Ana Sayfa > Karusel / Siyasət > "Zəngəzur dəhlizi onsuz da bizi Çinlə bağlayacaq, elə indidən Çin, İndoneziya, Sinqapur şirkətlərinin bazarına girməliyik"
"Zəngəzur dəhlizi onsuz da bizi Çinlə bağlayacaq, elə indidən Çin, İndoneziya, Sinqapur şirkətlərinin bazarına girməliyik"30-04-2021, 15:24. Yazar: Admin |
“Oyunçular artıq aktiv fazaya keçib. Paşinyanın hakimiyyətə gəlməsində əli olan qərb, xüsusilə Fransa və Ermənistanın arxasında olan qərbə aid dövlətlər artıq Paşinyanın yayda keçiriləcək növbədənkənar seçkilərdə 50+1 formatında qalib gəlməsinin təmin olunması zəminində aktiv siyasi addımlar atmağa başlayıblar”
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, jurnalist Orxan Fikrətoğlu deyib. O, Ermənistandakı siyasi hadisələri bu cür şərh edib:
“Mənə elə gəlir ki, üçtərəfli saziş Ermənistanda, ən yeni dönəmdə, son günlərdə yeni fazada təftiş olunmağa başlayıb. Oyunçular artıq aktiv fazaya keçib. Paşinyanın hakimiyyətə gəlməsində əli olan qərb, xüsusilə Fransa və Ermənistanın arxasında olan qərbə aid dövlətlər artıq Paşinyanın yayda keçiriləcək növbədənkənar seçkilərdə 50+1 formatında qalib gəlməsinin təmin olunması zəminində aktiv siyasi addımlar atmağa başlayıblar. Təbii ki, sülhməramlı qüvvələr altında bölgəyə gəlmiş və Ermənistanda həm də öz təsir dairəsində olan, xüsusilə Müdafiə Nazirliyinə aid adamların hakimiyyətə gətirilməsində maraqlı olan Rusiya da açıq aktiv siyasi fazaya keçib. Bunun təzahürü təbii ki, hələ uzun müddət, yəni yay aylarına qədər davam edəcək. Siyasət üçün bu uzun müddət deyil, amma Azərbaycan üçün bu çox mühüm məsələdir. Çünki biz də artıq işğaldan azad edilən ərazilərdə quruculuq işlərini təbii ki, müəyyən sənədlər imzaladıqdan sonra daha arxayın və rahat həyata keçirə bilərik. Yəni ən azı yaya qədər proseslər belə də gedəcək”.
O.Fikrətoğlu Köçəryanın çıxışının populizmdən başqa bir şey olmadığını bildirib:
“Robert Köçəryanın bəyanatı isə seçkilərə ünvanlanan, hesablanmış pafosdan başqa bir şey deyil. Çünki Şuşanın və Hadrutun geri alınması birmənalı olaraq Azərbaycanla müharibədən keçir. Ermənistanın özünün və arxasında duran qüvvələrin, hətta Baydenin genosidi tanıması populuzm ilə bərabər, onların müharibə etmək gücü yoxdur. Rusiya da inanmıram ki, Azərbaycan-Ermənistan konfilikt zonasında yenidən müharibəyə başlamaq istəsin. Yaxud da onun arxasında durmağa çalışsın. Bunun ən görünən sübutlarından biri də yeni olan Tacikistan və Qırğızıstan münaqişəsidir. Bu da təbii ki, Qırğızıstanda olan Amerikanın hərbi bazası ilə eyni zamanda, Rusiyanın Qırğızıstanda olan hərbi kontingenti ilə bağlı məsələdir. Tacikistanın da İrana bağlılığı var və İranın da Zəngəzur dəhlizinin açılmasında əlbəttə ki, maraqlı olmamasıdır. Bütün bu qarışıqlıq fonunda Köçəryanın bəyanatı populizmdi. Amma bununla belə bölgədə gərginlik yaya qədər davam edəcək və ondan sonra düşünürəm ki, bu gərginlik səngiməyəcək. Çünki şəxsən düşünürəm ki, Paşinyan seçkilərdə qalib gələcək, amma yetəri səslə yox. Buna görə də parlamenti idarə edə bilməyəcək. Paralentdə müəyyən gərginliklər yaşanacaq və bu da onsuz da gərgin olan Ermənistan cəmiyyətinə sirayət edəcək. Ermənistan uğrunda Qərblə-Rusiyanın savaşı müxtəlif formatlarda gündəmə gələcək. Ermənistanda vətəndaş müharibəsinin başlamasını istisna etmirəm. Həmin vətəndaş müharibəsinin gərginliyinin Qarabağa keçməsi istisna deyil”.
O.Fikrətoğlu deyib ki, Azərbaycan bu məsələlərə təmkinlə davranmalı və heç bir konfiliktə girməməlidir:
“Bu məsələlərə Azərbaycan təmkinlə yanaşmalıdır. Heç bir hərbi konfiliktə girməməlidir. Quruculuq işlərini sürətləndirməlidir. Ərazilərin minalardan təmizlənməsi ilə bağlı demək istəyirəm ki, bu proses tez bir zamanda həyata keçirilməlidir. Azərbaycan bütün gücünü-qüvvəsini ora sərf etməlidir. Bununla yanaşı, bu işi bacaran Türkiyədən kənar dünya dövlətlərinə də müraciət edə bilər. Mənə elə gəlir ki, burda utancverici heç nə yoxdur. Bu ilk dəfədir başımıza gəlir ki, torpaqlarımızın iyirmi faizini ermənilər öz havadarlarının əliylə minalayıblar. Təbii ki, ermənilərin o qədər minası yoxdur. Onların arxasında duran qüvvələr ərazilərimizi minalayıb. Biz bunu təmizləməliyik ki, yerlərimizə qayıdaq. Düşünürəm ki, çətin də olsa ən azı yayda o yerlərdə azərbaycanlı nəfəsi gəlməlidir və biz bunu hər hansısa bir formada həyata keçirməliyik. Çünki o torpaqların boş qalması Ermənistanda müəyyən fikirlər oyadır və bu da heç də Azərbaycanın xeyrinə olan fikirlər deyil”. O.Fikrətoğlu xarici şirkətlərin Qarabağa cəlb edilməsi məsələsinə də toxunub: Bir də məni təəccübləndirən odur ki, Çinin və Hindistanın şirkətləri Ərəb ölkələrinə böyük investisiyalar axıdırlar. Onların Qarabağa gəlməməsi mənim üçün maraqlıdır. Təbii ki, onlar da sabitliyi, infrastrukturun olmasını gözləyir. Bununla belə məncə, Azərbaycanın iş adamları həmin şirkətlərlə müəyyən razılıqlar əldə etməlidirlər. Çünki əslində elə ipək yolu Çinin layihəsidir. Zəngəzur dəhlizi bizi onsuz da Çinlə bağlayacaq. Elə indidən Çin, İndoneziya, Sinqapur kimi şirkətlərin bazarına girmək maraqlı olardı. Çünki İsrail, İtaliya kimi ölkələr Azərbaycana, Azərbaycan da onlara bəllidir. Amma yeni bir bazara girmək, yeni şirkətlərin Qarabağa dəvət olunması düşünürəm ki, hamıya sərf edərdi”.
Geri dön |