Kulis.az Arif Gürşadoğlunun şeirlərini təqdim edir.
Dağ çiçəyim
Dağ çiçəyim!
Həyatıma min rəng qatan,
Özü təkcə ağ çiçəyim.
Dağ çiçəyim!
Zərrə qədər
xəyanətim olsa sənə,
Qəbrim üstə
dəstə-dəstə yağ, çiçəyim.
Dağ çiçəyim!
İllər boyu üşüsəm də,
Yaz ətrini duyacağam.
Ömründən kədəri-qəmi,
Ömrüm ilə yuyacağam.
Dağ çiçəyim!
Solmamançün, yağış olub,
Gözlərimdən yağıram mən.
Ləçəklərin məndən küssə,
Bil ki, “daş”dan baxıram mən.
Qəbir - nəzir qutusu
Məzar yerimiz yoxdu,
Qəbir-qəbir ölürük.
Göylər qan ağlıyır, biz
Arsız-arsız gülürük.
Dağlardan endik düzə,
Tanrı mat qalıb bizə,
Yağış deyil bu, göylər
Tüpürür üzümüzə.
Göyqurşağı gəzirik,
Leysanlardan bezirik,
Qəbir-nəzir qutusu
Biz Tanrıya nəzirik...
Arzuları güllələnən uşaqlar
Atası yox, anası yox - yaşadı,
Bir qarnı ac, bir qarnı tox yaşadı,
Arzuları özündən çox yaşadı,
Arzuları güllələnən uşaqlar.
Ah-naləsi Tanrıyacan ucaldı,
Ucaldıqca naləsindən güc aldı,
Uşaq yaşda arzuları qocaldı,
Arzuları güllələnən uşaqlar.
Yurdu yoxdu - qürbət eldə dil açar,
Ay sovuşar, gün çiçəklər, il açar,
Mərmilər də ürəyində gül açar,
Arzuları güllələnən uşaqlar.
Yurd yerləri viran qaldı, köç oldu,
Köçhaköçdə ümidləri heç oldu,
Arzuları-diləkləri puç oldu,
Arzuları güllələnən uşaqlar.
Öləndə kişitək öləsən gərək
Uca zirvələrə ucalmaq üçün,
Ətəyin qədrini biləsən gərək.
Ağrıdan-acıdan sızıldasan da,
Namərd qarşısında güləsən gərək.
Vətəndə Vətənsiz bilinməməkçün,
Tarixdən tarixsiz silinməməkçün,
Düşmən qabağında bölünməməkçün,
Yavan çörəyi də böləsən gərək.
Həsrətlə, kədərlə, dərdlə qoşasan,
Töhmətdən, möhnətdən uzaqlaşasan,
Yurdunla-yuvanla qucaqlaşasan,
Öləndə kişitək öləsən gərək.