Ana Sayfa > Karusel / Qarabağ > "Cıdır düzündə torpağı öpəndə elə bildim ki, Şəhidlərimizin ayağının altından öpürəm..."
"Cıdır düzündə torpağı öpəndə elə bildim ki, Şəhidlərimizin ayağının altından öpürəm..."15-05-2021, 09:18. Yazar: Admin |
“Hamı mənim Şuşaya getməyimə sevinir, necə ki, mən sevinirəm. Allaha qurban olum, yenidən Şuşanı görməyi mənə nəsib etdi. Necə hisslər yaşadım?! Şuşaya girəndə dolama yol ilə dağlarla qalxanda özümdən asılı olmadan başladım Şuşanı sakitcə əzizləməyə. “Canım Şuşam”, “Torpağlarına qurban olaram”, “Gözəl Şuşam” kimi sözləri elə bil ki, bir insana deyirdim, insanla danışırdım. Mayın 12-si anamın doğulduğu gün idi, anam Şuşa deyə-deyə dünyadan köçmüşdü, sanki ruhu orada idi, mən həmin gün mayın 12-nə keçən gecə Şuşaya daxil oldum. Ramazan bayramı günü Cıdır düzündə oldum. Özümü narahat sevincli hiss edirdim. Birinci gəlib Cıdır düzündə torpağı öpdüm, çünki o torpağda şəhidlərimizin ayaq izləri, çəkdiyi əzab-əziyyətlərinin nişanələri var idi. Elə bildim ki, onların ayağının altından öpürəm. Torpağı əlimə alıb Allaha şükür etdim ki, məni yenidən bu yerlərə gətirdin. Şuşanın ətri mənə görə, bütün Şuşalılara görə başqa bir şeydir. İnsan necə öz evində rahat olur? Bax ora da mənə elə gəldi. Düzdü, Bakıya da alışmışıq, 30-ildən çox yaşamışıq, amma həmişə mənə elə gəlirdi ki, qonağam. Ürəyimdə ermənilərə çox lənət yağdırdım. Allaha yalvardım ki, onların bəlasını ver ki, bizi 30 ildir bu torpağa həsrət qoyublar! Bir arzum var, insanlar bu dünyada heç nəyə həsrət qalmasın! Həsrət qalmaq ən ağır şeydir. Qarabağda toy-düyünlər olsun, oğlanlar evlənsin, gəlinlər köçsün, hər yandan uşaq səsi gəlsin. Yenə də o küçələr qar-qar qaynasın”
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova bildirib.
Sənətkar daha sonra səfər təsüratlarını bölüşməyə davam edib.
“Şuşanı gəzdim, baxdım, dolandım. Gedib gəlmişəm hələ də gözlərimə inana bilmirəm. Sağ olsun cənab prezidentimiz, Allah ona uzun ömür-can sağlığı versin. Doyunca ağladım da, gülümsədim də, sevindim də. Mən Allahın yaratdığı möcüzələrə inanıram. Allah təala o möcüzələri insanları sevindirmək üçün yaradır. Bu bir möcüzə idi! Hələ də sevinirəm. Mənə Şuşadan videolar göndərəndə oranı başqa cür təsəvvür edirdim. Amma getdim öz gözümlə gördüm. İcra Hakimiyyətindən yuxarı olan məhəllələrdə əməlli başlı iş gedir. Hər yer təmir olunur, yenidən qurulur, qaynayır. İnsan qürur hissi keçirmədən gəzə bilmir Şuşanı. Mənə elə gəldi ki, Şuşa sanki sevinir. Harda ki, insanlar gəzir, o küçələr öz-özünə böyüyür. Mən sevimli həmkarım, gözəl sənətkar Həmidə Ömərova ilə bir otaqda qaldım. Çox sevindim, çünki özü də bilir ki, mən onu nə qədər çox istəyirəm. Şuşa hələ işğaldan azad olunmayanda Həmidə dedi ki, heyf, mən heç vaxt Şuşada olmamışam. İndi qismət elə gətirdi ki, biz cüt getdik. Mən Həmidə Ömərovanı Şuşada o qədər gəzdirdim ki, o dedi ki, elə bil mən Şuşada doğulmuşam, artıq Şuşanı tanıyıram. Mən qapalı məkanlara, içəriyə girmək istəmirdim, Şuşanın havasını içimə çəkirdim. Çünki yay-qış burada pəncələrim açıq olurdu. Orada hamı üşüyürdü məndən başqa. Mənə də deyirdilər ki, sənə soyuq olar. Onlara deyirdim ki, siz bilmirsiz, mən burada böyümüşəm, mənə belə xoşdur. Az bir müddətdə təşkil olunmasına baxmayaraq Xarıbülbül festivalı çox gözəl və möhtəşəm keçdi. Əsl Şuşaya, Qarabağa yaraşan ab-hava var idi. Mən möhtərəm prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev fondunun bütün işçilərinə təşəkkürümü bildirirəm. Fondun gənc işçiləri var idi orada, bir bilsəniz bizim qulluğumuzda necə dayanırdılar? Məni Şuşaya aparmaqla dünyanın ən xoşbəxti etdilər. Bundan sonra heç yerə getməsəm də bu səfər mənim ömrümün axırına kimi bəsimdir” deyə xalq artisti bildirib.
“Doğulub boya-başa çatdığınız evə getdiniz?”- sualına xalq artisti bu cür cavab verib.
“Xeyr, evimizə getmədim. Çünki evimizi mənə bəlkə bir 50 dəfə çəkib göndəriblər, canlı yayım vasitəsilə göstəriblər. Bilirəm ki, nə vəziyyətdədir. Məhəlləmizə getdim, artıq hava da qaralırdı. Bu tədbir iki gün olduğuna görə həm vaxt az idi, həm də biz Həmidə xanımla ikimiz idik, mütləq yanımızda kimsə olmalı idi. Ona görə də dedim ki, eybi yox. Küçəmizə ayaq basdım, yaxına gedə bilməsəm də uzaqdan evimizi gördüm. Həm də özümü narahat hiss edirdim, çox həyəcan keçirmişdim. Hətta məhəlləmizdən qayıdandan sonra orada qaldığımız otağa girib xəlvət hönkürüb ağladım. Heç kim göz yaşlarımı görmədi. Konsertdə ulu öndərimizin köhnə səs yazısını, çıxışını eşidəndə atam, anam hamısı yadıma düşdü. Valideynlərim ümid edirdi ki, Heydər Əliyev hakimiyyətə gələndə biz Şuşaya qayıdacağıq. Hər şey yadıma düşdü. Eləcə də minlərlə atam-anam yaşında olan insanlar. Hamısının ruhu şad oldu. Ürəyimdən gəldi və var gücümlə qışqırdım ki, yaşasın Azərbaycan, yaşasın prezidentimiz, gözəl Şuşa, qəşəng Şuşa! Nə edim, sevincimi bölüşmək üçün bütün vasitələrə əl atırdım. O vaxt demişdim ki, Şuşa azad olunanda gedib mədəniyyət evinin qabağında ayaqyalın rəqs edəcəm. Amma halbuki mədəniyyət evi yerli-dibli yox idi. Həm də mənim rəqs etməyə əlim də gəlməzdi. Amma sevinc, qürur, bir də fəxr edirdim ki, mən Azərbaycanlıyam və Şuşada doğulmuşam” deyə aktrisa bildirib.
Geri dön |