Ana Sayfa > Karusel / Təhsil > Çətin test tapşırıqları etiraz doğurdu - “Bu, fəsadlara gətirib çıxara bilər”

Çətin test tapşırıqları etiraz doğurdu - “Bu, fəsadlara gətirib çıxara bilər”


4-05-2021, 14:27. Yazar: Admin
Çətin test tapşırıqları etiraz doğurdu - “Bu, fəsadlara gətirib çıxara bilər”

Ölkə ərazisində 15-30 aprel tarixləri arasında Dövlət İmtahan Mərkəzi tərəfindən orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Lakin görünən odur ki, nəticələr şagird və valideynlər üçün heç də ürəkaçan olmayıb. Belə ki, son bir neçə gündə sosial şəbəkələrdə əksəriyyət imtahan suallarının çətinliyindən şikayətlənir. Valideynlər DİM-in hazırda ölkədəki onlayn təhsilin səviyyəsini nəzərə almadan bu tip suallar tərtib etdiyini vurğulayır.

Qarabaginfo.az xəbər verir ki, mövzu barədə fikirlərini Yenisabah.az-a bölüşən Kamran Əsədov yaranmış problemlə bağlı validenylərin onların kursuna da müraciət etdiyini diqqətə çatdırıb:

“Buraxılış imtahanındakı test tapşırıqlarının çətinliyi ilə bağlı həm valideynlər tərəfindən sosial şəbəkələrdə geniş müzakirələr aparılır, həm də elə bizim mərkəzimizə müraciət edənlər olub. Hər bir imtahandan sonra bu və ya digər yollarla abituriyentlər imtahan suallarını ictimailəşdirməyi bacarıb. Suallar isə ictimaiyyətdə geniş müzakirəyə yol açıb. Hətta 29-30 apreldə imtahan vermiş abituriyentlərin valideynləri böyük etiraz ediblər ki, əvvəlkilərlə müqayisədə suallar daha çətin düşüb. Bu proses 15-16 və 22-23 apreldə də yaşanıb. Yəni validenylər bir gün əvvəl olan sualların daha asan düşdüyünü deyiblər. Halbuki elə ilk gün də uşaqlar sualların çətinliyindən şikayət edirdilər. Pandemiya dövründə dərslər məsafədən təşkil olunduğuna görə, xüsusilə, riyaziyyat fənninin keçirilməsi mümkün olmur, amma bir məsələni də qeyd edək ki, uşaqlar buraxılış və qəbul imtahanlarına orta məktəblərin yox, məhz repititorlar, hazırlıq kurslarının nəticələri ilə giriblər. Hər il belə olur. Tam olaraq nəticələr elan olunduqdan sonra biz onları təhlil edib real vəziyyəti görəcəyik”.

Ekspert hesab edir ki, pandemiya dövründə keçirilən imtahanlarda vəziyyət mütləq nəzərə alınmalıdır:

“Amma etiraf edək ki, pandemiyanın yaxşı tərəflərindən biri də o oldu ki, uşaqlar orta məktəbə getmədilər və hazırlıq kursuna və repetitor yanına getmək üçün kifayət qədər vaxtları oldu. Buna maddi imkanı olmayanlar isə təbii ki, tədrisdən kənarda qaldılar. Ona görə də bütün bu problemlər imtahanda təqdim ediləcək test tapşırığında nəzərə alınmalıydı. Artıq qarşıdan blok imtahanı gəlir və orada riyaziyyat fənni yalnız birinci və ikinci qrupdadır.  Abituriyentlər isə adətən, bu fənlə bağlı əziyyət çəkir və bal itkisi olur. Hesab edirəm ki, burada toplanan balların kompensasiya edilməsi üçün blok imtahanlarında müəyyən qədər test tapşırıqlarını sadələşdirmək lazımdır ki, yekun göstəricilər yaxşı olsun. Biz birdən-birə aşağı nəticə ilə ixtisas seçiminə getsək, bu, fəsadlara gətirib çıxara bilər. Ona görə də birinci mərhələdəki çətinlikləri ikinci mərhələdə müəyyən qədər asan və orta tipli test tapşırıqlarının sayını çoxaltmaqla kompensasiya etmək mümkündür”.


Geri dön