Ana Sayfa > Karusel / Siyasət > Dövlət başçısı: "Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır"

Dövlət başçısı: "Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır"


14-06-2021, 19:46. Yazar: Admin

 

#

“Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün birinci xanım Mehriban Əliyeva ilə Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olarkən deyib.

“Köndələnçay su anbarına mən bir müddət bundan əvvəl bir heyət göndərmişdim. Bu anbarın vəziyyəti araşdırıldı və həyat bu bölgəyə qayıdandan sonra əlbəttə ki, biz bu sudan istifadə edəcəyik. İşğal dövründə mənfur düşmən bizi sudan məhrum etmişdi. Sərsəng su anbarı, Suqovuşan su anbarı düşmənin əlində olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusu qazılmışdır. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi. Mənə bu yaxınlarda verilən məlumata görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır. Eyni zamanda, Ağdam rayonunda Xaçınçay su anbarı da bizim nəzarətimizdədir, işğaldan azad edilib və o su anbarı bu su anbarından həcm baxımından daha böyükdür. Bir daha demək istəyirəm ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bizə böyük üstünlük verəcəkdir.

Biz doğma torpaqlarımıza qayıtmışıq, Füzuliyə qayıtmışıq, Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq”, - deyə dövlət başçısı bildirib.

 


Geri dön