Ana Sayfa > Karusel / Gündəm > Dövlət başçısı: “Biz Cıdır düzündə musiqi bayramını, birlik bayramını, qayıdış bayramını, ləyaqət bayramını qeyd edirik”

Dövlət başçısı: “Biz Cıdır düzündə musiqi bayramını, birlik bayramını, qayıdış bayramını, ləyaqət bayramını qeyd edirik”


12-05-2021, 15:41. Yazar: Admin

#

 


“Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik”.

Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən “Xarıbülbül” festivalının açılışında deyib.

Dövlət başçısı bildirib ki, biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq: “Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. Şəhərdə bərpa işləri başlayıb, mən qeyd etdim ki, Yuxarı Gövhərağa məscidi artıq təmir olunubdur. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada mən Şuşa məscidinin bənzəri olan məscidi tikdirdim. O vaxt məscidin açılışında demişdim ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu”.

Prezident deyib ki, ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi: “Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”


Geri dön