İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.
Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.
İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.
Ermənistan Müdafiə Nazirliyi isə N saylı hərbi hissənin müqaviləli əsgəri Artur Kartanyanın duman səbəbilə yolunu azdığını və səhvən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçdiyini bildirib.
Ermənistan KİV-in yazdığına görə, hazırda həmin şəxsin geri qaytarılması üçün danışıqlar gedir.
“A. Kartanyan təxminən 3 ildir müqaviləli əsgərdir. Hadisə hava şəraiti ilə əlaqədar xidmət zamanı baş verib. Hava çox buludlu idi, o, yolunu azıb. Arturun olduğu ərazidə mövqelər kifayət qədər yaxındır, əsgərlər demək olar ki, üz-üzədirlər", - deyə sözügedən ərazinin adı açıqlanmayan hərbi vəzifəli şəxslərindən biri “Sputnik Armenia”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, A. Kartanyan 25 yaşındadır, evli deyil, valideynləri ilə yaşayır.
Qeyd edək ki, erməni tərəfi daha öncə də dəfələrlə diversant və təxribatçı qrupların üzvlərini “yolunu azan sıravi əsgər" kimi təqdim etməyə çalışıb.