“Ötən il Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar aparılan əməliyyatların 7-10 iş günü ərzində başa çatdırılması nəzərdə tutulub”.
"Qarabaginfo" xəbər verir ki, bunu "Apa.az"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə mütəxəssisi İdris İsmayılov deyib.
O bildirib ki, partlayış baş verəndən sonra ANAMA-nın şəxsi heyəti əraziyə cəlb olunub: “Bununla bağlı Xızıda operativ qərargah yaradılıb. Qərargahda Fövqaladə Hallar Nazirliyi (FHN), Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları və Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nümayəndələri fəaliyyət göstərirlər. İlkin olaraq, ərazi ANAMA-nın tədqiqat qrupu tərəfindən tədqiq edilib, ərazidə sursatların yayılma arealı müəyyənləşib.
Onun sözlərinə görə, 124 iş günü ərzində yoxlama işləri aparılıb. Bu vaxta kimi 96 milyon kvadrat metr ərazi yoxlanılıb, 25 mindən çox partlamamış hərbi sursat aşkarlanıb.
ANAMA-nın mütəxəssisi qeyd edib ki, əməliyyatlar aparılan zaman Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Şurabad və Yeni Yaşma kəndləri ərazisində məktəblər və xəstəxanalarda, insanların kütləvi toplaşdıqları ərazilərdə Agentlik tərəfindən maarifləndirmə işi aparılıb: “Əraziyə yayılmış sursatların şəkilləri insanlara paylanılıb ki, bu kimi sursatlar, partlayıcı elementləri gördükləri an dərhal ANAMA-ya, Fövqaladə Hallar Nazirliyinin “112” və Daxili İşlər Nazirliyinin “102” qaynar xidmətlərinə məlumat versinlər. Bu vaxta kimi ANAMA-nın əməkdaşları tərəfindən 10000-dən yerli sakinə mina və partlamamış hərbi sursatlara qarşı təhlükəsizliyə dair maarifləndirmə işi aparılıb”.
Hazırda əməliyyat işləri dağlıq ərazilərdə davam etdirilir.
Qeyd edək ki, ötən il avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır