Ana Sayfa > Karusel / Gündəm > DSX əməkdaşlarının ölümü ilə bağlı cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub

DSX əməkdaşlarının ölümü ilə bağlı cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub


17-05-2021, 10:33. Yazar: Admin

 

#

 


Dövlət Sərhəd Xidmətinin (DSX)əməkdaşlarının öldürülməsi və qanunsuz narkotik maddələrin ölkə ərazisinə keçirilməsi ilə başlanan cinayət işinin istintaqının aparılması Baş prokurorun göstərişi ilə Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.

Qeyd edək ki, mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.

Keçirilən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram marixuana və 95 qram metamfetamin, güclü təsir edən maddə olan 17715 ədəd preqabalin həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.

İstintaq zamanı Bərgi Həsənəli Novruz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi Baş Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Geri dön