Ana Sayfa > Karusel / Dünya / Qarabağ > Meksika radiosunda ərazilərimizin azad edilməsi barədə məlumat verilib

Meksika radiosunda ərazilərimizin azad edilməsi barədə məlumat verilib


21-05-2021, 09:14. Yazar: Admin

 

Meksika radiosunda ərazilərimizin azad edilməsi barədə məlumat verilib

Meksikanın geniş dinləyici kütləsinə malik “Imagen Radio” radiosunda Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və nəticələri, 30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizin azad edilməsi və hazırda burada ölkəmiz tərəfindən aparılan yenidənqurma işləri haqda tanınmış aparıcı Fransisko Zeaya müsahibəsi efirə gedib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Qarabaginfo.az -a verilən məlumata görə, müsahibədə 1991-94-cü illərdə Ermənistanın Azərbaycan ərazisinin beşdə birini işğal etdiyi, burada etnik təmizləmə apararaq 1 milyona yaxın soydaşımızı öz yurdlarından qovduğu, işğalçı dövlətin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymaması və destruktiv mövqe tutması səbəbindən münaqişənin danışıqlar yolu ilə həlli istiqamətindəki bütün səylərimizin nəticəsiz qaldığı bildirilib.

Ötən ilin sentyabr ayında erməni tərəfinin növbəti dəfə hərbi təxribata əl atdığı, bununla əlaqədar silahlı qüvvələrimizin apardığı əks-hücum əməliyyatları nəticəsində ərazilərimizin geniş hissəsinin azad edildiyi və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatı ilə Ermənistan silahlı qüvvələrinin qalan ərazilərimizdən çıxarıldığı məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərdə yaşayış infrastrukturunun tamamilə dağıdıldığı, burada ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyi, bu xüsusda məscid, kilsə, muzey və digər dini-mədəni abidələrimizin erməni vandalizminə məruz qaldığı, Azərbaycanın bu dağıntılarla bağlı beynəlxalq qurumlara müraciət edəcəyi, hazırda isə həmin abidələrin bərpası üzərində çalışdığı deyilib.

İndiki mərhələdə başlıca məqsədin məcburi köçkünlərimizin öz torpaqlarına qaytarılması olduğu bildirilib, bunun üçünsə bölgədə yaşayış infrastrukturunun yenidən inşa edilməsi, habelə Ermənistan tərəfindən bu ərazilərdə kütləvi şəkildə basdırılmış və hələ də yerləşmə xəritələrini verməkdən imtina etdiyi minalardan təmizlənməsi gərəkdiyi qeyd olunub.

Regionda davamlı sülhün şərtləri ilə bağlı suala münasibətdə Azərbaycanın daim sülh tərəfdarı olduğu, qonşularına qarşı heç bir iddia ilə çıxış etmədiyi və bütün dünyada çoxmədəniyyətlilik ənənələri ilə tanındığı, bu xüsusda Roma papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı, Ermənistanda isə mövcud olan qisasçı qüvvələrin ərazi iddiaları və nifrət ritorikasını davam etdirdiyi, bu baxımdan regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün bu ölkənin öz təcavüzar siyasətindən əl çəkməli və əhalisini sülhə hazırlamalı olduğu deyilib.

Sonda Azərbaycanla Meksika arasında ikitərəfli əlaqələrin inkişafı, siyasi, mədəni, təhsil, parlamentlərarası və iqtisadi-ticari sahələrdə əməkdaşlıq imkanları haqqında məlumat verilib. (Report)


Geri dön