Ana Sayfa > Karusel / Sosial > Bakıda yeni marşrut xətti təşkil edilib
Bakıda yeni marşrut xətti təşkil edilib17-04-2021, 13:47. Yazar: Admin |
Prezident İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələrdə sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığının icrası çərçivəsində paytaxtın Sabunçu rayonunun Ramana və Sabunçu qəsəbələrini əlaqələndirən yeni - 162 nömrəli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib. Bu barədə Qarabaginfo.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla qəbul edilib. Aparılan təhlillərlə Sabunçu dəmiryol stansiyası – Ramana qəsəbəsi (“Ramana” Yeni Yaşayış Massivi) adlanan ərazidə yaşayan sakinlərin dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin olduğu müəyyən edilib. Aprelin 19-dan istismarına başlanılacaq marşrut xəttinin təşkili sayəsində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış kompleksinin, eləcə də Ramana qəsəbəsi 1-ci Sahə və Südçülük sovxozu adlanan ərazidə məskunlaşan vətəndaşların təhsil, tibb və digər ictimai iaşə obyektlərinə gediş-gəlişi əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Marşrut xətti üzrə gediş haqqı 30 qəpik müəyyən edilib. Paytaxt ərazisində xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, xüsusilə şəhərətrafı ərazilərdə məskunlaşan sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək. (Report) Geri dön |