Ana Sayfa > Karusel / Müsahibə / Cəmiyyət > Təsadüf nəticəsində həbsdən qurtulan M.Ə.Rəsulzadə mübarizəni qurduğu ölkədən kənarda apardı - MÜSAHİBƏ

Təsadüf nəticəsində həbsdən qurtulan M.Ə.Rəsulzadə mübarizəni qurduğu ölkədən kənarda apardı - MÜSAHİBƏ


28-05-2021, 11:17. Yazar: Admin

 

Ölkəmizin istiqlaliyyətini 28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurası elan edib. Həmin gün Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə Batum Sülh konfransında iştirak etdiyinə görə, müavini Həsən bəy Ağayev tarixi iclası keçirib, demokratik şəkildə qərar qəbul edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a müsahibəsində araşdırmaçı-jurnalist, “Çapar” tarix dərgisinin baş redaktoru Dilqəm Əhməd məlumat verib.

O bildirib ki, Həsən bəy Ağayevin üzvlərə seçim haqqı tanıması Azərbaycan Milli Şurasının iclasının şəffaf şəkildə keçirilməsinin əyani sübutu idi:

“Belə ki, səsvermədə cəmi iki nəfər bitərəf qalmış, qalan hər kəs İstiqlal Bəyannaməsinin qəbul edilməsinin lehinə səs vermişdi. Tiflisdə hökumət elan edilsə də, Azərbaycan ərazisində öz funksiyasını həyata keçirə bilmirdi. Çünki Bakı Leninin əmri ilə Stepan Şaumyan tərəfindən ələ keçirilmişdi. Belə bir vəziyyətdə Azərbaycanın tək çıxış yolu Osmanlı dövlətindən kömək istəmək idi. Nəticədə iyun ayının 4-də Osmanlı ilə Batum Sülh müqaviləsi imzalandı, müqavilənin dördüncü bəndinə görə, Azərbaycanın ehtiyacı yaranarsa, türk ordusu ona kömək edəcəkdi. Bu müqavilə nəticəsində Nuri paşa Azərbaycana gəldi, Qafqaz İslam Ordusu formalaşdırıldı”.

15 sentyabrda Bakı işğaldan azad edilir, Azərbaycan Cümhuriyyəti faktiki şəkildə qurulmuş olur. Əvvəlcə bəyannamə üzərində olan dövlətimiz 15 sentyabrdan sonra güclü dövlətə çevrilir. Burada da Azərbaycana türk qardaşlarımızın böyük köməyi olub. Növbəti mərhələdə Osmanlı dövləti Birinci Dünya müharibəsində məğlub olur və İngiltərə ilə müqavilə imzalanır. Müqavilənin şərtlərinə görə İngiltərə qoşunları Bakıya gəlir:

“Noyabrın 17-də ingilis qoşunlarının Bakıya gəlməsi ilə türk qoşunları çıxmaq məcburiyyətində qalır. Dekabr ayının 7-də isə Müsəlman Şərqində böyük bir hadisə - ilk demokratik parlamentin açılışı olur. Mənim kolleksiyamda həmin əlamətdar gün ilə bağlı medalyon var. Belə ki, parlamentin açılışı zamanı millət vəkillərinə xatirə əlaməti olaraq bu medalyonu bağışlanıb. Bu medalyondan iki nüsxə Milli Azərbaycan Tarixi muzeyində saxlanılır, dörd nüsxə isə kolleksiyaçılardadır ki, onlardan biri də məndədir. Medalyonun bir üzündə o vaxtki Parlament binasının (indiki Əlyazmalar İnstitutu) şəkli, açıldığı tarix, digər üzündə isə ay və səkkizguşəli ulduz əks olunub.

Parlament o qədər şəffaf şəkildə idarə edilirdi ki, məclisdə o dövrdə olan milli azlıqların (qeyri-müsəlmanların) - yəhudi, rus, alman, erməni və polyakların da təmsilçiləri var idi. Onlar öz fikirlərini açıq şəkildə ifadə edə bilirdilər. Eyni zamanda hökumətimizdə də qeyri-müsəlman xalqların nümayəndələri var idi”.

D.Əhmədin də qeyd etdiyi kimi bir dövlətin yaranması qədər onun tanınması da önəmlidir. Dövlətin tanınması məqsədilə Azərbaycan Parlamenti partiyaların təmsilçiliyi şəklində heyət formalaşdırdı:

“Bu heyətə Əlimərdan bəy Topçubaşov rəhbər təyin olunmuşdu. O həm də Azərbaycan Parlamentinin sədri idi. Həmin heyətin istər Parisdə, istərsə də İstanbulda qısamüddətli göstərdiyi fəaliyyət nəticəsində Azərbaycan Cümhuriyyəti 1920-ci ilin yanvar ayının 10-da Müttəfiq dövlətlər tərəfindən tanındı. Ümumiyyətlə, Əlimərdan bəy Topçubaşov təkcə Azərbaycanın deyil, böyük diplomatik qabiliyyətləri ilə Rusiya müsəlmanlarının da lideri idi. O gənclik dövründən bu sahədə çox zəngin təcrübəyə malik olduğundan, heyətin sədri olması təbii idi. Onların gərgin fəaliyyəti nəticəsində qalib dövlətlər İngiltərə və Fransa Azərbaycanın müstəqilliyini tanıdı. Məhz bu hüquqi tanınmaya görə, biz işğaldan sonra SSRİ-nin tərkibinə formal olaraq müstəqil dövlət kimi daxil olduq. Yenə də bunun nəticəsində 1991-ci ildə oradan müstəqil dövlət kimi ayrıldıq”.

Azərbaycan Cümhuriyyəti dövründə iyun ayının 16-dan sentyabr ayının 17-nə qədər davam edən qısamüddətli bir Gəncə dövrü də var. Həmin dövrdə də çox önəmli tədbirlər həyata keçirilib:

“Bu qısa dövrdə ilk milli ordumuz formalaşdırıldı, türk dili dövlət dili elan edildi, Azərbaycan vətəndaşlığı qanunu, ilk hərbi qanunumuz qəbul olundu və Azərbaycanda saatın hesablanması Bakı vaxtı ilə həyata keçirildi. İlk bayrağımızla bağlı qərar bu dövrdə qəbul olundu, türk dili dövlət dili elan edildi, məktəblərimiz milliləşdirildi. Gəncə dövründə hökumətin atdığı ən önəmli addımlardan biri Mart soyqırımı ilə bağlı cinayət işinin açılması oldu. Fövqəladə Təhqiqat Komissiyası yaradıldı, şahidlərin izahatları, fotolar və digər dəlillər toplandı. Bu gün də bu sənədlər qorunub saxlanılır. Cümhuriyyət dönəmində bu işlərin görülməsi təqdirəlayiq addım idi”.

Cümhuriyyətin Bakı dönəmində isə ilk ali təhsil müəssisəsi olan universitetimiz – Bakı Universiteti (indiki Bakı Dövlət Universiteti) açıldı.

“Bakı Universitetinin açılması ölkədə milli kadrlara olan tələbatın qarşılanması üçün odu. Milli kadra ehtiyac olduğundan hələ o vaxt xaricdə təhsil almaq üçün yüz nəfər tələbə seçilmişdi. Həmin tələbələr qayıtdıqdan sonra hökumətin müxtəlif qurumlarında işlə təmin olunacaqdılar. Təsəvvür edin, Qərb təcrübəsinə malik savadlı kadrlar hökumətin fəaliyyətinə nə qədər müsbət fayda verəcəkdi. Təəssüf ki, işğal faktı bunun qarşısını aldı.

Bu dövrdə Azərbaycan dövlətinin əsas problemlərindən biri də erməni üsyanları və erməni qruplaşmalarının bölgələrimizi talan etməsi idi. Hökumət Qarabağda hərbi valilik yaratdıqdan sonra bu üsyanların qarşısı alındı, Azərbaycanın siyasi və hərbi rəhbərliyi Qarabağa da getdi. Amma təəssüf ki, ermənilər 1920-ci ilin martında Bolşevik Rusiyasının təhriki ilə yenidən üsyan qaldırdılar və işğala dəstək oldular. Amma Azərbaycan ordusu məşhur Əsgəran döyüşündə yenə də erməniləri məğlub etdi”.

Cümhuriyyət dövründən danışarkən onun qurucularından danışmamaq mümkün deyil. Ümumiyyətlə, 1918-ci ildə elə bir mühit yaranmışdı ki, xalq müstəqilliyə, siyasi liderlərimiz idarəçiliyə tam hazır idi və Çar imperiyası da dağılmışdı. Cümhuriyyətin elan olunması üçün bu üç əsas şərt mövcud idi. Qurucu atalarımız olan Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməhəmmədov, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərləri olduqca təcrübəli siyasətçilər idilər. Rəsulzadə 18 yaşından etibarən bu proseslərin içərisində idi və ən böyük partiyanın sədri idi.

Dilqəm Əhməd fikirlərinə belə davam edib:

“Hələ o dönəmlərdə Fətəli xan Xoyski, Xəlil bəy Xasməhəmmədov kimi şəxslər Rusiya dumasında fəaliyyət göstərib və milli məsələlərlə bağlı qızğın çıxışlar ediblər. Hökumətin idarə edilməsində hər kəs öz vəzifəsini layiqincə icra edirdi. Burada Xosrov bəy Sultanovdan danışmamaq olmaz, çünki Qarabağ, Zəngəzur məsələləri indi də aktualdır. Sultanov o dövrdə Qarabağa hərbi vali təyin edildikdən sonra biz orada öz sözümüzü yeridə bildik. Hətta o vaxtlar Baş nazir Nəsib bəy Yusifbəyli ilə Hərbi nazir Səməd bəy Mehmandarov Qarabağda keçirilən hərbi paradda iştirak ediblər. Cümhuriyyət dövründə bu məsələlər müəyyən qədər həll edilmişdi. Lakin işğaldan sonra Zəngəzur iki hissəyə parçalandı, bir hissəsi Ermənistana verildi və Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı ki, bu da gələcəkdə ermənilərin müstəqillik iddialarına şərait yaratdı. Qurucalara qayıtdıqda deyə bilərəm ki, Rəsulzadə işğaldan sonra iki il Moskvada Stalinin nəzarəti altında yaşadıqdan sonra 1922-ci ilin sonunda Finlandiyaya qaça bildi. 1923-cü ildən 1955-ci ilədək Rəsulzadə Türkiyədə və Avropada Azərbaycanın istiqlal mübarizəsinin simvoluna çevrildi. Rəsulzadə hansı ölkədə fəaliyyət göstərirdisə, mütləq orada siyasi təşkilat və mətbuat yaradırdı. Vəfat etdiyi zaman o, Ankarada qurulan “Azərbaycan Kültür Dərnəyi”nin fəxri sədri, “Azərbaycan” jurnalının faktiki idarəedicisi idi. Mühacirət illərində o, “Yeni Kafkasya”, “Azəri-Türk”, “Odlu yurd”, “İstiqlal”, “Qurtuluş” kimi qəzet və jurnallar nəşr edib. Rəsulzadə ilə yanaşı Miryaqub Mirmehdiyev, Cahangir Zeynəloğlu, Mirzəbala Məhəmmədzadə kimi mühacirlərin də tariximizlə bağlı Avropa və Türkiyədə əsərləri nəşr olunub”.

D.Əhmədin sözlərinə görə, Azərbaycan haqqında çoxsaylı kitabların müəllifi olan M.Rəsulzadənin 1923-cü ildə İstanbulda “Azərbaycan Cümhuriyyəti” adlı kitabı dərc olunub:

“Həmin kitabın əleyhinə Stalinin göstərişi ilə Sovet Azərbaycanında müxtəlif kitablar və məqalələr yazılıb. Eləcə də 1937-ci ilə qədər başda “Kommunist” qəzeti olmaqla Sovet Azərbaycanı mətbuatında onun əleyhinə yüzlərlə məqalə yazılıb, təhqiramiz karikaturalar nəşr olunub. 1937-ci ildə 25 yaşlı oğlu repressiya məruz qalıb və güllələnib. Ailəsi Qazaxıstana sürgün edilib. Gördüyü bu qədər zülmlərə baxmayaraq o heç vaxt yolundan dönməyib. Mənim şəxsi kolleksiyamda Rəsulzadənin imzalı kitabları, məktubları, fotoşəkilləri var. Məsələn, onun “Azərbaycan şairi Nizami” kitabı məşhur şair haqqında indiyədək yazılan ən qiymətli əsərdir.

Bilirsiniz ki, bu il şairin yubileyi dövlət səviyyəsində qeyd edilir. Rəsulzadə bu kitabı İkinci Dünya müharibəsi illərində yazıb, lakin müharibəyə görə 1951-ci ildə Ankarada nəşr etdirə bilib. Ona görə də kitabının ön sözündə yazırdı ki, “yaxşı ki, gec nəşr etdirdim, bu müddət ərzində yeni məlumatlar əldə etdiyim üçün daha zəngin əsər oldu”. M.Ə.Rəsulzadə müharibədən sonra Ankaraya qayıdıb, Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. O, Atatürk haqqında iki məqalə yazıb; birini sağlığında, o birini isə dahi şəxsiyyətin vəfatından sonra qələmə alıb”.

Rəsulzadə mühacirətdə ikinci dəfə ailə həyatı qurub. Polyak əsilli, əsl adı Vanda olan xanımla 1930-cu illərdə tanış olub. Sonradan xanımının adını Leyla olaraq dəyişib. İkinci Dünya müharibəsi dövründə əsir düşərgələri ilə bağlı arxivdəki sənədlərdən bəlli olur ki, Rəsulzadə Leyla xanımla 1936-cı ildə Parisdə evlənib:

“Həmin sənədlərdə Rəsulzadənin ərəb-fars dillərini bilməsi və alman, polyak dillərinə də hakim olması qeyd edilib. Eyni zamanda Rəsulzadənin Ankaraya qayıtma hekayəsi də çox maraqlıdır. Müharibə bitib, SSRİ müharibədə əsir düşənləri, eləcə də ona qarşı fəaliyyət göstərənləri geri tələb edirdi. Yalta konfransında qəbul edilən qərara, eləcə də Stalinin tələblərinə əsasən ABŞ, İngiltərə kimi dövlətlər də bu istəkləri yerinə yetirirdilər. Məsələn, Amerika Cümhuriyyət zabitlərindən polkovnik İsrafil bəyi SSRİ-yə təhvil vermişdi və onu Bakıda güllələmişdilər. Belə bir vəziyyətdə Rəsulzadənin də təhvil verilmə ehtimalı yüksək idi. Ona görə də müharibə bitən kimi o, mütləq şəkildə Avropadan qayıtmalı idi. Ən təhlükəsiz yer isə Türkiyə idi. Onlar bir Krım türkü olan sürücünün idarə etdiyi maşının yük hissəsinə əyləşərək əvvəlcə Fransa sərhədinə gəlirlər. Rəsulzadənin yanında Leyla xanım və Mustafa adlı bir türk də olur.

Almaniyadan Fransa sərhədinə gəlib çatanda sərhədçilər onlara Fransa ərazisinə keçidə icazə vermirlər. Bu isə Rəsulzadənin Almaniyaya qayıtması, ölümü demək idi. Həmin an gözlənilməz bir təsadüf onları xilas edir. Həmin Mustafa bəy ilə sərhədçi arasındakı söhbətdən bəlli olur ki, Fransa sərhədçisinin atası ilə Mustafa bəy Parisdə eyni universitetdə təhsil alıblar. Bu təsadüf səbəbindən sərhədçi bütün məsuliyyəti öz üzərinə götürür, onlara sərhəddən keçməyə icazə verir. Bu əhvalatı Mustafa bəy sonradan öz məqaləsində qeyd edib. Nəhayət ki, Rəsulzadə Ankaraya gəlir. 1947-ci ildə o artıq yaşlanmışdı, lakin eyni gənclik enerjisi ilə istiqlal mübarizəsini davam etdirdi. Eyni zamanda o, Türkiyə Milli Kitabxanasında işlədi, Azərbaycanla bağlı kitabların yığılması, kataloqunun hazırlanması ilə məşğul oldu. 1955-ci ildə vəfat etdi və böyük mərasimlə son mənzilə yola salındı”.

Cümhuriyyətin davamçısı olan müasir, müstəqil Azərbaycan Respublikası... Bugünkü Azərbaycan Cümhuriyyətin hüquqi varisidir.

“Cümhuriyyətin 80, 100 illikləri ilə bağlı dövlət başçıları tərəfindən sərəncamlar verilib, önəmli işlər görülüb. Müstəqillikdən bu yana kifayət qədər kitablar yazılıb, bəzi abidələr qoyulub, xadimlərin məzarları təmir olunub. Məsələn, yüz illikdə jurnalist həmkarımla birlikdə yazdığımız layihə əsasında İstanbuldakı Baş konsulluğumuz Feriköy məzarlığında təmirə ehtiyacı olan Cümhuriyyət xadimlərinin məzarlarını bərpa etdi, girişdə xatirə lövhəsi qoydu. Çox sevinirəm ki, o zamankı Azərbaycan Cümhuriyyəti xəritəsi tədricən bərpa olunur. 1991-ci ildə müstəqilliyimizi elan etdikdən sonra torpaqlarımızın bir qismini itirdik.

Lakin ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad olundu. Azərbaycan Cümhuriyyətinin o dövrdə həyata keçirə bilmədiyi bir çox məsələlər bu gün artıq reallaşıb, lakin geridə qalan məsələlərin də gerçəkləşməsini diləyirik. Unutmayaq ki, Azərbaycanın tarixi qədim olsa da, ilk modern, milli dövlətimiz məhz Azərbaycan Cümhuriyyəti idi. Onun 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər çox böyükdür. Bir sözlə yoxdan dövlət var edilib. Onlar bizə Qafqazda böyük dövlət miras qoyublar”.


Geri dön