“Ötən bir ayla müqayisədə yerli və idxal olunan tikinti materiallarında qiymət artımı nəzərə çarpır”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri tikinti materiallarının qiyməti ilə bağlı vəziyyətin əmlak bazarına mümkün təsirlərini dəyərləndirən əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov Yenicag.az-a açıqlamasında bildirib.
Ekspert vurğulayıb ki, ötən illə müqayisədə bu il əksər tikinti materiallarının qiymətində bahalaşma müşahidə olunur:
“Yay fəslinin, həmçinin tikinti mövsümü olduğunu nəzərə alsaq, hazırda inşaat sektorunda ciddi canlanma var. Bu və digər amillər ölkədə tikinti materiallarının qiymətinə də təsir göstərib. Ötən bir ayla müqayisədə yerli və idxal olunan tikinti materiallarında qiymət artımı nəzərə çarpır. Bu artım daha çox taxta və dam örtükləri, kafel-metlax qiymətlərində özünü göstərir. İdxal olunan məhsulların qiymət artımına səbəb olaraq daşınma xəclərini göstərə bilərik”.
Mirdaməd Əzizova görə, tikinti materialları bazarındakı qiymət artımı çoxmərtəbəli binalarda mənzillərin qiymətinə təsirsiz ötüşmür:
“Bazar iqtisadiyyatı şəraitində qiymətlərin dövlət tərəfindən tənzimlənən mallar istisna olmaqla bütün malların qiymətləri rəqabət mühitində tələb və təklif əsasında formalaşır. Bu qiymətlərin səviyyəsi dünya iqtisadiyyatında baş verən bir sıra amillərin nəticəsində dəyişə bilir. Çox təəssüf ki, bəzi hallarda bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq baş verən əsaslı qiymət artımları da cəmiyyətdə süni qiymət artımı kimi qiymətləndirilir.
Hər zaman yay aylarında daşınmaz əmlak bazarında satışın digər aylara nisbətən zəif olduğu müşahidə olunur. Lakin bir ildən çox davam edən pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejimləri əmlak bazarında satış səviyyəsini azaldıb. Hazırda tətbiq olunan karantin rejimindəki yumşalmaların daşınmaz əmlak bazarında canlamaya səbəb olacağı proqnozlaşdırılır”.