Ana Sayfa > Karusel / Cəmiyyət > Onun nazir olduğu dövrdə döyüşçülər Qurani-Kərimin altından keçməklə, Vətənə sədaqət andı içiblər
Onun nazir olduğu dövrdə döyüşçülər Qurani-Kərimin altından keçməklə, Vətənə sədaqət andı içiblər22-05-2021, 21:46. Yazar: Admin |
May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 103 il ötür.
Moderator.az Cümhuriyyətimizin qurucuları ilə bağlı ilə silsilə yazıları davam etdirir.
Qarabaginfo.az həmin yazını təqdim edir:
Növbəti yazı Xalq Cümhuriyyətinin Hərbi naziri vəzifəsində çalışan Səməd bəy Mehmandarov haqqındadır.
Səməd bəy Mehmandarov 1856-cı il oktyabr ayının 16-da Lənkəranda anadan olub. İlk təhsilini Bakıdakı Edadiyə məktəbində alıb, 1873-cü ildə Peterburqdakı 2-ci Konstantin hərbi məktəbinə daxil olan Mehmandarov praporşik rütbəsi (ilkin zabit rütbəsi) alaraq, 1-ci Türküstan topçu briqadasına göndərilib. Sonralar 2-ci və 38-ci topçu briqadalarında xidmət edən Mehmandarov 1894-cü ildə Varşava hərbi dairəsinə, 1898-ci ildə isə Əlahiddə Zabaykalye hərbi divizionuna göndərilib. Həmin divizionun Çində 1900-1901-ci illərdə baş vermiş anti-imperialist üsyanının qarşısının alınmasında iştirak etsə də, çar generalların təkidli tələbinə baxmayaraq, silahsız xalq kütlələrinə qarşı atəş açmağı zabit şərəfindən kənar sayaraq bundan boyun qaçırıb.
XIX əsrin sonlarında Mehmandarov xalqın maariflənməsini son dərəcə vacib sayırdı. O, vətəndən uzaqlaşmasına baxmayaraq, dövri mətbuat orqanlarında bir sıra yazılar çap etdirib. Onun ictimai narahatlığını əks etdirən "Müsəlmanların geriliyinin səbəbləri", "İbtidai qiraət dərsləri", "Müsəlman mühafizəkarlığı əleyhinə", "Şiələrin dini şəbihləri", "Müsəlmanların öz-özlərinə işgəncə vermələri haqqında" və s. məqalələri Tiflisdə nəşr olunan "Novoye obozreniye" qəzetinin səhifələrində dərc olunmuşdu.
Mehmandarov 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak edib, 7-ci Şərqi Sibir artilleriya divizionunun komandiri, eyni zamanda, Port-Arturun Şərq cəbhəsinin artilleriya rəisi olub. Müharibədə göstərdiyi şücaətlərinə görə, dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilib və general-mayor rütbəsinə layiq görülüb. Onun təşkilatçılıq qabiliyyəti və peşəkarlığı təkcə xidmət yoldaşlarını deyil, yapon hərbçilərini də valeh etmişdi. Mehmandarov bu müharibədə həm də zabit prinsipiallığı və şərəfinə sədaqəti ilə müasirlərinin yadında qalmışdı. Rus generallarının fərsizliyi və savadsızlığı üzündən Port-Artur təslim ediləndə yapon komandanlığının tələbi ilə gələcəkdə bir daha bu dövlətə qarşı vuruşmayacağına iltizam verən zabitlər evə buraxılır, qalanları isə əsir götürülürdü. Mehmandarov da bir sıra xidmət yoldaşları ilə bərabər əsir düşməyi həqarətli azadlıqdan üstün sayaraq, yalnız 1905-ci ilin avqustunda Portsmutda (ABŞ) bağlanmış sülh müqaviləsinin şərtlərinə görə əsirlikdən xilas olunub.
Mehmandarov Birinci Dünya müharibəsinin də iştirakçısı olub, əvvəlcə birinci piyada diviziyasına, sonra isə 2-ci Qafqaz ordusuna komandanlıq edib, həmin vəzifələrdə də ona tapşırılan ən məsuliyyətli tapşırıqları uğurla yerinə yetirib. Əməliyyatların keçirilməsi zamanı nümayiş etdirdiyi yüksək komandirlik məharəti, təşkilatçılıq vərdişləri çar Rusiyası komandanlığı tərəfindən lazımınca dəyərləndirilib və o, hərbi akademiya təhsilinin olmamasına baxmayaraq, 1915-ci il martın 22-də general rütbəsinə layiq görülüb.
Fevral inqilabından (1917) sonra rus ordusunun bolşevikləşməsi və ordu daxilində anarxiyanın artması ilə əlaqədar Mehmandarov istefa verərək, 1918-ci ilin payızında vətənə qayıdıb. 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, Hərbi nazirin müavini təyin edilib, nazirliyin və ordunun formalaşdırılması ona tapşırılıb.
Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də tezliklə öz təsdiqini tapıb və 1918-ci il dekabrın 25-də o, Hərbi nazir təyin edilib. Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı idi. O, hər şeydən əvvəl, bu prosesin mahiyyətini, onun dövlət quruculuğundakı yerini dəqiqliklə müəyyənləşdirdi və bütün imkanları da bu məsələlərin həllinə istiqamətləndirdi. Səməd bəy Mehmandarov dəfələrlə bəyan etmişdi ki, Cümhuriyyət ordusu, siyasətdən kənarda qalmaqla, yalnız Azərbaycanın müstəqilliyinin keşiyində dayanmalıdır. Bu prinsipə Hərbi nazir olduğu bütün müddət ərzində dönmədən riayət edən Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr tərəfindən də yüksək qiymətləndirilirdi və bunun nəticəsi idi ki, Cümhuriyyətin mövcud olduğu dövrdə hökumətdə Hərbi nazir portfeli yalnız ona tapşırılmışdı.
1918-ci il noyabrın 17-də Müttəfiq dövlətlər adından Bakıya daxil olan ingilis qoşunlarının komandanlığı Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələrinin, o cümlədən Hərbi Nazirliyin Bakıdan çıxarılmasını tələb edib. Bununla əlaqədar, nazirlik Gəncəyə köçürülüb və 1919-cu ilin ortalarına kimi orada fəaliyyət göstərib. Paytaxtdan ayrı düşmək qarşıda dayanan mürəkkəb vəzifələrin həllinin operativliyinə təsir göstərsə də, Mehmandarovun işgüzarlığı, ətrafına topladığı zabitlərin və generalların iş keyfıyyətlərindən məqsədyönlü istifadə etməsi mövcud çətinliklərin həllində bir dinamiklik yaradıb. Kadrlarla işlərin düzgün qurulması Mehmandarovun Hərbi nazir kimi uğurlu fəaliyyətini şərtləndirən başlıca amillərdən biri idi. Böyük etimad, yüksək tələbkarlıq və daimi qayğı Əliağa Şıxlinski, Məmməd bəy Sulkeviç, Həbib bəy Səlimov, İbrahim ağa Usubov, İbrahim bəy Vəkilov, Cavad bəy Şıxlinski, Əbdülhəmid bəy Qaytabaşı, Teymur bəy Novruzov və onlarca digər generalın və yüksək rütbəli milli zabitlərin təşəbbüskar fəaliyyətinə geniş meydan açıb.
Zabit kadrlarının sayının artırılmasını Mehmandarov ordu quruculuğunun milli zəmin üzərində təkmilləşdirilməsinin mühüm şərti sayırdı. Məhz onun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşiklər məktəbi, sonra isə Hərbiyyə məktəbi açılıb. Eyni zamanda, İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Şuşa hərbi-feldşer məktəbi fəaliyyətə başlayıb. Ordu quruculuğunun milli zəmində qurulması və aparılması Mehmandarovun Hərbi nazir kimi izlədiyi əsas xətt idi. Konkret tarixi şəraitdə Azərbaycanda türk və rus hərbi təcrübələrinin təsiri olmasına baxmayaraq, o, həmin təcrübələrin ən yaxşı cəhətlərindən məhz milli zəmin, şərait və ənənə əsasında istifadəsinə üstünlük verirdi. Milli məqamları Cümhuriyyət ordusu hərbi qulluqçusunu xalqına daha da yaxınlaşdıran, vətəninə daha dərindən bağlayan dəyərlər kimi qiymətləndirən Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edərək, azərbaycanlı döyüşçülərin Qurani-Kərimin altından keçməklə, Vətənə sədaqət andı içmələrini vacib sayıb, Azərbaycan dilinin öyrənilməsi üçün göstəriş verib, əsgərlərin marşları Azərbaycan dilində oxumasını tələb edib, milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiqləyib, Azərbaycan xalqının zəngin hərb tarixinin öyrənilməsinə və hərbi qulluqçular arasında yayılmasına, hətta əsgərlərin qidalanmasında milli xörəklərin üstünlük təşkil etməsinə göstəriş verib.
Mehmandarov Hərbi Nazirlikdəki fəaliyyətinin ilk günlərindən qoşunlardakı vəziyyətlə tanışlıq məqsədilə hərbi hissələrdə olub. Bunun nəticəsində aşkara çıxan fərarilik, çağırış - səfərbərlik işinin düzgün qurulmaması kimi ciddi nöqsanları aradan qaldırmaq, əhalidə orduya inam yaratmaq üçün Mehmandarov xalqa müraciət edib, 1919-cu il fevralın 25-də Parlamentdəki proqram xarakterli çıxışında, habelə digər əmr və yazışmalarında imkanlı şəxslərin övladlarının xidmətdən yayındırılmasını sərt tənqid edib. Əhalinin hərbi xidmət yaşı çatmış bütün kateqoriyalarının orduya cəlb edilməsi üçün çağırış və səfərbərlik işinin yeni sistemi tətbiq olunub, bu sistemi işlək vəziyyətə gətirəcək orqanların şəbəkəsi genişləndirilib, fərarilərin, habelə imkanlı şəxslərin xidmətdən yayınan övladlarının xidmətə qaytarılması üçün daxili işlər orqanları ilə əlaqələr gücləndirilib. Fərarilik və xidmətdən yayınmanın əsas səbəblərindən biri olan xidmət şəraitinin yaxşılaşdırılması üçün mütəmadi addımlar atılmağa başlanıb. Ordunun çevik və işlək strukturları və idarəetmə orqanları yaradılıb, konkret tarixi şəraitdə Azərbaycanın hərbi təhlükəsizliyinin daha səmərəli təmin edilməsi vəzifələrinə uyğun olaraq, bu struktur və idarəetmə orqanları daha da təkmilləşdirilib, ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması və döyüş hazırlığının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilib.
Denikin qoşunlarının hücum təhlükəsinin qarşısını almaq məqsədilə Bakı ətrafında və şimal sərhədi boyunca güclü müdafiə sisteminin yaradılması, Lənkəran bölgəsindəki separatçılığın aradan qaldırılması üçün planlaşdırılan döyüş tapşırığının icrasının təşkili, habelə 1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və Cümhuriyyətin ərazi bütövlüyünün təmin edilməsi Mehmandarovun Hərbi nazir kimi fəaliyyətinin dəyərli nəticələri idi. Həm Qarabağ istiqamətində, həm də Qazax-Tovuz bölgəsində genişlənən erməni təcavüzünün qarşısının alınması üçün ölkənin hərbi potensialını məharətlə istiqamətləndirən Mehmandarov, strateji təşəbbüsü öz əlində saxlamaqla, Azərbaycanın hərb tarixinə layiqli səhifələr yazıb.
Aprel işğalı (1920) ilə əlaqədar Mehmandarov vəzifəsindən istefa verib. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Ə.Şıxlinski ilə birlikdə həbs ediblər. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov bolşevik terrorundan xilas olub və Ə.Şıxlinski ilə bərabər bir il Moskvada yaşamaq məcburiyyətində qalıb. Mehmandarov 1921-ci ilin yayında Bakıya qayıdaraq, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlib, 1924-1928-ci illərdə Birləşmiş Komandirlər Məktəbində müəllim işləyib, 1929-cu ildə isə təqaüdə çıxıb.
Səməd bəy Mehmandarov 1931-ci il fevral ayının 12-də Bakıda vəfat edib və Çənbərəkənd qəbiristanlığında dəfn edilib.
Onu xalqımız qarşısındakı tarixi xidmətləri heç vaxt unudulmayacaqdır.
Yazı AMEA-nın Tarix İnstitutunun internet saytında yerləşdirilmiş materiallar əsasında hazırlanıb.
Geri dön |