Ana Sayfa > Karusel / Gündəm > Həkim: "Azərbaycanda "Delta" ştammının yayılmaması üçün ciddi tədbirlər görülməlidir"

Həkim: "Azərbaycanda "Delta" ştammının yayılmaması üçün ciddi tədbirlər görülməlidir"


29-06-2021, 10:16. Yazar: Admin

Həkim: "Azərbaycanda "Delta" ştammının yayılmaması üçün ciddi tədbirlər görülməlidir"

 

Bir müddət əvvəl Hindistanın Maharaştra ştatında ilk dəfə qeydə alınan koronavirusun “delta plus” (B.1.617.2.1) adlı yeni ştammı sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bir neçə gün öncə keçirilən brifinqdə Delta koronavirus ştammının 92 ölkədə qeydə alındığını açıqlayıb. Təşkilatın məlumatına görə, bəzi peyvəndlər sürətlə yayılan Delta variantına qarşı daha az təsirli olur. Bu ştammın artıq qonşu Gürcüstanda da qeydə alınması ölkəmiz üçün real təhlükəyə çevrilib.

İyunun 24-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu günə kimi Azərbaycanda “Hindistan ştammı” (Delta) rəsmi şəkildə qeydə alınmayıb.

Mövzu ilə əlaqədar Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib ki, Azərbaycanda koronavirusun "Delta" ştammının kütləvi yayılmaması üçün qabaqlayıcı ciddi tədbirlər görülməlidir: "Bu gün İngiltərədəki rəsmi hesabatlara baxdıqda görürük ki, "Delta" variantı həftəlik təxminən 50 %-ə qədər qalxır və bu yoluxmalar da ən çox 10-39 yaş qrupu arasında, yəni ya peyvənd almayanlar, ya da bir dəfə peyvənd olunanlar arasında rast gəlinir. Bu da onu göstərir ki, artıq yeni və qətiyyətli qərarlar verməyin vaxtıdır və məhz buna görə də orada artıq nəzərdə tutulan vacib yumşalma tədbirlərinin icrası 1 ay gecikdiriləsi oldu".

Azərbaycanlı alimin sözlərinə görə, bu gün azsaylı elmi tədqiqatlar onu deməyə əsas verir ki, "Delta" variantının yayılma sürəti daha çoxdur: "Bu ştamma yoluxma səbəbindən xəstəxanaya düşmə riski də daha çoxdur. Ona görə də Azərbaycanda da qabaqlayıcı tədbirlərin görülməsinə ciddi əsas var. Ciddi əsas həm də ona görə var ki, İngiltərədə "Delta" variantına yoluxub ölənlər arasında hər iki peyvənd dozasını alan insanlar da olub. Yəni, əvvəllər də dediyim kimi müəyyən ölkələrdə sadəcə peyvənd çıxış yolu deyil, təəssüf ki, eləcə də Azərbaycanda".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus iyunun 26-da Cenevrədə keçirdiyi brifinqdə "Delta"nın peyvənd edilməmiş əhali arasında sürətlə yayıldığını bildirib. O, “Delta”nı COVID-19 mutasiyaları arasında təsbit edilən ən yoluxucu variant adlandırıb.


Geri dön