Rusiya Erməniləri İttifaqının prezidenti, bu günlərdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Qarabağa qanunsuz silah təchizatını təşkil etdiyi üçün barəsində cinayət işi qaldırılan və beynəlxalq axtarışa verilən milyarder Ara Abrayan Ermənistanı bu seçkilərdən sonra “daha böyük böhranın gözlədiyi” haqda xəbərdarlıq edib.
Qarabaginfo.az xəbər verir ki, Ara Abramyan növbədənkənar seçkilərin “ola bilsin seçki məntəqələrinə gələn insanların iradəsini qeydə aldığını” etiraf edib, amma nəticələrin erməni cəmiyyətinin əhvalını və istəklərini ifadə etmədiyini bildirib.
Ara Abramyan özü bu yaxınlarda “Evimiz-Ermənistan” partiyasını təsis edərək siyasətə qatılıb. O, “yalana və saxtakarlığa” əsaslana təbliğat kampaniyasının məntiqi sonluğuna çatdığını deyir. Bildirir ki, çoxsaylı pozuntular qeydə alınıb.
“Təəsüf ki, bizim tərəfimizdən 2018-ci ildə verilmiş proqnoz özünü doğrultdu, indi isə biz görürük ki, mütləq hakimiyyətə malik olan və yenidən yaranan bu siyasi qüvvə xalqın və ölkənin maraqlarından irəli gələn hər hansı vəzifənin öhdəsindən gəlmək iqtidarında olmayacaq. Siyasi texnologiyaların köməyi ilə yenidən insanların inamından və sadəlövhlüyündən sui-istifadə edildi”,-o deyib.
Ara Abramyan bildirib ki, bir müddət sonra ölkə yeni acı həqiqətlə qarşılaşacaq və daha böyük böhranın şahidi olacaq. Siyasi, iqtisadi, sosial problemlər daha da dərinləşəcək. “Ermənistanı ciddi daxili və geosiyasi sınaqlar gözləyir”,-Kremlə yaxın erməni oliqarx xəbərdarlıq edib.
Ara Abramyanın Ermənistanı daha betər günlərin gözlədiyi barədə xəbərdarlıq etdiyi bir vaxtda Paşinyan xarici ölkə liderlərindən ilk təbriki alıb. Gürcüstan baş naziri İrakli Qaribaşvili onu qələbə münasibətilə təbrik edən ilk xarici ölkə başçısı olub. Qaribvaşvili özünün Tvitter səhifəsində Nikol Paşinyanı seçkilərdə əldə etdiyi qələbə və seçkilərin “uğurlu təşkilinə” görə təbrik edib.
“Uğurlar arzu edirəm və yeni hökumətlə sıx əməkdaşlığa ümid edirəm”,-Qaribaşvili bildirib.(Virtualaz.org)