Ana Sayfa > Karusel / Gündəm > “Məğlubiyyətdə yalnız Paşinyan günahkar deyil” - Ter-Petrosyan

“Məğlubiyyətdə yalnız Paşinyan günahkar deyil” - Ter-Petrosyan


24-05-2021, 12:03. Yazar: Admin
title

“Qarabağdakı 44 günlük müharibədəki məğlubiyyətin məsuliyyətini yalnız baş nazir Nikol Paşinyan daşımır. Paşinyanın sələflərinin də bu məğlubiyyətdə payı var".

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, söhbət bir neçə ay əvvəl Paşinyanın hakimiyyətdən kənarlaşdırılması məqsədi ilə yaradılmış "Vətənin Qurtuluşu hərəkatı"ndakı qüvvələrdən gedir:

“Paşinyanın rəqibləri onu məğlubiyyətdə günahlandıranda, həqiqətin yarısını səsləndirirlər - müxalifət Nikol Paşinyanın onların yaratdıqları, beyinlərinin məhsulu olduğunu qəbul etmək istəmir".

Ter-Petrosyana görə, 1997-ci ildən bəri özünün rəhbərlik etdiyi Erməni Milli Hərəkatı istisna olmaqla, Ermənistandakı bütün siyasi qüvvələr Qarabağ problemini layiqli və əlverişli şərtlərlə həll etmək üçün bütün cəhd və təşəbbüsləri ardıcıl olaraq rədd etdilər. Bu qüvvələr Qarabağdakı status-kvonu qorumaq və hər hansı bir kompromis seçimini rədd etmək siyasətini apardılar. Nəticədə isə ölkəni, bu gün yalnız Paşinyanın ittiham olunduğu fəlakətə gətirdilər.

O, həmçinin hakimiyyətin və siyasi dairələrin haqsız tənqidlərinə baxmayaraq, Ermənistan ordusunun da məğlubiyyətdə günahkar olmadığını düşünür.

"Hakimiyyətin cinayətkar siyasəti nəticəsində ordu şəxsi heyət və müasir silahlar baxımından dəfələrlə üstün olan rəqibləri ilə döyüşməyə məcbur oldu", - deyən sabiq prezident hesab edir ki, ordu vətən qarşısında vəzifəsini sona qədər yerinə yetirib.

"Təəssüf hissi ilə qeyd edirəm ki, Ermənistan və diaspora məğlubiyyətdən heç bir nəticə çıxarmadı. Müharibədən sonrakı ritorika yenə də xaricdən boş, mənasız gözləntiləri, Türkiyə və Azərbaycana qarşı təhdidləri, hərbi ritorikanı ehtiva edir. Məlum tendensiyanın seçki kampaniyası dövründə daha da güclənəcəyinə şübhə etmirəm ki, bu da vəziyyətin yaxşılaşmasına ümid etməyə imkan vermir. Bu o deməkdir ki, erməni xalqını yenidən itkilər və məyusluqlar gözləyir".


Geri dön