Ana Sayfa > Karusel / Qarabağ > Azərbaycanın işğal altındakı 108 kv. kilometr ərazisi QAYTARILA BİLƏR

Azərbaycanın işğal altındakı 108 kv. kilometr ərazisi QAYTARILA BİLƏR


21-05-2021, 17:05. Yazar: Admin

Ermənistanın Vatikandakı keçmiş səfiri, hazırda İtaliyada yaşayan Mikael Minasyan ötən gün baş nazir əvəzi Nikol Paşinyanın Azərbaycanla yeni saziş imzalamağa hazırlaşdığını bildirdi. O, imzalanması planlaşdırılan sənədin surətini yayımlamaqla informasiya bombası partlatdı. Baş naziri satqınlıqda ittiham edən Minasyan müqavilə ilə Qazaxın işğal altındakı 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağını iddia edib.
Təbii ki, sənədin surətinin yayımlanması erməni ictimaiyyəti tərəfindən xoş qarşılanmayıb. Nazirlər Kabinetinin binası qarşısına toplaşan radikallar razılaşmanın heç bir halda imzalanmamasını tələb ediblər. 

Bəs “torpaq güzəşti” deyildikdə nəzərdə tutulan kəndlər hansılardır? Qarabağdan kənarda yerləşən bu ərazilər necə oldu ki, erməni tapdağı altına düşdü? 

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayaraq, digər bölgələri də əhatə edib. Dağlıq Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən, artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalıb. Həmin dövrdə Sovet hökumətinin qərarına əsasən, Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alınıb. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qalır. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırımına ideal şərait yaradır. 

 

Həmin kəndlər bunlardır: Bağanis Ayrım - Coğaz çayının sahilində yerləşir.

Keçmiş adı Seyid Ayrımdır. Yaşayış məntəqəsi ayrımların Seyidli qoluna mənsub ailələrin keçmişdə mövcud olan Bağanis kəndi yaxınlığında salındığı üçün belə adlandırılıb. Seyidlilər 19-cu əsrin əvvəlində 108 ailədən ibarət tayfa olublar. Toponim “Bağanis kəndi yaxınlığındakı Ayrım kəndi” mənasında işlədilir.

 

Xeyrimli - Gəncə-Qazax düzənliyində yerləşir. Keçmiş tam adı Dil Xeyrimlidir. Toponim Xeyrimli tayfasının adından götürülüb.

 

Barxudarlı – dağətəyi ərazidədir. Kəndi Barxudarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanıb. Nəslin adı fars dilindəki bərxurdar - “arzusuna yetişən, xoşbəxt” sözündən əmələ gəlib.

Sofulu – yaşayış məntəqəsinin adı əvvəllər Zəngəzur və Qazax qəzalarında yaşayan kəngərlilərin Sofulu tayfasının adı ilə bağlıdır.
 

Yuxarı Əskipara – dağətəyi ərazidədir. Keçmiş adı Əskipara adlanır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılır. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır.

 

Qızıl Hacılı - yaşayış məntəqəsinin adı Qızılhacılı tayfasının adından götürülüb.

 

Aşağı Əskipara - yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağının ətəyindədir. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasını daşıyır.


Naxçıvanın isə bir kəndi 31 ildir ki, işğaldadır.

 

Kərki - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biri sayılır. 1990-cu ilin Yanvarında ermənilər tərəfindən işğal edilib. 

 

Qazaxın 7 kəndinin sahəsi 89,8 kvadrat kilometr, Naxçıvanın Kərki kəndinin sahəsi isə 19 kvadrat kilometr təşkil edir.

Beləliklə, sərhədlərin demarkasiyası və delimitasiyası barədə müqavilə imzalanarsa, Azərbaycan toplam 108,8 kvadrat kilometr ərazisinə nəzarəti yenidən qaytarmış olacaq.

 

Politoloq Tofiq Abbasov da Modern.az-a danışaraq işğal altındakı kəndlərin qaytarılması perspektivinə toxunub. Onun sözlərinə görə, müharibədə qalib tərəf həmişə şərtləri təyin edir:

“Bizə lazımdır ki, Ermənistan səhv siyasətindən əl çəksin. Bunu etsə, özü udacaq, etməsə biz onların cavabını verəcəyik. Üç tərəf artıq danışıb, razılığa gəlib. Paşinyan da bununla demək olar, öz qələbəsini əldə edə bilər. Eyni zamanda Azərbaycan qarşısında öz öhdəliklərini yerinə yetirə biləcək”.

 

"Bəyanatda əsas məsələ isə Azərbaycanın maraqlarının təmini olacaq. Hazırda Azərbaycanın istədikləri Zəngəzur dəhlizinin açılması, Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qaytarılması, Qarabağdakı ermənilərin tam tərk-silah olunması, Ermənistandan Azərbaycan torpaqlarına “hərbi xidmətə” kimsə göndərilməməsidir. Paşinyan özü də çıxışında bu məsələlərin həllinin olacağını bildirir. Sadəcə, Azərbaycan bu prosesi tələsdirmir. İndi biz başa düşürük ki, Paşinyanın vəziyyəti ölkəsində ağırdır və humanitar məsələlərin həllində ləngiyir. Amma onlar da bilirlər ki, həmin kəndlərin erməni sakinləri ölkələrinə qaçqın kimi qayıdacaq. Paşinyanın da indi elə bir gücü yoxdur ki, əhalinin maraqlarını təmin etsin. Ancaq artıq biz deyə bilərik ki, bu məsələ öz həllini tapıb, onun reallaşmasına isə bir az zaman qalıb”,- deyə T.Abbasov bildirib. (Modern.az)


Geri dön