Ana Sayfa > Karusel / Siyasət > "Turqut Özal mənim o xahişimi nəzərə aldı və Azərbaycana...”

"Turqut Özal mənim o xahişimi nəzərə aldı və Azərbaycana...”


4-05-2021, 15:42. Yazar: Admin
“İstanbula Nazirlər Kabinetinin sədri kimi gedərkən Türkiyə rəhbərliyi məni Prezident kimi qarşıladı. Bəxtiyar Vahabzadə bundan vəcdə gəldi...”
 
“Mənim mərhum Turqut Özalla birgə saytınızda da oxuculara təqdim etdiyiniz  fotolar çox maraq kəsb edir. Ölkəmizin, xalqımızın tarixi üçün böyük əhəmiyyəti olan belə məqamlara vaxtaşırı yer ayırdığına görə Moderator.az rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Bəhs etdiyimiz görüntülər ilk növbədə bizə hər bir keçmiş müttəfiq respublika kimi, Azərbaycanın da  yeni dövrün tələblərinə uyğun olaraq islahatlara baş vurmalı olduğu o dövrün mürəkkəbliyini xatırladır”. 
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov dilə gətirib.
 
“Onu da vurğulamaq gərəkdir ki, o zaman uzun illərdən sonra birbaşa qonşuluq münasibətlərimiz yenidən bərpa olunmaqda olan qardaş Türkiyə Azərbaycana çox böyük maraq göstərirdi. SSRİ-Türkiyə əlaqələri çərçivəsində qurulan bu maraq  o dövrün dinamikasını nümayiş etdirirdi. Bu haqda türklərin özləri də danışırdı. Bu  barədə SSRİ rəhbərliyi səviyyəsində, eləcə də digər müttəfiq respublikalarda da söhbətlər gedirdi. O dövrdə Qara dəniz ölkələri təşkilatının tədbirləri də digər respublikalarla yanaşı, Azərbaycanda da xüsusi maraq doğururdu. Ona görə ki, söhbət yaxın qonşumuz olan qardaş Türkiyə ilə də qurulacaq sıx əməkdaşlıqdan  gedirdi. Türkiyənin özündə də ictimaiyyət o vaxtkı sovet respublikalarında və xüsusən də Azərbaycanda yenidənqurma islahatlarının hansı istiqamətdə gedəcəyi ilə ciddi maraqlanırdı”- sabiq dövlət başçısı belə deyib. 
 
Eks-prezident Türkiyənin mərhum Prezidenti Turqut Özalla İstanbuldakı ilk görüşlərindən də danışıb.
 
“Hələ 1990-cı ilin yanvarında Azərbaycan Nazirlər Kabinetinin sədri kimi ilk dəfə təyyarə ilə İstanbula enərkən həmin marağın gücünü və artıq yeni bir dövrün başlandığını əyani olaraq hiss etdim. Təyyarəmiz  enişə hazırlaşanda məlumat verildi ki,  bizi  Türkiyənin iki qırıcı təyyarəsi  müşayiət edəcək. Türklər bizi çox təntənə ilə pişvazladı. O zaman baş nazir səviyyəsində olsam da,  Türkiyə rəhbərliyi məni prezident kimi qarşıladı. Belə istisnalar yalnız çox yaxın, mehriban münasibətlərdə olan dövlətlərə qarşı edilir. Bütün bunları görən rəhmətlik Bəxtiyar Vahabzadə vəcdə gələrək pıçıltı ilə  soruşdu ki, Ayaz müəllim, bizi çox gözəl qarşılayırlar, ancaq xahiş edirəm, siz mənə söyləyin, biz də Azərbaycanın müstəqilliyini görə biləcəyik, yoxsa, yox. Cavab verdim ki, Bəxtiyar müəllim, səbirli ol, tələsmə, hər şeyin vaxtı var, inşallah, biz də müstəqil olacağıq...
Rəhmətlik Turqut Özalla elə ilk görüşdən aramızda isti münasibətlər yarandı. Bunun da səbəbi o idi ki, hər ikimiz o zaman Türkiyə və Azərbaycanın gələcək taleyi ilə bağlı qarşımızda duran vəzifələri gözəl anlayırdıq. Turqut bəyin bir siyasətçi kimi ustalıq və bacarıqları özünü o günlər Türkiyənin iqtisadiyyatının inkişafı barədəki xoş xəbərlər də nümayiş etdirirdi. O zaman bu, “Türk iqtisadi möcüzəsi” adlanırdı və artıq keçmiş SSRİ-də də Özalın ideyalarını tətbiq etməyə çalışırdılar. Bu məqam da mənim Türkiyə Prezidenti ilə münasibətlərimdə böyük rol oynayırdı. Və həmin münasibətlər artıq yaxın yoldaş, dost münasibətləri kimi özünü büruzə verməyə başlayırdı... 
 
Yadımdadır ki,  İstanbuldakı görüşlərimizdən  birində Turqut Özalın kabinetində  bir sıra məsələləri müzakirə edən zaman diqqət etdim ki, o, danışa-danışa əlindəki televizor pultunu idarə edir və iqtisadiyyat, maliyyə xəbərləri gedən kanallara xüsusi maraq göstərir. Onun ölkə Prezidenti kimi birja hesabatları və digər maliyyə göstəricilərini nəzarətdə saxlamağı zəruri hesab etdiyi aydın görünürdü. Mən bir məqam tapıb Turqut bəyə dedim ki, sizin televizor pultunuzun çox sayda kanal və proqramları əhatə etdiyini görürəm. Təəssüf ki, Bakıda bizim belə imkanlarımız yoxdur. Və qardaş kimi sizdən xahiş edərdim ki, Azərbaycanda da müasir telekomunikasiya sisteminin tətbiqi üçün ləvazimatlar və bir də peyk telefon stansiyası bağışlayasınız. Biz bunu  bu gün ağır iqtisadi-siyasi durumda olan Azərbaycan üçün böyük hədiyyə hesab edərik. Turqut Özal mənim bu xahişimi nəzərə alaraq  Azərbaycana türk mütəxəssislərdən ibarət bir qrupun ezam olunması haqda göstəriş verdi. Və 1991-ci ilin martında Türkiyə Prezidenti Azərbaycana səfəri zamanı Bakıda ilk müasir telekommunikasiya stansiyasının təntənəli açılışında lenti özü kəsdi...”- deyə  Ayaz Mütəllibov xatırlayıb. 

Geri dön