Ana Sayfa > Karusel / Sosial > Bakıda sudan qeyri-qanuni istifadə halları aşkarlanıb
Bakıda sudan qeyri-qanuni istifadə halları aşkarlanıb1-06-2021, 16:20. Yazar: Admin |
Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə “Azərsu” ASC nəzarət tədbirlərini davam etdirir. Bu barədə Qarabaginfo.az-a "Azərsu"dan bildirilib. Məlumatda deyilir ki, suya tələbatın artdığı isti dövrlərdə içməli sudan qanunsuz istifadənin qarşısının alınması məqsədilə Bakıda və Abşeron yarımadasında, eləcə də regionlarda həyata keçirilən nəzarət tədbirləri gücləndirilib. Paytaxtın Sabunçu rayonunda aparılan nəzarət tədbirləri nəticəsində sahibkarlıq subyektləri və vətəndaşlar tərəfindən su təchizatı sistemlərinə qeyri-qanuni müdaxilə etməklə sudan qanunsuz istifadə halları müəyyən edilib. Belə hallara əsasən su sərfiyyatı böyük olan obyektlərdə - beton zavodunda, idman kompleksində, kafe və restoranlarda, avtoyuma, ət kəsimi və s. məntəqələrində rast gəlinir. Rayonun Südçülük sovxozu adlanan ərazisində fəaliyyət göstərən beton zavodunun su təchizatı sistemlərinə baxış keçirilərkən məlum olub ki, yaxınlıqdan keçən su xəttinə sahibkar özbaşına qoşulma edib. Zavod rəhbərliyi bundan əvvəl də qanunsuz qoşulmaya yol verib, edilən xəbərdarlıqlara və sayğacdankənar xəttin kəsilməsinə baxmayaraq sudan qeyri-qanuni istifadəni davam etdirib. Zavod rəhbərliyinə sonuncu xəbərdarlıq edilməklə sayğacdankənar su xətti kəsilib, akt tərtib olunaraq dəymiş ziyan hesablanıb. Oxşar vəziyyət Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən idman kompleksində də aşkarlanıb. Obyektin su sərfiyyatı şübhələr doğurduğundan su təchizatı sistemlərini mütəxəssislər tam araşdırıb. Məlum olub ki, kompleksin ehtiyat su anbarına sayğacdankənar su xətti çəkilib və əsasən də bu xətdən istifadə olunub. Sabunçu rayonu, Şəhər şossesi küçəsində yerləşən ət kəsimi və qapı istehsalı sexində sudan müqavilə bağlamadan istifadə edilib. Nəzarət tədbirləri zamanı Zabrat qəsəbəsində yerləşən kafe, ət kəsimi, avtoyuma və avtotəmir məntəqələrində də sudan qanunsuz istifadə halları aşkarlanıb. Bu obyektlərin sahibləri texniki şərt almadan və müqavilə bağlamadan özbaşına şəbəkəyə qoşularaq içməli sudan qanunsuz istifadə ediblər. Sudan qanunsuz istifadə hallarına əhali qrupu abunəçilərində də rast gəlinib. Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyova küçəsində fərdi həyət evində sayğacdankənar su xətləri aşkarlanıb. Bəzi hallarda sakinlər qanunsuz xətlərlə götürülmüş sudan yaşıllıqların suvarılmasında istifadə edib. Sabunçu rayonunda aşkar olunan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, hər bir hal üzrə qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb. Bununla yanaşı, vətəndaşlar və sahibkarlar içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə məlumatlandırılıb. Texniki imkanlar nəzərə alınmadan su təchizatı sistemlərinə özbaşına qoşulma halları israfçılıq və itkilərlə yanaşı, yaşayış məntəqələrinin içməli su təchizatının dayanıqlığını pozur və bəzi abonentlərin su təminatını pisləşdirir. Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün müvafiq tədbirlər görüləcək. Geri dön |