Ana Sayfa > Karusel / Multimedia > Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı faktlar açıqlanıb

Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı faktlar açıqlanıb


29-06-2021, 17:45. Yazar: Admin

 

Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı faktlar açıqlanıb

“Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 %-i qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalanır”.

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı deyib.

Nazirlik rəsmisi bildirib ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır: "Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər".

"Heç kəsə sirr deyil ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir"- deyə E.Qarabağlı əlavə edib.

O vurğulayıb ki, ekoloqlar işğaldan azad edilən Zəngilan rayonu ərazisindən axan yerli çaylarda monitorinqlər aparıb: "Oxçuçaydan bu ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Nazirliyin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel - 7 dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb".

Aparılan monitorinqlər nəticəsində çay suyunda müxtəlif vaxtlarda - bolsulu və az sulu dövrlərdə ümumilikdə ağır metallar ilin bütün fəsillərində normadan dəfələrlə artıq olub. Bununla bağlı qeydə alınan faktların bəzilərini təqdim edirik:

- 09.01.2021 tarixində: nikel normaldan 7,1 dəfə çox olub.

- 28.01.2021 tarixində: manqan 3,6 dəfə, dəmir 4,6 dəfə, nikel 5,7 dəfə, kadmiyum 3,5 dəfə, ammonium 1,6 dəfə, qurğuşun 1,3 dəfə, sink 1,2 dəfə, molibden normadan 2,5 dəfə çox olub.

- 05.02.2021 tarixində: manqan 2 dəfə, dəmir 3,5 dəfə, nikel 3,6 dəfə, molibden normadan 1,7 dəfə çox olub.

- 09.02.2021 tarixində: dəmir normadan 1,8 dəfə, molibden 1,4 dəfə, manqan 1,9 dəfə çox olub.

- 26.02.2021 tarixində: manqan 3.2 dəfə, dəmir 5.2 dəfə, nikel 1.4 dəfə, molibden normadan 1.3 dəfə çox olub.

- 04.03.2021 tarixində: dəmir 2,8 dəfə, manqan normadan 3,6 dəfə çox olub.

- 10.05.2021 tarixində: dəmir 1,8 dəfə, kadmiyum normadan 1,4 dəfə çox olub.

- 21.05.2021 tarixində: dəmir normadan 2 dəfə çox olub.

- 07.06.2021 tarixində: ağır metallardan olan dəmir normanı 1,1 dəfə çox olub.

- 14.06.2021 tarixində: transsərhəd mənbədən götürülən su nümunəsindəki dəmirin miqdarı 2,2 dəfə, Zəngilan şəhərində alınan su nümunəsində dəmirin miqdarı 1,5 dəfə, manqanın miqdarı 1,1 dəfə normadan çox olub.

Şöbə müdirinin sözlərinə görə, martın 7-də Oxçuçay çayının Zəngilanın Şayıflı və Cahangirbəyli kəndlərindəki hissəsində aparılan vizual monitorinq zamanı Azərbaycanın "Qırmızı kitab"ına daxil edilən 227 kiçik qızılxallı balıq və 330 şirbit balıqlarının kütləvi ölümü müşahidə edilib: "Balıqların ölümünə səbəb çayın suyundakı dəmir, mis, nikel, molibden və digər ağır metalların çoxluğu olub. Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri nazirliyin sifarişi əsasında Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunan və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb (“Societe General de Survelliance Azeri Ltd” LLJ ilə müqavilə əsasında). Oxçuçay çayından götürülən su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin kritik olduğu aşkar edilib".

E.Qarabağlı vurğulayıb ki, çayların böyük bir hissəsinin Azərbaycan ərazisinə axdığı Ermənistan hələ də Transsərhəd Su hövzlərinə dair Helsinki Konvensiyasına qoşulmayıb: "1992-ci ildə Helsinki (Finlandiya) şəhərində qəbul edilmiş bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır. Bunu nəzərə alaraq nazirlik Oxçuçayın ekoloji böhranı və kritik vəziyyəti, o cümlədən Ermənistan tərəfindən davamlı çirkləndirilməsi baxımından çay və onun ekosistemi üçün gözlənilən ekoloji risklər barədə məlumatlandırma və çirklənmənin qarşısnın alınması məqsədilə beynəlxalq təşkilatlara müraciət edib.

Bununla əlaqədar UNEP-in Avropa Ofisinin direktoru Bruno Pozziyə, UNECE-nin icraçı katibi Olga Algayerovaya göndərilən məktublarda Oxçuçayın ekoloji böhran vəziyyətində olması və məsələnin ciddiliyi barədə məlumat verilib, Ermənistan tərəfindən bölgənin unikal ekosisteminin dönməz məhvinə səbəb olan transsərhəd çirklənmənin qarşısını almağa çağırış edilib.

Oxçuçayın ekoloji deqradasiyası barədə və Ermənistanın belə davamlı çirkləndirmə fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələbi ilə UNECE-nin Konvensiya katiblərinə - Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi üzrə Katib cənab Sonja Koeppelə, eləcə də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyanın Katibi xanım Tea Aulavuoya da müvafiq müraciətlər edilib.

Eyni zamanda, İran İslam Respublikası Ətraf Mühit İdarəsinin Rəhbəri İsa Kalantariyə hər iki ölkənin ətraf mühitinə təsir edən bu mənfi transsərhəd təsirin qarşısının alınması üçün ortaq hərəkətlərin zəruriliyini əks etdirən məktub göndərilib. Eyni zamanda bu problemin birlikdə həll olunmasına xidmət edəcək ortaq işçi qrupun yaradılması təklif edilib.

Nazirlik beynəlxalq təşkilatlarla yanaşı Alman Bundestaqına, Yaşıllar fraksiyası nümayəndələrinə müraciət edərək Almaniyanın “Kronimet Holding” şirkətinin əsas səhmdarı olduğu Qacaran mədənini işlədən “Zəngəzur Mis Molibden Zavodu”nun ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə törədən fəaliyyətinə diqqəti yönəltməyə dəvət edib.

Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin sədri Sylvia Kotting-Uhl-a, Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin spikeri Steffi Lemkeye və Alman Bundestaqında Yaşıllar Fraksiyasının Ətraf Mühit Siyasəti üzrə sözçüsü Bettina Hoffmanna müvafiq müraciətlər və məktublar ünvanlanıb.

Məktublarda nazirlik tərəfindən Alman hökuməti, vətəndaş cəmiyyəti və ictimaiyyətinin bu məsələyə tezliklə münasibət bildirməsinə dair gözləntilər ifadə edilib. Bununla yanaşı məktublarda Ermənistandakı çoxsaylı ekoloji təşkilatların da Oxçuçayın Ermənistan ərazisində ciddi çirklənməyə məruz qalması ilə əlaqədar qaldırdıqları narahatlıqlar, erməni media mənbələrindən faktlar da təqdim edilib".

Qeyd edək ki, Araz çayının sol qolu olan Oxçuçay çayının uzunluğu 83 km, sahəsi 1,175 km2-dir. Mənbəyini Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Çayın böyük hissəsi Ermənistanın Sünik bölgəsində (Azərbaycanın Zəngəzur adlanan tarixi bölgəsidir) yerləşir, aşağı məcrası erməni işğalından azad edilmiş Zəngilan rayonu ərazisindən axaraq Araz çayına tökülür. Əsas axınını qar (46%), yağış (10%) və yeraltı (44%) sular formalaşdırır. Orta illik su axını 10 m3/san, orta illik həcmi 315 milyon m3-dir. İllik axının 40% -i yaz dövründə, 43% -i yayda, 10% -i payızda, 7% -i qış mövsümündə formalaşır.


Geri dön