyə bilmirik, acığımızı klassiklərdən çıxırıq.
- Və Bəxtiyar Vahabzadəni, Əhməd Cavadı, Xəlil Rzanı elə bir üslubda, elə sözlərlə tənqid edirsən ki, avtomatik nifrət obyektinə çevrilirsən.
- Mənim hələ nifrət qazanan vaxtımdır. Üslub da ona görə sərt seçilir ki, hədəfə çatsın. Yüngül desəm, dəyməyəcək. 
"Cəmiyyətin nifrəti məni narahat etmir. Əksinə, onlar məni sevəndə narahat oluram ki, görəsən, harda səhv eləmişəm ki, bu adamlar məni sevir?”
- Amma sonra nifrət olaraq sənə qayıdır.
- Mən bu cəmiyyəti yaxşı tanıyıram. Bir qəzet manşeti, bir televiziya verilişi ilə bunların sevgisini də, nifrətini də qazanmaq mümkündür. Bunların nifrəti məni narahat etmir. Əksinə, onlar məni sevəndə narahat oluram ki, görəsən, harda səhv eləmişəm ki, bu adamlar məni sevir? Nə Bəxtiyar Vahabzadə, nə Əhməd Cavad, nə Xəlil Rza, nə də girləri, ümumiyyətlə, heç kim bir insanın özünü azad şəkildə ifadə etmək haqqından ucada dayanmır. Mən bu prinsiplə yaşayıram. Mənə o qədər söyüş, təhqir yazırlar ki... Onları silə, ya da götürüb bloka ata bilərəm. Amma silmirəm. Deyirəm, qoy o da özünü bu şəkildə ifadə etsin. Amma tam əminliklə deyirəm, bu insanlara demokratiya vermək çox təhlükəlidir. İki insanı bir fikir ətrafında birləşdirmək olmur. Bunlar nə bilir demokratiya nədir? Axı sənin düşüncənə, təfəkkürünə demokratiya toxumu hələ səpilməyib.
- Anlamadım, sənin klassikləri tənqid etmən demokratiyadır, sənə verilən cavablar vəhşilik? Sən öz demokratiya hüquqlarından istifadə etmisənsə, qarşı tərəfə də sənə cavab vermək haqqı tanımalısan.
- Mən tənqid edirəm. Klassikə varyox söyüşü söyürəm? (gülür) Bu adam isə yazır ki, nömrəni qoy, gəlirəm başını kəsməyə. Əvvəlcə ayırd etmək lazımdır ki, təhqirlə tənqidin fərqi nədir. Ortada incə bir sərhəd var. Səməd Vurğun Məmməd Əmin Rəsulzadəyə "şarlatan” deyib. Bu, təhqirdir? Mən kimə o səviyyədə söz demişəm?
- Səməd Vurğun Səməd Vurğun olandan sonra belə söz dediyi üçün şimşəkləri öz üzərinə o qədər çəkməmiş ola bilər. Amma nə ədəbiyyatda, nə mətbuatda, nə də həyatda özünü lazımi qədər təsdiq etmiş Kəramətin Xəlil Rzaya dil uzatması getdiyi qonaqlıqda söyüş söyərək, diqqət cəlb etməyə çalışan balaca uşağın hərəkətinə bənzəyir. Söyüş, təhqir hər zaman diqqəti cəlb edir.
- Görünür, biz bir-birimizi anlamırıq. Onda siz deyən olsun, bəli, istəyirəm, diqqət cəlb edim, insanlar məni söysünlər, müzakirə etsinlər, ona görə də klassiklər haqqında sərt sözlər yazıram. Ay balam, əhəmiyyət verməsinlər, baş qoşmasınlar da. Desinlər ki, ağlı yoxdur. Görürsən ki, vəziyyət pisdir, üzr istəyirsən. Onda da deyirlər ki, peşman olacaqdınsa bunu niyə deyirdin? Nə edim? Sənlə əlbəyaxaya çıxım? Peşman olmadım e, peşman elədiniz! Guya mən üzr istəməklə anladım ki, Xəlil Rza böyük şair imiş? Bəxtiyar Vahabzadə 17 cild şeir yazıb. Qardaş, 17 cild şeir olar? Bütün dərslikləri də onun şeirləri ilə doldurmusuz. Mən Bəxtiyar Vahabzadədən min dəfə böyük adamam. Onun 17 cildlik kitabında cəmi 17 şeir yoxdur. Əgər bu oxucu mənim hekayələrimi, romanımı oxumayıbsa, məni ANS-də dediyim gic bir şeirimlə tanıyıbsa günah məndədir? 
"Azərbaycanda şərlə şər dalaşır deyə mən və mənim kimi qələm adamları ortalıqda gic qalıblar”
 
- Kimin günahıdır?
- Avropadan Azərbaycana söyüş söyən adamlar bilirsiz niyə tez tanındı, tez məşhurlaşdı? Çünki o adamlar cəmiyyətin səviyyəsinə bələddilər. Fikirlərini əllərində pivə butulkası, oynaya-oynaya, söyü-söyə deyirlər. Gətir Şirməmməd Hüseynovu, Rafiq Əliyevi çıxar, bu camaata bir-iki kəlmə söz desin, deyəcəklər ki, alə, bu kimdir, nə danışır? Ağıllı söz başa düşmürlər axı. Gətir pivə butulkası ilə oynaya-oynaya, bambılılıq edə-edə söz de, hamı deyəcək ki, afərin.
Bayaq Rauf Arifoğlu mənə dedi ki, sənin ən böyük üstünlüyün gəncliyindir. Bəli, biz də gəncliyimizdən istifadə edərək, müəyyən manevrlər edirik. Cavanıq, vaxtımız çatanda, vəzifəmiz olanda biz də müdrikləşəcəyik. Daha ucuz kafelərdə içməyəcəyik ki, bizi heç kim görməsin. Bahalı, lüks otellərdə vuracağıq.  
- Atanla mübahisələrini elə sənin yazılarından, statuslarından izləyirik. Sənə elə gəlmirmi ki, bir müddət sonra elə sən də fikirlərini, yanaşmasını qəbul etmədiyin Qəşəm Nəcəfzadəyə dönüşəcəksən? Ən azı həyat səni ona dönüşdürəcək...
- Bəli, hələ cavanam, emosional danışıram. Amma əminəm ki, bu cəmiyyətdə sənin övladın, qızın, ailən varsa, əvvəl-axır mütləq məğlub olacaqsan. Çünki sən bu həyatda özündən ibarət deyilsən. Təkcə özümdən ibarət olsam, deyərəm ki, ehtiyatda gül kimi intiharım var. Bəd ayaqda gedib özümü atacam. Qəşəm isə mənim haqqımda heç vaxt ədəbiyyat adamı kimi danışmır. Ancaq ata kimi danışır.
- Sənin əvəzinə üzr istəyir...
- Bu, onun ata mövqeyidir də, şair mövqeyi deyil ki... Bəlkə də adamlara deyir ki, mənim oğlumdur, ona güzəşt edin, keçin. Əslində bilir ki, mən düz edirəm. Azərbaycanda heç vaxt Qəşəm Nəcəfzadə ilə mənim kimi səmimi ikinci ata-oğul olmayıb. Nə ədəbiyyatda, nə də həyatda. Atamla bir-birimizə siqaret veririk çəkməyə, dostlarımla necəyəmsə elə. Heç onu şair kimi qəbul eləmirəm də. Ata kimi daha gözəldir. 
"Yazıçı içməli, nəşə çəkməli, səhvlər etməli, ictimai-siyasi proseslərin içinə girib-çıxmalı, bir sözlə, hər şeyin dadına baxmalıdır. Ailəsi dağılmalı, sonra yenidən ailə qurmalıdır. Hətta lazım gəlsə, bir daha dağıtmalıdır. Çoxlu sevgililəri olmalıdır. Yazıçının yolu türmələrdən, məhkəmələrdən keçməlidir. Komplekslər içində yazıçı yetişər? 
 - O gün yazmışdın ki, atamı siqaret almağa göndərmişəm, gəlib çıxmaq bilmir. Bunun adı səmimilikdir?
- Onu zarafatla yazmışdım. Atamla zarafatımız var. Çöpəgülən cəmiyyətdir də... Ən çox gülməli statuslara layk gəlir deyə elə yazmışdım. Bunların damarını bilirəm. İkincisi, öz atamdır, özüm bilərəm. İncimir, küsmür. Atam mənə heç vaxt tərbiyə verməyib. Məni o qədər azad, rahat buraxıb ki... Atam mənə tərbiyə versəydi, indi qarşınızda oturan Kəramət olmazdım. Bir də görürsən, haqqımda yazırlar ki, Kəramət ailə tərbiyəsi görməyib. Nədir bu ailə tərbiyəsi? Sən bilirsən ki, siqareti çəkib yerə atmaq olmaz, tumu çıtlayıb parka tökmək olmaz, avtobusda, qocaya, əlilə yer vermək lazımdır və s. Xəlil Rzanı, Bəxtiyar Vahabzadəni tənqid eləmək və qəbul eləmək üçün ailə tərbiyəsi görmək lazımdır?
Məsələn, mən əminəm ki, gələcəkdə imkanım da olsa, atamın cild-cild kitablarını dərc etməyəcəm, ona yekə-yükə yubileylər keçirməyəcəm.Tərbiyə budur. Atam yaxşı şairdirsə, şeirləri onsuz da yaşayacaq. Oğul kimi onun yaradıcılığının yaşaması üçün canfəşanlıq göstərməyi düşüklük hesab edirəm. Tutaq ki, sən yoxsan, bəs atan şair kimi necə yaşayacaqdı?
Ümumiyyətlə, mən bu insanları maarifləndirmək kimi bir missiyanı öz çiyinlərimdə hiss etmirəm. Bunları maarifləndirmək mənə qalıb? Ürəkləri necə istəyir, elə də yaşasınlar. Mən sadəcə, narahatam ki, kitabımı alsaydılar, bir az pulum olardı, gedib yeyib-içərdim, sonra yenə əsər yazardım.
"Mən bu pulu nəşriyyatdan gözləyirəm. Amma naşirlər verirmi? Yox! Kitab satılırmı? Yox! Mən də məcbur olub, bunu hansısa məmurdan, hansısa biznesmendən gözləyirəm ki, bir gecəyə xərclədiyin puldur, ver gedim, xalqımız üçün ədəbiyyat yaradım”
 - Çox səmimisən...
- Çox səyəm (gülür). Yox axı, mən romanı ona görə yazmışam ki, pul qazanım. Mənim nəyimə lazımdır bunları tərbiyələndirim, bunları maarifləndirim? Dünyada nə qədər oxunmalı kitablar, gedib oxusunlar da. Həm də bunları tərbiyələndirmək qeyri-mümkündür. Mirzə Cəlil, Sabir bunların əlindən vərəmlədi öldü. Heç nə dəyişməyib. Mirzə Cəlilin qoyub getdiyi xalqdır. Şeyx Nəsrullah da var, Xudayar bəyi də, Məhəmmədhəsən əmisi də, Kefli İsgəndər də...
- Gələn il bu vaxt özünü harda görürsən? Hesab edək ki, bir dövlət idarəsindən yaxşı bir vəzifə təklifi gəldi – yüksək məvacib, şərait, yüksək şərtlər... Kiməsə müsahibə üçün müraciət etmək, o müsahibəni diktofondan çıxarıb, onun özünə oxutmaq dərdi yox... O təklifi qəbul edərsən?
- Aynur xanım öz media holdinqində mənə o qədər yüksək məvacib verir ki, inanmıram, hansısa vəzifədə o qədər maaş verilsin. Amma zəhmətimlə qazanıram. İşləməsəm verməz. Özü də Aynur xanımla işçi-müdir münsibətlərimiz yoxdur. Biz dostuq. Amma inanın, işləməkdən, qonarar üçün yazı yazmaqdan o qədər yorulmuşam, o qədər bezmişəm ki... Allaha and olsun, müsahibə köçürməkdən adamların səsi qulağımda bir-birinə qarışıb, elə bil, Milli Məclisdir. Beynim yara olub. İnsana bu qədər əzab verməzlər. Bu uşaq yazı yazmağı bacarır da! Şərait yaradın, gedib yaradıcılığı ilə məşğul olsun. Yaratmırsınız da, özünüz bilin!
- Üsyanın kimədir?
- Hamıya!

Geri dön