Ana Sayfa > Karusel / Dünya > Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı

Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı


14-05-2021, 19:16. Yazar: Admin
Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı

İsraillə Fələstinin Qəzza sektoruna nəzarət edən HƏMAS qruplaşması arasında müharibənin dördüncü günü döyüşlərin miqyasına və dağıntılara görə ən şiddətli olub.

Qarabaginfo.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin eyni vaxtda 160-a qədər təyyarəsi Qəzzada HƏMAS-ın yeraltı tunellər şəbəkəsinə kütləvi aviazərbələr endirib. İndiyədək İsrail-Fələstin qarşıdurmalarında heç vaxt bu qədər döyüş təyyarəsi eyni vaxtda havaya qaldırılmamışdı.

 

İsrail ordusunun rəsmi məlumatında deyilir ki, təxminən 40 dəqiqə davam edən hava kampaniyası zamanı Qəzzanın şimal hissəsinə 450-dən çox raket buraxılıb. Hücumların hədəfi HƏMAS-ın “strateji aktivi” hesab edilən yeraltı tunellər şəbəkəsi olub. Eyni zamanda HƏMAS lideri İsmayıl Haniyənin evi də daxil olmaqla hərəkatın hərbi-siyasi qanadının liderlərinin evləri, qərargahları, yeraltı raket anbarları, raket hazırlama sexləri və digər hədəflər vurulub.

 

Hava zərbələrinə əlavə olaraq İsrail tankları, artilleriya silahları və piyadaları Qəzza ilə sərhəddən HƏMAS hədəflərinə intensiv atəş zərbələri endiriblər. İsrail ordusu bildirir ki, yerüstü qüvvələr Qəzza sektorunun sərhədlərini keçməyib. Həmlə zamanı cəmi 500-dən çox artilleriya mərmisi atılıb.

Qəzza sektoruna nəzarət edən HƏMAS hökumətinin səhiyyə rəsmiləri çoxsaylı yaralıların və ölənlərin olduğunu bildirir. Bu günə qədər 149 nəfərin həlak olduğu təsdiqlənib. Ötən gecə xəstəxanalara çoxsaylı yaralılar daxil olub. Qəzza sakinləri ötən gecə baş verənləri “cəhənnəm gecəsi” adlandırırlar və sosial şəbəkələrdə yazırlar ki, hələ İsrailin bu miqyasda hücum həyata keçirdiyini görməmişdilər.

 

 

HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadasının rəsmisi Əbu Ubeydə bildirib ki, İsrail ordusunun bu nümayişkarənə hücumu Qəzzada mümkün qədər çox dağıntı törətməkdir.

HƏMAS lideri İsmayıl Xaniyənin hazırda öz qohumları ilə birlikdə Qətərdə olduğu bildirilir. İsrail aviasiyası onun Şati qaçqın düşərgəsi yaxınlığındakı evini darmadağın edib. Bildirilir ki, İsrail ordusu əvvəlcə tankların və zirehli transportyorların köməyi ilə HƏMAS-ın müşahidə qruplarını döyüşə cəlb edib. Onlar azacıq fəallıq göstərən kimi yerlərini bəlli ediblər və havadan İsrail qırıcılarının raket zərbələrinə məruz qalıblar.

HƏMAS da İsrail ərazisinə raket zərbələri endirməkdə davam edir və son məlumatlara görə, indiyədək 2 minə yaxın raket atılıb. Onların çoxunu raketdən müdafiə sistemi zərərsizləşdirib, bir çox raketlər isə hədəfə çatmayıb, ya Qəzza ərazisinə, ya da İsraildə çöllük ərazilərə düşüblər. Ötən gecə HƏMAS 220 kilometr mənzilli “Ayyaş” raketləri ilə İsrailin Eylat aeroportunu da hədəf almağa çalışıb, raketlər zərərsizləşdirilib. (Virtualaz.org)

 


Geri dön