Ana Sayfa > Karusel / Cəmiyyət > Rəsulzadəyə məktub- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

Rəsulzadəyə məktub- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR


31-01-2018, 14:19. Yazar: Admin

Salam Əsrimizin Siyavuşu, böyük demokrat, İstiqlalımızın parlaq ulduzu. Bu gün sənin doğum günündür. Bu il həm də cümhuriyyətimizin yubileyidir. Onu daş-daş, kərpic-kərpic quran kişilərin bayramıdır. Müstəqil dövlətimizin bayramı, 100 illiyidır.

Əlimdə 1919-cu ildə çıxan “Azərbaycan” qəzeti var. O qəzeti mənə Şirməmməd Hüseynov verib. Sizin fanatınız, cümhuriyyət dövrünün araşdırmaçısı, bizim müəllimimiz, sizin kimi fədakar bir insan. Mən o qəzeti Şirməmməd müəllimə qaytarmalıydım, amma qaytarmadım, saxtakarlıq elədim. Bəlkə də ona görə qaytarmadım ki, o qəzetdə sizin imzanız var, yubiley məqaləniz var. Böyük Üzeyir Hacıbəylinin, Xəlil İbrahimin imzası var. Onda siz cəmi 1 yaşı olan cümhuriyyətimizi təbrik edirdiz, indi biz 100 yaşı olan cümhuriyyətimizi bayram etmək ərəfəsindəyik. İlimizi də dövlətimizin başçısı Cümhuriyyət ili elan edib.

Maraqlıdır deyilmi? 1918-ci ildən baxanda 2018-ci il necə görünərdisə, 2018-ci ildən baxanda da 1918-ci il o qədər maraqlı görünür. Daha maraqlısı əlimdəki qəzet, sizin o qəzetdəki imzanızdır. Oğluma göstərəndə elə bildi zarafat edirəm, sizin imzanızla çıxan qəzetin anasının əlində ola biləcəyinə inanmadı. Zarafat deyil, axı aradan 100 illik bir çay axır Məhəmməd Əmin kişi. O çayın şırıltısı mənə Girdmançayın şırıltısını xatırladır. Hansı ki, müstəqil cümhuriyyətimiz süqut edəndə və sən ən yaxın silahdaşınla Lahıca sığınanda, o çayın şırıltasında “Əsrimizin Siyavuşu”nu yazmışdın. Orda göstərmişdin ki, 23 ay ərzində bu gənc dövlət hansı gərəkli işlərə imza atıb, hansı məhrumiyyətlərdən keçib?!

Əlimdəki qəzetdə yubiley məqalənizdə də belə bir məqam var. “Hər nasılsa növzadımız bir yaşına çatdı. Bundan 6 ay əvvəl Azərbaycan Məclisi-Məbusanının açıldığı gün- bir kərə yüksələn bayraq bir daha enməz -demişdim. İçində bulunduğumuz zaman o qədər müşkül və o qədər pərxof idi ki, yüksəltdiyimiz bayrağı pək də yüksəkliyə qaldırmayır, onu yalnız parlaman binasına münhəsir etdirib də “müdara” göstərmək məcburiyyətində qalıyorduq. Bu məcburiyyətdənmüntəsir olan bəzi bədbinlər, hanı yaaa, bir kərə yüksələn bayraq bir daha endiriləməz diyorduz” diyordular. İştə qoy bugünkü gün milli bayraqlara boyanmış Azərbaycan paytaxtı o kibi bədbinlərin qəlbini təsfiyə etsin”Milli bayraqlara boyanmış 1919-cu ilin Bakısını görməyi bütün qəlbimlə necə istərdim bir bilsəniz böyük Öndər. Azərbaycan İstiqlaliyyətinin bir sənəliyi münasibətilə “Dardanel lokantası”nda bu şərəfə badə qaldırar, Sizə ürəkdən təşəkkür edərdim. Amma mümkünsüz. O əsrə, o illərə, Dardanel adlı lokantaya getmək Dardanel boğazına getmək qədər asan olsaydı nə dərdimiz vardı ki? Hər şey sizin həyatınız, ömür yolunuz, yaşadığınız ictimai-siyasi şərait qədər çətindir. Amma əminəm ki, qətiyyən peşiman deyilsiz. Ondan da əminəm ki, bir də doğulsaydınız yenə də belə mübariz, millətini sevən, bayrağını sevən, istiqlal mücahidi olardız.

Bu məktubu ad günün münasibətilə yazdım. Ad günündə giley-güzar etməzlər. Zatən ilimiz Cümhuriyyət ilidir. Gözləyirik ki, mayın 28-nə kimi xatirəniz ən yüksək səviyyədə anılacaq, bəlkə də şəhərin ən görkəmli yerində heykəlin ucaldılacaq, adını Bakı Dövlət Universitetinə qaytaracaqlar. Kim bilir bəlkə məzarını da gətirdilər Bakıya. Heykəlinin başına torba keçirən millətindən, haqqında hərzə-hədyan danışan naqiflərdən-nacinslərdən ürəyin sınıbmı görəsən? İnanmıram. Sənin durduğun ucalıqdan bunlar o qədər xırda, o qədər kiçik görünür ki... Böyük amallar uğrunda vuruşanlar isə kiçik məsələlərlə uğraşmaz.

Əminəm ki, Azərbaycan təkcə doğulduğun yer deyil, Azərbaycan həm də sən DOĞDUĞUN yerdir. O sənin balandır. Balanı isə bütün ərköyünlüklərinə, kötülüklərinə, yamanlarına rəğmən yenə də sevərlər. Sevgin həmişə dərin olsun böyük Məhəmməd Əmin. 134 yaşın mübarək.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist


Geri dön